İnsanlara hürriyət, millətlərə istiqlal!

Hərbi ekspertdən MÜHARİBƏ ANONSU: Önümüzdəki günlərdə…

2540 12.03.2024 18:54 Siyasət A A

Hindistan strateji əhəmiyyət daşıyan ixraca xidmət etmək üçün Ermənistana hava dəhlizi yaradır. Bu barədə aerokosmik müdafiə sahəsində xəbərlər üzrə ixtisaslaşmış Hindistanın “IADN” agentliyi məlumat yayıb. Qeyd olunub ki, “HAL” və “CONCORD” eyni məqsədlə HALCON Birgə İşçi Qrupunu yaradıblar. Bu, Hindistan və Ermənistan arasında logistikanı gücləndirəcək.

Sözsüz ki, bu dəhliz əsasən Ermənistanın silah-sursatla təmin edilməsinə xidmət edəcək. Ermənistanın əvvəl Fransadan, ardınca isə Hindistandan silah-sursat alması, zaman keçdikcə bu istiqamətdə əlaqələri daha da genişləndirməsi, ənənəvi silah-sursat təchizatçısı Rusiyadan üz döndərməsi, bu bazarın Kremlin əlindən çıxması perspektivdə İrəvan, ümumən isə Cənubi Qafqazdakı vəziyyət üçün nə vəd edir?

Musavat.com xəbər verir ki, mövzu ilə bağlı Medianews.az-a danışan hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, Ermənistan bir çox mövqelərində hərbi-texniki baxımdan yaranan çatışmazlıqları aradan qaldırmağa çalışır.

Onun sözlərinə görə, rəsmi İrəvanın belə cidd-cəhdi baş verə biləcək fors-major hallarda hər hansı bir dövlətin təminatından asılı olmamağa hesablanıb: “Ermənistan bu prosesi Fransa, Hindistan, Yunanıstan və Rusiya ilə həll etmək istəyir. Ermənistanın, əsasən, Hindistandan hərbi yardım alması onun müdafiə sənayesi şirkətlərində bir bazar yaradıb. Bunun sahibkarlar və hökumət üçün fürsət olması aydın bir haldır. Hindistandan alınan hərbi-texniki sistemlər həm regionun coğrafi mövqeyinə  uyğundur, həm də qiyməti rəsmi İrəvana sərf edir. Hindistanın Ermənistana hərbi yolların açılması istiqamətində planları var. Bu isə göndərilməsi nəzərdə tutulan artilleriya və raket sisteminin təminatını daha qısa müddətə həll edəcək və rəsmi İrəvanın yol xərclərini azaldacaq. İndi isə sözügedən dəhlizin hansı ölkələrin üzərindən keçməsi məsələsi müzakirədədir. Hindistan və Ermənistan hökumətləri bir-birilərinin ərazilərində hərbi-texniki sistemi yaxşı bilən heyətin yetişdirilməsini icra etmək istəyir. Rəsmi İrəvanın İkinci Qarabağ və antiterror tədbirlərinin təsirindən çıxmaq üçün uzun vədəli proqram hazırladığı aydın məsələdir. Amma, Ermənistan hərbi heyətinin alınan silahları necə və hansı səviyyədə istifadə edəcəyini mümkün ola biləcək münaqişə halı göstərə bilər”.

Hərbi ekspert qeyd edib ki, bir müddət əvvəl Rusiya da Ermənistana silah-sursat verib. O deyib ki, 44 günlük Vətən müharibəsi silahın deyil, onu istifadə edən hərbçinin önəmini əyani şəkildə sübut edib: “Paşinyan hakimiyyəti hərbi sahədə ölkəmizlə fərqi azaltmaq istəyir. Bu səylərin boş olduğunu dərk etmək Ermənistan hökuməti üçün bir az ağır olacaq. “Global Firepowers 2024” indeksində Azərbaycanın 59-cu yerdə qərarlaşması rəsmi İrəvanı çox düşündürür və 102-ci yerdə olmaqla, gücümüzü dərk edir. Ermənistana hərbi texnika satan Hindistan iqtisadi dividentlər əldə edəcək. Hindistanın hərbi bazada gücünü nəzərə alsaq, hər ölkə oradan silah almaq istəməz. Buna görə də, Ermənistanın hərbi sahədə zəifliyi ona texnika göndərən Hindistan üçün maliyyə baxımdan fürsətdir. İndiki vəziyyətdə Ermənistanın silahlanması isə regionda hələ ikitərəfli münaqişənin bitmədiyini və önümüzdəki günlərdə regionda müharibənin olacağını göstərir”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR