Avropa İttifaqı (Aİ) öz müdafiə sənayesini gücləndirmək üçün genişmiqyaslı layihə başlatmağı planlaşdırır.
Musavat.com-un xəbərinə görə, bu addımın məqsədi Rusiyanı cilovlamaq və Ukraynaya dəstək verməkdir.
Layihənin əsasları "Müdafiə üzrə Ağ Kitab" adlı sənəddə əks olunub.
Bu sənəd Aİ-nin müdafiə məsələləri üzrə komissarı Andryus Kubilyus və xarici siyasət rəhbəri Kaya Kallas tərəfindən hazırlanıb, gələn həftə Aİ liderlərinə təqdim ediləcək.
Layihəyə görə, Avropanın müdafiəsini gücləndirmək üçün uzunmüddətli və böyük investisiyalar tələb olunur.
Yeni strategiyanın əsas məqamları bunlardır:
Aİ daxilində silah istehsalının artırılması və üçüncü ölkələrdəki tərəfdaşlarla əməkdaşlıq,
Silahın birgə alınmasının təşviqi,
Müdafiə layihələrinin maliyyələşdirilməsinin sadələşdirilməsi,
Hava hücumundan müdafiə və hərbi hərəkətlilik kimi kritik sahələrə xüsusi diqqət ayrılması,
Müdafiə sahəsindəki bürokratik əngəllərin azaldılması.
Sənəddə Rusiyanın təcavüzkar siyasətinin Aİ üçün əsas təhlükələrdən biri olduğu vurğulanıb:
"Keçmişdə qonşu ölkələrə hücum edən və hazırda ekspansionist siyasət yürüdən Rusiya Avropa İttifaqı üçün mövcud təhlükə olaraq qalır. Ukrayna ilə ədalətli və daimi sülh müqaviləsi imzalansa belə, Rusiyanın hərbi təcavüzünün qarşısını almaq vacib olacaq".
Sənədə görə, Aİ-nin yaxın dövr üçün əsas prioriteti Ukraynanın Rusiya hücumlarını dəf etməyə davam etməsini təmin etməkdir. Xüsusilə, ABŞ-ın hərbi yardımını dayandırdığı bir vaxtda Ukraynanın özünü müdafiə edə bilməsi üçün əlavə silah və texnika lazımdır.
Sənəddə ABŞ-ın Ukrayna, Avropa və NATO ilə bağlı siyasətini dəyişdirdiyi vurğulanır. Bildirilir ki, Avropa artıq ABŞ-ın təhlükəsizlik zəmanətlərinə tam etibar etməməlidir və NATO-nun gücləndirilməsi üçün daha çox məsuliyyət götürməlidir. Bununla yanaşı, NATO-nun Avropanın kollektiv müdafiəsinin "əsas dayağı" olaraq qalacağı qeyd edilir.
Layihədə 7 əsas investisiya sahəsi müəyyən edilib:
1. Hava hücumundan və raketlərdən müdafiə,
2. Artilleriya sistemləri,
3. Döyüş sursatları və raketlər,
4. PUA-lar (dronlar) və onlara qarşı mübarizə sistemləri,
5. Hərbi hərəkətlilik,
6. Süni intellekt, kvant texnologiyaları, kibermüdafiə və radioelektron müharibə,
7. Strateji təchizat vasitələri, döyüş potensialı və kritik infrastrukturun qorunması.
Ukraynaya yardım tədbirləri arasında isə aşağıdakılar yer alıb:
1,5 milyon artilleriya mərmisinin göndərilməsi,
Hava hücumundan müdafiə sistemlərinin tədarükü,
Ukrayna ordusunun təlim proqramlarının davam etdirilməsi,
Ukrayna müdafiə sənayesində sifarişlərin yerləşdirilməsi,
Ukraynanın Aİ-nin hərbi maliyyələşdirmə proqramlarına daha sıx inteqrasiya edilməsi,
Ukrayna üçün hərbi təchizat dəhlizlərinin genişləndirilməsi.
Bu yeni strategiya Avropanın təhlükəsizlik və müdafiə sahəsində müstəqilliyini artırmağa və Ukraynaya uzunmüddətli dəstək verməyə yönəlib.
Musavat.com