Rusiya Azərbaycan ilə Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması barədə saziş mətninin razılaşdırılması üzrə aparılan danışıqların başa çatmasını alqışlayır.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi internet saytında yayımlanan bəyanatda bildirilir.
Rusiya XİN-in məlumatına görə, bu addım Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-2022-ci illərdə əldə olunan üçtərəfli razılaşmalara uyğun olaraq, Azərbaycan-Ermənistan münasibətlərinin tam və hərtərəfli normallaşmasına doğru vacib bir mərhələdir.
“Biz Bakı və İrəvan arasında sülh prosesinin irəliləməsinə və qalan məsələlərin həllinə hər cür dəstək verməyə hazırıq. Buraya sülh müqaviləsinin imzalanması üçün lazımi addımlar, nəqliyyat kommunikasiyalarının açılması, sərhədlərin delimitasiyası və humanitar problemlərin həlli daxildir”, – deyə bəyanatda qeyd olunur.
Bildirilib ki, Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dəstək üzrə xüsusi nümayəndəsi İqor Xovayev Bakı və İrəvana səfər edərək müvafiq məsləhətləşmələr aparmağa hazırdır.
“Azərbaycan və Ermənistan nümayəndələrinin bütün mübahisəli məsələləri müzakirə etməsi və sülh müqaviləsini imzalaması üçün Rusiya platformasını təqdim etmək təklifimizi təsdiqləyirik”, – deyə Rusiya XİN bəyan edib.
Xatırladaq ki, martın 13-də Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanla sülh sazişi mətninin razılaşdırılması üzrə aparılan danışıqların yekunlaşdığını rəsmi olaraq təsdiqləyib.
Musavat.com