İnsanlara hürriyət, millətlərə istiqlal!

Hörmüz böhranı qorxulu ssenarini reallığa çevirir: Avropa ABŞ-a qiyam qaldırdı, "enerji savaşı" başladı

1587 24.06.2026 17:35 Analitika A A

Hörmüz böğazı ətrafında yaranmış hərbi-siyasi böhran qlobal enerji təhlükəsizliyinin, beynəlxalq hüququn və böyük güclər arasındakı yeni geopolitik balansın ciddi şəkildə sınağa çəkildiyi amansız geostrateji qarşıdurma hesab olunur... Və məhz ona görə də, yaxın vaxtlarda Hörmüz boğazı ilə bağlı veriləcək qlobal hərbi-siyasi qərarlar yalnız Yaxın Şərqin deyil, həm də ümumiyyətlə, bütün dünya iqtisadiyyatının gələcək inkişaf trayektoriyasına ciddi şəkildə təsir göstərə bilər...

Yaxın Şərqdə hərbi-siyasi gərginliyin dərinləşməsi ilə yanaşı, dünya iqtisadiyyatının ən strateji ticarət marşrutlarından biri hesab olunan Hörmüz boğazı yenidən qlobal güclərin maraqlarının kəskin şəkildə toqquşduğu əsas geopolitik məkana çevrilməyə başlayıb. Belə ki, Avropa Birliyi ölkələri hazırda Hörmüz boğazı ətrafında yaranmış qəliz vəziyyətə görə məhz ABŞ-ı günahlandırır. Və bu isə onu göstərir ki, Hörmüz boğazı ilə bağlı problemli situasiya artıq yalnız regional təhlükəsizlik deyil, həm də beynəlxalq enerji bazarlarının, eləcə də qlobal ticarət sisteminin gələcək taleyini müəyyənləşdirə biləcək qədər önəmli strateji böhrandır.

Onu da qeyd etmək lazımdır ki, ABŞ-ın dövlət katibi Marko Rubionun bu barədə son açıqlaması Ağ Evin Hörmüz böhranına yönəlik yanaşma tərzini açıq şəkildə ortaya qoyur. Belə ki, onun fikrincə, Hörmüz boğazı beynəlxalq xarakterli su yoludur və heç bir dövlət bu marşrutdan keçən gəmilərdən rüsum, yaxud da ödəniş tələb etmək hüququna malik deyil. Yəni, Ağ Ev administrasiyası beynəlxalq dəniz hüququnun qorunmasının vacibliyini vurğulayaraq, Hörmüz boğazının bütün dövlətlər üçün tam şəkildə açıq qalmalı olduğunu bildirir.

9b77c790-81df-4d5d-a319-a4bf83de1828.jpg (238 KB)

Ancaq bəzi Avropa paytaxtlarında bu qlobal böhran məkanına münasibətdə tamamilə fərqli yanaşma mövcuddur. Belə ki, Almaniyanın müdafiə naziri Boris Pistorius öz açıqlamasında yaranmış böhranın əsas məsuliyyətini məhz ABŞ prezidenti Donald Trampın üzərinə qoyub. Alman siyasətçinin fikrincə, Yaxın Şərqdə baş verən son hadisələr və Hörmüz böğazı ətrafında ümumi situasiyanın ciddi şəkildə kəskinləşməsi nəticəsində qlobal enerji təchizatı böyük risk altına düşüb. Və mövcud  vəziyyətin əsas səbəblərindən biri də məhz Ağ Evin Yaxın Şərq regionuna münasibətdə sərt hərbi-siyasi kurs yürütməsi ilə birbaşa bağlıdır.

Digər tərəfdən, Almaniyanın müdafiə naziri Boris Pistoriusun "Hörmüz boğazının dar keçidində tıxacı yaradan Avropa Birliyi deyil, Ağ Evin sahibidir" ifadəsi isə əslində, “qoca qitə” ölkələri ilə ABŞ arasında son dövrlərdə daha da dərinləşən geopolitik ziddiyyətlərin növbəti açıq təzahürü kimi də qiymətləndirilə bilər. Xüsusilə də, enerji təhlükəsizliyi məsələsində Avropa Birliyi üçün Hörmüz boğazının açıq qalması taleyüklü səviyyədə böyük əhəmiyyət daşıyır. Çünki bütün dünya üzrə ixrac olunan neft məhsullarının və mayeləşdirilmiş təbii qazın əhəmiyyətli hissəsi məhz bu marşrut vasitəsilə qlobal bazarlara çatdırılır.

Maraqlıdır ki, indiki mərhələdə Hörmüz boğazı ətrafında yaranmış mürəkkəb vəziyyət hələ də kifayət qədər müəmmalı xarakter daşıyır. Çünki hazırda əsas cavabsız suallar ondan ibarətdir ki, yaxın gələcəkdə bu strateji iqtisadi-ticari keçidə hansı qlobal güc nəzarət edəcək və həmin nəzarət hansı beynəlxalq hüquqi mexanizmlərə əsaslanacaq. Və mövcud olan bu önəmli qlobal qeyri-müəyyənlik isə hazırda beynəlxalq enerji bazarlarında ciddi narahatlıq qarışıq dalğalanmalar yaradır.

85f81110-b1ac-4e94-9917-c69d749711e5.jpg (151 KB)

Onu da qeyd etmək lazımdır ki, əslində, Yaxın Şərqdə son hərbi qarşıdurmalar başlamazdan əvvəl Hörmüz boğazı daha çox iqtisadi və kommersiya xarakterli beynəlxalq nəqliyyat-kommunikasiya məkanı hesab olunurdu. Bu straterji qlobal marşrut üzrə əsas beynəlxalq prioritet isə birmənalı şəkildə enerji və ticarət axınlarının davamlılığını fasiləsiz şəkildə təmin etməkdən ibarət idi. Halbuki, indi isə həmin qlobal əhəmiyyətli boğaz hərbi-strateji rəqabətin və geopolitik nüfuz savaşının əsas mərkəzlərindən birinə çevrilməyə başlayıb.

Eyni zamanda, mövcud vəziyyət həm də onu göstərir ki, ABŞ, İran, Körfəz ölkələri, Avropa Birliyi, Çin və hətta Rusiya belə, bu geostrateji proseslərdə müxtəlif ziddiyyətli maraqlara sahibdirlər. Hazırda İran üçün Hörmüz boğazı ABŞ və Qərbə qarşı olduqca ciddi strateji təzyiq aləti rolunu oynayır. ABŞ üçün bu qlobal enerji marşrutunun beynəlxalq nəzarət altında saxlanılması dünya üzərində liderlik məsələsi hesab olunur. Çin isə enerji təhlükəsizliyi baxımından, Hörmüz boğazın bağlanmasını özü üçün ən ciddi risklərdən biri kimi qəbul edir. Avropa Birliyinin maraqlarına gəldikdəsə, “qoca qitə” ölkələri Hörmüz boğazının açılmasını tələb edərkən, ilk növbədə qlobal iqtisadi sabitliyin qorunmasına çalışırlar.

13c4e18e-d7bb-4c27-8cf9-6e46b342b2f1.jpg (309 KB)

Göründüyü kimi, Hörmüz boğazı artıq yalnız ABŞ və İran arasındakı hərbi-siyasi qarşıdurmanın predmeti deyil. Çünki bu su hövzəsi üzərində formalaşan geostrateji ziddiyyətlərin doğurduğu nəticələr yaxın gələcək üçün yeni dünya nizamının əsas geopolitik indikatorlarından birinə çevrilməyə başlayıb. Əgər, qarşıduran tərəflər arasında ciddi kompromislər əldə olunmazsa, dünyanın enerji bazarlarında növbəti qiymət sıçrayışları, qlobal inflyasiya dalğası və beynəlxalq ticarət marşrutlarının yenidən formalaşdırılması prosesi qaçılmaz xarakter daşıya bilər.

Bütün bunlardan isə növbəti dəfə belə anlaşılır ki, hazırda Hörmüz boğazı ətrafında baş verənlər sadəcə, regional xarakterli hərbi-siyasi böhran deyil. Yəni, bu, qlobal enerji təhlükəsizliyinin, beynəlxalq hüququn və böyük güclər arasındakı yeni geopolitik balansın ciddi şəkildə sınağa çəkildiyi geostrateji qarşıdurma məkanıdır. Və məhz ona görə də, yaxın vaxtlarda Hörmüz boğazı ilə bağlı veriləcək qlobal qərarlar yalnız Yaxın Şərqin deyil, həm də ümumiyyətlə, bütün dünya iqtisadiyyatının gələcək inkişaf trayektoriyasına ciddi şəkildə təsir göstərə bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

004821fae7991696e809ed2abb664862-1.jpg (115 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR