İnsanlara hürriyət, millətlərə istiqlal!

“Həmin kişi azadlıqdadır, o biri oğlumun həyatı təhlükədə” - Gürcüstanda bıçaqlanan Əlinin anası

515 21.07.2026 16:53 Kriminal A A

"Oğlumu iki gündür xəstəxanadan evə buraxıblar. Vəziyyəti əvvəlki günlərlə müqayisədə daha yaxşıdır".

Bunu Musavat.com-a açıqlamasında Gürcüstanda iyulun 9-da Azərbaycan dilində danışdığı üçün bıçaqlanan 15 yaşlı Əli Mehdiyevin anası Sevinc Quliyeva deyib.

O bildirib ki, oğlunun vəziyyəti yaxşılaşsa da, ağrıları davam edir.

Sevinc Quliyeva oğluna xəsarət yetirməkdə təqsirləndirilən şəxslə bağlı məhkəmə prosesinin sentyabr ayında keçiriləcəyini deyib:

"Oğlumu bıçaqlayan 55 yaşlı Giorgi Tsabudaşvilinin 26 yaşlı oğlu olub. Oğlu saxlanılıb, amma Giorgi hələ də azadlıqdadır. Onu həbs etməyiblər. Deyirlər ki, əlində ruhi xəstə olması ilə bağlı sənəd var. Mən çalışıram ki, onun da məsuliyyətə cəlb olunmasına nail olum. Açığı, qorxuram. Sabah yenə kiməsə hücum edə bilər. Mənim 14 yaşlı oğlum da var. Allah eləməsin, ona və ya başqa birinə zərər yetirər. Bu məni ciddi narahat edir".

Ananın sözlərinə görə, hadisə zamanı əvvəlcə 55 yaşlı Giorgi Tsabudaşvili oğlunu saxlayıb, daha sonra onun 26 yaşlı oğlu hadisə yerinə gələrək Əli Mehdiyevə bıçaqla hücum edib.

"Atası oğlumu tutduğu vaxt 26 yaşlı oğlu Əliyə 5 bıçaq zərbəsi vurub", - deyə S.Quliyeva bildirib.

Qeyd edək ki, hadisə iyulun 9-da Tiflisin Vaşlicvari qəsəbəsində baş verib. İddiaya görə, 55 yaşlı Giorgi Tsabudaşvili 15 yaşlı Əli Mehdiyevin Azərbaycan dilində danışmasına etiraz edib, onu təhqir etdikdən sonra oğlu ilə birlikdə yeniyetməyə bıçaqla hücum edib.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR