İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistan silahları “Bayraktar”a qarşı? - Ermənistanın aldığı o sistemlər...

5777 14.11.2023 08:25 Siyasət A A

Ekspert: “Azərbaycan qarşı tərəfin silahlanmasını ciddi şəkildə izləməli və təhlil etməlidir”

Ermənistan Hindistandan PUA əleyhinə sistemlər alacaq. Bu barədə “Eurasian Times” öz mənbələrinə istinadən yazıb.

Qeyd olunur ki, Ermənistan Hindistanın hazırladığı “Zen” əks-PUA sisteminin alınması ilə bağlı müqavilə imzalayıb. Müqavilənin dəyəri 41,5 milyon dollardır. Buraya sistemin alınması və hərbi kadrların hazırlanması üçün vəsait daxildir.

“Zen Technologies” sistemi PUA-ları aşkarlayır və təsnif edir, onların passiv kəşfiyyatını müəyyən edərək İHA-nın rabitə sistemini pozur və təhlükəni aradan qaldırır. Bildirilir ki, şirkətin idarə heyətinin 28 oktyabr 2023-cü il tarixli iclasında Ermənistanda filialın açılması təsdiqlənib.

“Eurasian Times” həmçinin xatırladır ki, 2022-ci ildə Hindistan Ermənistanla “Pinaka” reaktiv sistemi, tank əleyhinə və digər döyüş sursatlarının tədarükünə dair 250 milyon dollarlıq müqavilə imzalayıb.

Bu nə sistemlərdir belə? “Bayraktar”a qarşı nə dərəcədə effektiv ola bilər?

Emin Həsənli: “Bu görüşlər qardaşlığımızın təməlinini daha da  möhkəmləndirir”

Emin Həsənli 

“Tərxis olunmuş hərbçilərin gəncləri maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli Ermənistanın “Bayraktar”lara qarşı alternativ silahlar əldə etməsini tamamilə mümkünsüz sayır: “Ermənistanın 44 günlük Vətən müharibəsində hava sistemi tamamilə sıradan çıxarıldı, havadan müdafiə sistemi darmadağın edildi. Bundan əlavə, böyük silahları da sıradan çıxarıldı. Bunlar müxtəlif qoşun növləri üzrə silahlar idi. Onların bir hissəsi də Bakıda Qənimətlər Parkındadır. Ermənistan ondan sonra Rusiyadan alacağı silahları Hindistan və Fransadan əldə edəcəyini bəyan edib. Artıq Ermənistan hakimiyyəti kursunu dəyişib, qərbyönlü istiqamət götürüb. KTMT-dən çıxmağı, hətta Rusiya hərbi bazalarını ölkədən çıxarmağı qarşısına məqsəd qoyub. Bunlar şoudur. Büdcə olmadan bu qədər silahlar əldə etmək mümkün deyil. Digər tərəfdən, Hindistan silahları o qədər də əhəmiyyətli silahlar sayılmır. Sadəcə, daxili auditoriyanı sakitləşdirmək niyyətindədirlər. Burada həm də Rusiya silahlarına alternativ silahlar tapmaq niyyəti də var. Hindistan Pakistan Azərbaycanla yaxındır deyə Cənubi Qafqazda özünə müttəfiq axtarır. Bununla Cənubi Qafqaza daxil olmaq istəyir. Silah satan hər bir ölkə çalışır ki, yeni-yeni dövlətlərə silah satsın. Burada həm məbləğ önəmlidir, həm də silah satmaq üçün əhatə dairəsi geniş olsun. Amma hesab etmirəm ki, bunlar "Bayraktar"lara alternativ olsun. Getdikcə “Bayraktlar” daha da təkmilləşir. Azərbaycan Türkiyə və İsraildən, eləcə də dünyanın bir sıra ölkələrindən müasir silahlar alır. Bu istiqamətdə də xeyli vəsaitlər xərclənir. Ermənistan, sadəcə, 44 günlük savaşda itirdiyi silahların yerini doldurmaq istəyir. Vaxtında yaxşı xatırlayırsız, hərbi şoular keçirərək, hərbi paradda “İsgəndər” raket komplekslərini təbliğ edirdi. Həmçinin S300-lərin olduğunu bəyan edirdi. Müxtəlif silahlarını da nümayiş etdirirdilər. Eyni zamanda işğal etdiyi ərazilərdə təlimlər də keçirirdilər. Bunların hamısı 44 günlük Vətən müharibəsində sabun köpüyü kimi darmadağın oldu, Azərbaycan Ordusunun taktiki, strateji addımları nəticəsində sıradan çıxarıldı. İndi Ermənistan bunun yerini doldurub, psixoloji cəhətdən həm də məğlub olmuş xalqını toparlamaq istəyir. Eyni zamanda bütün günahları xarici güclərin üzərinə atmaq istəyir. Amma bununla hesab etmirəm ki, nəyəsə nail olsun. Çünki Ermənistanın qonşuluğunda böyük Türkiyə, İran, Azərbaycan kimi dövlətlər var. Ermənistan bu ordunu kimə qarşı qurur? Kasıb Ermənistan üçün bu çox böyük vəsaitdir. Bu ölkə hələ də Qənimətlər Parkında saxladığımız, yəni ruslardan aldığı silahların kreditlərini belə ödəyə bilməyib, Rusiyanın asılılığından asılı qurtulmayıb. Bu ölkənin hələ də xəstə təfəkkürlə yaşaması başadüşülən deyil. Ermənistan heç bir halda güclənib, Türkiyə və Azərbaycana qarşı dirəniş göstərə bilməz. “Bayraktar”lara qarşı alternativ əldə etməsi mümkünsüzdür. Sadəcə, bu cür yollarla özünə zərbə vurur. Hindistan da bir çox şeyləri nəzərə almamış deyil. Bir sözlə, yenə də ortalıqda qalan Ermənistan olacaq".

Səxavət Məmməd – Yeni Çağ Media

Səxavət Məmməd

Hərbi ekspert Səxavət Məmməd istənilən halda Azərbaycanın qarşı tərəfi hər an təhlil etməsini olduqca vacib sayır. O, eyni zamanda bu silahlar barədə maraqlı faktlar açıqladı: “Ermənistan hazırda həm 44 günlük müharibə zamanı itirdiyi texnikaların yerini doldurur, həm də müdafiə qabiliyyətini yaxışılaşdırmaq üçün yeni sistemlər alır. Hazırda dünyada müharibələrdə, xüsusi əməliyyatlarda dronlardan geniş şəkildə istifadə edilir. Onların qarşısını almaq üçün isə antidron sistemləri yaradılır. "Zen" antidron sistemi bu yöndə ən yaxşılarından sayılır. 44 günlük müharibə zamanı Azərbaycan "Bayraktar TB2", "Heron TP", "Hermes 4507", "Sky Striker", "Harop" və yerli istehsal olan dronlardan istifadə etdi. Ermənistan yaşadığı ağır təcrübədən dərs çıxarmaq üçün “Zen” antidron sistemləri tədarük edir. “Zen” antidron sistemi "Bayraktar TB2" ilə qarşılaşa bilən silahlı dron sistemi olaraq təqdim edilir. Bu sistem avtomatik pulemyot və ya minaatanla təchiz olunub, 10 km radius məsafəsində fəaliyyət göstərə bilir, real vaxt rejimində təsviri ötürməyə qadirdir, xüsusi çevik və avtomatik atəş mexanizminə malikdir. “Zen” antidron sistemi "Bayraktar TB2"dən daha az məsafə və hündürlüyə malikdir, lakin daha geniş çeşiddə silahlarla təchiz oluna bilir. “Zen” antidron sistemi hündürlük və məsafə baxımdan “Bayraktar”dan geri qalır. Bu baxımdan, “Zen” sistemləri "Bayraktar TB2" və digər dornlara qarşı yaxın məsafədə effektiv ola bilər. Hündürdən uçmaq və uzaq məsafədən zərbə endirmək qabiliyyəti "Bayraktar TB2"ni “Zen” antidron sistemindən üstün edir.

Hesab edirəm ki, “Zen” antidron sistemi nəzəri baxımdan "Bayraktar TB2"nin qarşısına çıxara biləcək bir silahlı dron sistemi olaraq effektli ola bilər, ancaq real müharibə şəraitinin nəticələrinə baxmaq lazımdır.

Düşünürəm ki, Azərbaycan qarşı tərəfin silahlanmasını ciddi şəkildə izləməli və təhlil etməlidir. Görünən odur ki, Ermənistan 44 günlük müharibənin təhlilini aparıb və dərslər çıxarıb".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR