İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və Qərb Kiyevə təzyiq göstərir: Zelenski Ukrayna ərazilərini Rusiyaya verməyə məcbur edilir

924 05.08.2024 19:46 Analitika A A

ABŞ və Qərb əvvəlcə Ukraynanı Rusiya ilə qeyri-bərabər müharibəyə sövq etdi, ardınca vəd etdiyi hərbi yardımlardan tədricən yayınmağa başladı, indi isə onu taleyin ümidinə buraxmağa hazırlaşır... Bu azmış kimi, rəsmi Kiyevə Kreml ilə sülh danışıqlarına başlamağı və Ukrayna ərazisilərini Rusiyaya güzəştə getməyi məsləhət görürlər və bu, Qərb riyakarlığının, etibarsızlığının ən qabarıq örnəyidir...

Ukrayna savaşı ətrafında situasiya qəlizləşnıkdə davam edir. Belə ki, bu savaşın uzadılması və ya dayandırılması ilə bağlı müzakirələr kifayət qədər intensiv xarakter daşıyır. Üstəlik, bu müzakirələr indi daha kəskinləşməklə yanaşı, həm də ciddi ziddiyyətlər də yaratmağa başlayıb. Və bu, yaxın vaxtlarda Ukrayna savaşının hansı istiqamətdə inkişaf edəcəyini müəyyən edə biləcək əsas faktorlardan biri hesab olunur.

Onu da qeyd etmək lazımdır ki, Ukrayna savaşının davam etməsinə və ya dayandırılmasına tərəfdar olan beynəlxalq siyasi iradə mərkəzlərinin hər birisinin xüsusi arqumentləri mövcuddur. Üstəlik, hər iki tərəf özünü haqlı hesab edərək, geri çəkilmək niyyətində olmadığını da açıq-aşkar biruzə verirlər. Və situasiyanın qəlizləşdirən əsas problemlərdən biri də elə bu məqamdır.

8e0da806f444894cbc6834efa44019f9.jpg (156 KB)

Məsələ ondadır ki, Ukrayna savaşının daha bir neçə il uzadılmasının tərəfdarları əmindirlər ki, əgər, bu müharibə dayandırılsa, onda Rusiya qalib statusu qazanacaq. Hərbi qələbə qazanmış Rusiya ilə beynəlxalq məkanda rəqabət aparmaq əvvəlkindən daha çətin olacaq. Kreml dünyanın idarə olunmasında müəyyən üstünlüklər ələ keçirəcək. Və Qərbi gözləyən problemlər heç bunlarla da məhdudlaşmayacaq.

Avropa Birliyinə daxil olan bəzi ölkələr daha çox Ukrayna savaşından sonra yarana biləcək beynəlxalq situasiyadan narahatdırlar. Onlar Ukrayna savaşından qələbə ilə çıxmış Rusiyanın birbaşa Avropanı hədəfə ala biləcəyindən narahatdırlar. Ona görə də, Rusiya ilə ehtimal olunan savaşa hazırlaşmaq üçün vaxt qazanmağa ehtiyac duyurlar. Və bu baxımdan, Ukrayna savaşının uzadılmasında israrlı mövqe tutmağa üstünlük verirlər.

Göründüyü kimi, Avropa Birliyinin maraqları Ukraynanın bundan sonra da hələ bir neçə il Rusiya ilə müharibə aparmasını tələb edir. Yəni, rəsmi Kiyev Avropa Birliyinin müdafiə olunması üçün hələ bir müddət Ukraynanın dağıdılması prosesinə davam etməlidir. Və savaşdan sonra elə həmin Avropa Birliyinin Ukraynanın bərpasına dəstək olacağına da hər hansı ciddi təminat verilmir.

Ancaq Ukrayna savaşının dayandırılmasını tələb edən Qərb ölkələri öz mövqelərini əsasən maliyyə-iqtisadi problemlər ilə arqumentləşdirməyə çalışırlar. Onlar da əmindirlər ki, əgər, bu savaş sona çatmasa, tezliklə Qərb ölkələri, xüsusilə də Avropa Birliyi dövlətləri dərin sosial-iqtisadi böhrana düçar olacaqlar. Nəticədə Qərb ölkələrini daxili kütləvi etirazlar və iğtişaşlar bürüməyə başlayacaq. Və bu baxımdan, Ukrayna savaşının real zərbələri Avropa məkanında qaçılmaz olacaq.

1658653216_emcode_490f0c581f8b1444a8fa88fd987c9b0c.jpg (117 KB)

Belə anlaşılır ki, Qərb ölkələri arasında Ukrayna savaşından xilas olmaq istəyənlərin sırası genişlənir. Fransa cəmiyyətində Ukraynaya dəstəyin tamamilə dayandırılması tələb edilir. Eyni proses Böyük Britaniyada da müşahidə olunur. Almaniya isə elə indidən bəyan edib ki, əgər, Ukrayna savaşı bu il yekunlaşmazsa, rəsmi Kiyevə verilən dəstək ən azı 50 faiz azaldılacaq. Və ABŞ-da keçmiş prezident Donald Tramp seçkilərdə qalib gələrsə, Ağ Ev Ukraynaya yardımları tamamilə kəsə bilər.

Belə anlaşılır ki, ABŞ və Avropa Birliyi Ukrayna savaşından yorulub və tədricən geri çəkilməyə uyğun variantlar axtarmağa başlayıb. Bu situasiya Ukrayna üçün əsl fəlakət vəd edir. Çünki rəsmi Kiyev Qərbdəki "müttəfiqlər"in dəstəyi olmadan Rusiya ordusu qarşısında uzun müddət tab gətirə bilməyəcəyini anlayır. Zelenski hakimiyyəti Qərbdəki "müttəfiqlər"in riyakarlığından, həlledici məqamda Ukraynanı taleyin ümidinə buraxmağa hazır olduqlarından da artıq əmindir. Və bu səbəbdən də, rəsmi Kiyev Ukraynanın gələcək taleyi barədə daha praqmatik anlayışla düşünməyə məcburdur.

Maraqlıdır ki, Ukrayna savaşı ətrafında yaranmış qəliz situasiyanı nəzərə alan rəsmi Kiyevi tezliklə Rusiya ilə sülh danışıqları masası arxasına keçmək məcburiyyətində buraxa bilər. Üstəlik, rəsmi Kiyevin tədricən Kremlin təklif etdiyi sülh şərtlərini qəbul etməyə razılaşdırıla biləcəyi də müşahidə olunur. Hər halda, Ukrayna prezidenti Volodemir Zelenski son açıqlamasında bu müharibəyə tezliklə son qoymağın vacibliyini vurğulayıb.

ezgif.com-gif-maker.jpg (210 KB)

Onu da qeyd etmək lazımdır ki, Ali Rada hazırda Ukraynada səfərbərlik yaşına çatmış, lakin hərbi xidmətdən yayınan 800 minə yaxın kişi cinsindən olan şəxsin mövcudluğu barədə hesabat yayıb. Üstəlik, Qərbdəki "müttəfiqlər" də Ukraynaya hərbi yardımın çatdırılmasını sürətləndirməkdən, eləcə də onların həcminin artırılmasından birmənalı şəkildə imtina edir. Fransanın “Vətənpərvərlər” Partiyasının lideri Florian Filippo Ukraynaya dəstəyi tamamilə dayandırmağa çağırıb. Fransız siyasətçi bildirib ki, indiki vəziyyətdə Ukrayna üçün ən optimal çıxış yolu məhz Rusiya ilə sülh danışıqlarına mümkün qədər tez bir zamanda başlamaqdır.

Böyük Britaniyalı hərbi ekspert Aleksandr Merkuris isə Ukraynanın münaqişəyə son qoymaq üçün 2014-cü ildən bəri itirdiyi ərazilərdən rəsmən imtina etməli olduğunu deyib. Onun sözlərinə görə, Qərbdə getdikcə, daha çox Rusiyanın Ukrayna savaşında qalib gələcəyinə yönəlik qənaətlər ön plana çıxmağa başlayıb. Və Qərb siyasi dairələri bundan sonra onsuz da məğlub olma ehtimalı daha inandırıcı görünən Ukraynaya boşuna maliyyə vəsaiti sərf etmək istəmir.

Belə anlaşılır ki, ABŞ və Qərb əvvəlcə Ukraynanı Rusiya ilə qeyri-bərabər müharibəyə sövq etdi. Ardınca rəsmi Kiyevə vəd etdiyi hərbi yardımlardan tədricən yayınmağa başladı. İndi isə ümumiyyətlə, Ukraynanı Rusiya qarşısında taleyin ümidinə buraxmağa hazırlaşırlar. Bu azmış kimi, rəsmi Kiyevə Kreml ilə sülh danışıqlarına başlamağı və Ukrayna ərazisilərini Rusiyaya güzəştə getməyi məsləhət görürlər. Və bu, Qərb riyakarlığının, etibarsızlığının ən qabarıq örnəyidir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
Yeni Müsavat Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR