İnsanlara hürriyət, millətlərə istiqlal!

Həbsdəki generalın oğluna qarşı dələduzluq edən vəkilin məhkəməsi keçirildi - SENSASİON TƏFƏRRÜAT

1760 07.03.2023 20:20 Kriminal A A

Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış vəkil, yarım milyonluq dələduzluqda ittiham olunan Elçin Qəmbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Musavat.com-un xəbərinə görə, Elçin Qəmbərovun hüquqlarının müdafiəsinə daha bir vəkil - oğlu Əli Qəmbərov da qoşulub.

Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, Elçin Qəmbərov “Mərkəz” vəkil bürosunun müdiri vəzifəsində işləyərkən 2021-ci il aprelin ortalarında Elgün Şıxəliyevdən (ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin sabiq rəisi, hazırda həbsdə olan general-mayor Mövlam Şıxəliyevin oğlu - E.M) onun atası barəsində seçilmiş həbs qətimkan tədbirinin bəzi vəzifəli şəxslərlə olan yaxın münasibətlərindən istifadə etməklə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmasına nail olacağını vəd verib. Elçin Qəmbərov Elgün Şıxəliyevdən 320 min dollar alıb. O, 2021-ci ilin avqustunda gələcəkdə onun yenidən həmin pul vəsaitini almaq üçün Elgünün etibarını qazanmaq məqsədilə həmin pul vəsaitini geri qaytarıb.

İstintaqla müəyyən edilib ki, Elçin Qəmbərov 2021-ci ilin sentyabrında Elgün Şıxəliyevin pulunu ələ keçirmək məqsədilə rəhbəri olduğu büronun vəkili Arzu Cavadova xidmət haqqı formasında 300 min dollar məbləğində pul vəsaiti müqabilində Mövlam Şıxəliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin bəzi vəzifəli şəxslərlə olan yaxın münasibətlərindən istifadə edərək, məhkəmə baxışı zamanı ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmasına nail ola biləcəyini bildirib. O, rəhbəri olduğu büronun xidməti iş otağında Elgün Şıxəliyevlə görüşüb və ondan xidmət haqqı adı ilə 300 min dollar alıb.

Hakim təqsirləndirilən şəxsdən ittihamın mahiyyətinin ona aydın olub-olmadığını soruşub. Elçin Qəmbərov ittihamın mahiyyətinin aydın olduğunu deyib. Hakimin “özünüzü ittiham üzrə təqsirli bilirsinizmi?” sualına Elçin Qəmbərov “bəli, təqsirli bilirəm” cavabı verib.

Hakim Elçin Qəmbərova ifadə verməyi təklif edib. Lakin E.Qəmbərov ifadə verməkdən imtina edib. Bundan sonra onun istintaqa verdiyi ifadəsi məhkəmədə elan edilib.

İstintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilən Elçin Qəmbərov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. İfadəsində göstərib ki, 2021-ci ilin aprel ayında “Mərkəz” vəkil bürosunun müdiri işləyən zaman iş barəsində həmin vəkil bürosunun vəkili Arzu Cavadovla söhbət edib. A.Cavadov ona Mövlam Şıxəliyevin vəkili olduğunu bildirib: “Həmin vaxt Mövlam Şıxəliyev barəsində cinayət işinin ibtidai istintaqı davam edirdi, barəsində həbs qətimkan tədbiri seçilmişdi. Söhbət zamanı Arzu Cavadova yuxarı dövlət orqanlarında bəzi vəzifəli şəxsləri tanıdığımı, Mövlam Şıxəliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbirinə dəyişdirilməsində köməklik edə biləcəyimi dedim”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, bir neçə gün sonra vəkil Arzu Cavadova Mövlam Şıxəliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbirinə dəyişdirilməsi məsələsini “həll edəcəyi”ni, bunun üçün onlardan 320 min dollar məbləğində pul alacağını, həmin pulun xidmət haqqı kimi onun özünə lazım olduğunu söyləyib: “Bu danışıqdan bir həftə sonra Mövlam Şıxəliyevin oğlu Elgün Şıxəliyev vəkil Arzu Cavadovun iştirakı ilə mənə 320 min dollar verdi. Əslində həmin vəsaiti alanda niyyətim Elgün Şıxəliyevi aldadaraq pulu ələ keçirmək olub. Hər hansı vəzifəli şəxslə əlaqə qurmaq niyyətim olmayıb. Pul mənə veriləndən sonra Elgün Şıxəliyev və Arzu Cavadov tez-tez zəng edir, məsələnin nə yerdə olduğunu soruşurdular. Mən isə onlara gözləmək lazım olduğunu deyirdim. Bir neçə ay ərzində məsələnin həll edilməsi üçün heç bir hərəkət etmədim, heç kimlə əlaqə qurmadım”.

Elçin Qəmbərov ifadəsinin davamında qeyd edib ki, 2021-ci ilin avqustunda Mövlam Şıxəliyev barəsindəki istintaq yekunlaşıb, cinayət işi məhkəməyə göndərilib: “Elgün Şıxəliyevin mənə olan inamını daha da artırmaq, yalan danışmadığıma inandırmaq üçün iş məhkəmənin icraatında olan zaman pulu Elgün Şıxəliyevdən təkrar almaq məqsədilə Arzu Cavadova qaytardım. Cinayət işi məhkəmə baxışında olarkən isə Arzu Cavadova Mövlam Şıxəliyevə köməklik göstərilməsinin mümkün olduğunu, tanıdığım vəzifəli şəxslərlə yenidən əlaqə qura biləcəyimi dedim, 300 min dollar istədim. Pulu alanda dedim ki, bu, mənim xidmət haqqımdır”.

Qanuna görə, dələduzluq cinayətinə yol vermiş şəxslər ələ keçirilən məbləği və həmin məbləğin 50 faizini dövlət hesabına keçirdikləri halda cəzadan azad edilə bilərlər. Prosesdə Elçin Qəmbərovun oğlu Əli Qəmbərov məhkəməyə qəbz təqdim edərək ələ keçirilmiş məbləğin 50 faizini dövlət hesabına köçürdüyünü açıqlayıb.

Məhkəmə prosesi martın 28-də davam edəcək.

Qeyd edək ki, Elçin Qəmbərov 2022-ci ilin iyununda DTX əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb. Cinayət işi üzrə zərərçəkən qismində Elgün Şıxəliyev tanınıb. E.Şıxəliyevin atası Mövlam Şıxəliyev 2022-ci ilin sentyabrında Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib, ailə üzvlərinə məxsus bir sıra əmlakların müsadirə olunması barədə qərar çıxarılıb.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR