İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistan camışı

1773 14.04.2023 09:39 Yazarlar A A

 

“Hacadan, hucadan, biri də çıxdı bacadan”

(Azərbaycan ata sözü)

Çox rəngarəng ölkədə yaşayırıq. Örnək üçün, Qobustanda ömürlük dustaqların saxlandığı həbsxanada iki dustaq dalaşıb, biri o birini öldürüb. Öldürənin adı, sizcə, nədir? Buyurun: Zahidikəhriz Abbasov. Öldürülən isə Oleq Abişev. İndi gəl sən bu iki isimdən çıxış edərək ölkənin tipini, coğrafiyasını, orada hansı millətlərin yaşadığını müəyyən elə, görüm necə eləyirsən. Çox çətindir. Ancaq bu yaxında Edson Arantis du Nasimentu rəhmətə gedəndə hamımız bildik ki, söhbət Peledən gedir.

Yaxud 1965-ci ildən 1997-ci ilədək Konqo xalqının atası, prezidenti olmuş Mobutu Sese Seko Kuku Nqbendu Va za Banqa vardı, bütün dünya onu tanıyırdı, adının mənasını da bilirdik: “Əzmkarlığı və dönməzliyi ilə daim qalib gələn, qələbədən qələbəyə yürüyən, arxasında yalnız alov buraxan məğlubedilməz döyüşçü”. Bizdə isə uşağın adını Zahidikəhriz qoyublar, yazıq da adam öldürüb, 1994-cü ildən dustaqdır. Təsəvvür eləmək belə dəhşətdir. 29 ildir adam zindandadır. Bəlkə də adı qoyanda uzaqgörənlik ediblər, çünki kəhriz yerin altından gələn su, bulaq sistemidir, zahid isə tərkidünya olmuş dindar deməkdir. İndi də kamera yoldaşını öldürüb. Ömürlük həbsdə olan adama növbəti cinayətinə görə hansı cəzanı verəsən? Çətin sualdır...

Yeri gəlmişkən, onların davası da qeyri-adi səbəbdən düşübdür. Oleqə nəzarətçilər siqaret veriblər, lakin yandırmaq üçün kibrit verməyiblər. Bu da söyüş söyüb. Zahidikəhriz deyir mən dövlətçilik təfəkkürü olan adamam, dövlətin üzərimizə qoyduğu nəzarətçilərin, dövlət nümayəndələrinin təhqir edilməsinə dözmədim, Oleqi vurdum.

Keçən günlərdə bir maraqlı məhkəmə işi də vardı, orada polis, sahə müvəkkili və prokurorluğun müstəntiqi suçlanırdı. Nəyin üstündə? Hindistan vətəndaşlarından rüşvət almaqda. Hadisə təxminən 20 il qabaq olmuşdur. Bu iki yoldaş guya əlbir olaraq Bakıda yuyucu toz sexi işlədən hindistanlılar:  Şam Das Ghanşamdas, Raj Kumar Vadhqvani Anıl, Kişor Sindhi, Nareş Şanti Kumar, Vikram Sinqh Rajpurohit, Venkateş Kadrı, Bhojvani Dhiraj, Aşok Kumar, Ananthakrışnan Balasubramanian-dan 300 min manat rüşvət istəyiblər, 20 min alıblar.

İndi mən sizə sual edirəm: keçən həftə İnam müəllim Ali Məhkəməyə sədr qoyulanda ağız-burnunu əyişdirən adamlar ki, var idi, onların hansı qətnamə oxuyanda Ananthakrişna Balasubramanian sözlərini düzgün tələffüz edər? Bu cür çətin, məsuliyyətli, şərəfli işdir. Təklif edirəm bizim hakimlərə sağlığa zərərli işdə çalışdıqları üçün hər iclasdan qabaq bir litr camış südü verilsin. Dövlət büdcəsi hesabına, təbii. Yoxsa Hindistan camışının südünü qeyri-qanuni yollarla əldə etməyi irəli sürmürəm.

Əlbəttə, uçaskovı və prokuror rüşvət ittihamını rədd etdilər, bunun baş nazirin keçmiş müavini Abbas Abbasovun oğlu tərəfindən tikilən torba olmasını söylədilər. Deyir əslində o sexi Abbas müəllim işlədirdi, hindistanlılar gözdən pərdə asmaq üçün idi. Hakim isə işin üstündən 20 il keçdiyini nəzərə alıb hamını əfv elədi, mərasim sülhlə bitdi, axırda zərərçəkənlərlə müttəhimlər mahnı oxuyaraq dağdan dığırlandılar.

Doğrudan da, Hindistan hara, yuyucu toz hara... Tamerlan müəllim orada səfir işləyəndə qaşınma bəlasına mübtəla olmuşdu, o dərəcə antisanitariya ərazidir. Lakin yaxşı yoqa və quruları var, hərdən gəlib bizim camaatı da qazlayırlar, dəyərli məsləhət verib pul alırlar.

Təbii ki, mövzumuz bu deyil. Bəs nədir? Mən nə bilim nədir? 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR