İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistan da Ermənistanda baza qurmaq istəyir - Rusiya gör nə günə qaldı...

1871 04.11.2023 15:18 Dünya A A

Səxavət Məmməd: “Regionda Fransa və Hindistan hərbi bazası qurularsa, bu, ciddi gərginlik yaradacaq”

Xəbər verildiyi kimi, Hindistan ordusunun istefada olan generalı Aşok Kumar Ermənistana təkcə peşəkar hərbi təlimatçıların deyil, həm də məhdud hərbi kontingentin göndərilməsini təklif edib. Bu barədə o, “Firstpost.com” saytında dərc olunan məqaləsində bildirib.

Kumar yazıb ki, Bakı ilə İrəvan arasında sülh sazişinin qaçılmaz olmasına baxmayaraq, Ermənistanın milli maraqlarını qorumaq üçün güclü orduya ehtiyacı var və Hindistan bu işdə “ən səmərəli şəkildə” kömək etməyə hazırdır: “Silahlı qüvvələrin strukturu, təşkili, komandanlıq və nəzarət sistemi, hərbi əməliyyatların texnikası, doktrinası və taktikası, eləcə də ordunun ruhu daha önəmlidir. Bəlkə də bu səbəblər Ermənistanın 1994-cü ildə başa çatan Birinci Qarabağ müharibəsində qalib gəlməsini şərtləndirmişdi. Ona görə də Ermənistanın müdafiə qüvvələrinin güclü və zəif tərəflərini yenidən qiymətləndirməsi zəruridir. Bu, onlara təkmilləşdirməyə ehtiyacı olan sahələri müəyyən etməyə kömək edəcək. Yaxşı olar ki, Ermənistan hansısa etibarlı ölkənin köməyindən öz müdafiə qüvvələrini gücləndirmək, o cümlədən onları döyüşə hazır vəziyyətə gətirmək üçün istifadə etsin. Və Hindistan Ermənistanda “Hindistan Ordusunun Təlim Qrupu (IATT)” yaratmaq üçün seçim ola bilər”.

Kumarın fikrincə, IATT təlimatçılarının Ermənistanda yerləşdirilməsi bir neçə səbəbə görə vacibdir ki, bunlardan biri də Ermənistanın həm Naxçıvan, həm də Azərbaycanın əsas ərazisi ilə həmsərhəd olmasıdır. Ona görə də Zəngəzur dəhlizində hərbi əməliyyatlar başlasa, Ermənistan iki cəbhədə vuruşmalı olacaq: “Dünyada indiki coğrafi münaqişədə Ermənistana kömək etmək üçün Hindistandan yaxşı ölkə ola bilməz”.

Aşok Kumar xatırladıb ki, Rusiya-Ukrayna müharibəsi səbəbindən Rusiyanın silah ixracatı imkanları xeyli azalıb və bu vəziyyətdə Hindistan Ermənistanın müdafiə qüvvələri üçün müdafiə avadanlığının əsas təchizatçılarından birinə çevrilir.

Göründüyü kimi, hindli general Ermənistan üçün həm də hücum ordusu qurmağın vacibliyindən söz açır, hətta bu kontekstdə 1-ci Qarabağ müharibəsində ermənilərin “hərbi qələbəsi”ni onların yadına salır.

Xatırladaq ki, artıq ikinci ildir Ermənistanda Avropa İttifaqının yarım-hərbi missiyası yerləşib. Hər şey qırağa, bəs Ermənistanın faktiki sahibi olan Rusiyanın hindlilərin bu istəyinə reaksiyası necə olacaq?

Onu da yada salaq ki, Rusiya az öncə Ermənistan üçün nəzərdə tutulan 260 milyon dollarlıq Hindistan silah-sursatının öz ərazisindən daşınmana imkan verməmişdi. (Silahlar İran üzərindən daşınıb.)

Hərbi ekspert Səxavət Məmməd mövcud vəziyyətin regionda ciddi gərginlik yaradacağını bildirdi:

sexavet.jpg (81 KB)

“Cənubi Qafqaz uğrunda savaş hər keçən gün bir qədər də artır. Azərbaycan sahədə Ermənistana qalib gəldikdən sonra rəsmi İrəvan fərqli yönlərə üz tutdu. Ermənistan öncə Hindistandan silah almağa başladı, ardınca isə Fransadan.

Fransa artıq Ermənistana hərbi nümayəndə göndərir. Komandanlıq yaradılacaq. Bundan əlavə Fransa rəsmi olaraq Ermənistanda hərbi baza quracağını dilə gətirmişdi.

Hindistanın da eyni addım atması regionu barıt çəlləyinə döndərəcək. Ermənistan kimi kiçik bir ölkənin ərazisində Rusiya hərbi bazası mövcuddur və müqaviləyə görə 2044-cü ilə qədər qalmalıdır. Bunun üzərinə Fransa və Hindistan hərbi bazasının qurulması isə regionda ciddi gərginlik yaradacaq.

Maraqlıdır ki, Rusiya baş verənlərlə bağlı əyani addımlar atmır. Rusiya sadəcə olaraq xarici işlər naziri və mətbuat səviyyəsində reaksiyalar verir. Açıq görünən odur ki, Rusiya hələlik informasiya müharibəsi aparmaqdadır. Rusiya hələ Ukrayna müharibəsinə fokuslanıb. Ukrayna tərəfinin hücumları davam etdirə bilməyəcəyini deməsindən sonra Rusiya əks hücumlara start verib. Bundan əlavə Rusiya Yaxın Şərqdə baş verən proseslərdə də aktiv rol almaqdadır. Dolayısı ilə Ermənistan Rusiya üçün 3-4-cü dərəcəli görünür. Ancaq Ermənistan hakimiyyətinə qarşı informasiya müharibəsinin aparılması onu deməyə əsas verir ki, ruslar ikinci dalğaya da start verəcəklər. Hətta ruslar kölgə kabinetini də hazırlayıblar ki, Paşinyan devriləcəyi təqdirdə hakimiyyətdə kimlər təmsil olunacağı qarantiya olsun. Hesab edirəm ki, Paşinyanın devrilməsi o qədər asan olmayacaq, ciddi müqavimətlə üzləşəcəklər. Əgər siyasi gərginlik nəticə verməsə üçüncü dalğa gələcək. Bu isə hərbi gərginlik - yəni müdaxilə deməkdir. İddialar var ki, Rusiya bunu Azərbaycanın əli ilə də edə bilər. Hər halda vəziyyət onu deməyə əsas verir ki, regionda hərbi gərginlik qaçılmazdır”.

Cavanşir ABBASLI,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR