İnsanlara hürriyət, millətlərə istiqlal!

Hansı bürclər zombi olmağa meyllidir

1430 08.06.2023 13:10 Yazarlar A A

“Tutulmayan oğru,

Bəydən, xandan doğru"

(Azərbaycan ata sözü)

Avtomobil qəzası olub, 5 nəfər ölüb. Sərnişinlərin 6 min manatı və qızıl-zinət əşyaları oğurlanıb. O vurhavurda, o boyda dərdin içində bunu görəsən kim edib?

Başqa bir rayonda 3-4 nəfərlik dəstə qəbirləri eşib cəsədlərin qızıl dişlərini çıxarırmış. Dişi oğurlanan mərhumlardan biri dəstə üzvlərindən birinin doğmaca bibisi olubdur.

Bu hadisələr, təəssüf ki, son günlər Azərbaycanda olmuşdur. Necə deyərlər, qan donduran cinayətlərdir. Milli dəyərlərimizə, mənəvi, əxlaqi kriteriyalarımıza yaraşmır. Yəqin bunlar İnternetin, Vatsapın, Tik-tokun təsirləridir. Qorxu filmlərinə baxırlar, tərbiyə pozulur. Bəzi bürclərdən olan şəxslər oğurluğa meyllidir. Elmi araşdırmalara görə Qoç bürcündə doğulanlar adətən qoyun oğurlamağa, Oxatanlar adam vurmağa, Qızlar diffamasiya və böhtan, Əqrəblər zəhərləmə, Aslanlar parçalama cinayətlərinə meyllidir.

Sorosun da rolu var. Qloballaşdırma proqramına görə mərhumların dişlərini sökmək təbii hal sayılır. Hollivud filmlərində belə şeylər təbliğ edilir. Mən Corc Romero-nun filmlərində şəxsən görmüşəm. Camaat marketlərdə zombilərin hücumuna məruz qalırdı. İnflyasiya bu templə davam etsə, bizim supermarketlərdə də oxşar ssenarilər yaşanacaqdır. (Konkret olaraq “Ölülərin dirçəlişi” - orijinal adı “Dawn of the Dead” filmindən söhbət gedir). Bizim hansısa kinoda da bu istiqamətdə yaxşı sitat var: “Acından belə eləyirlər”.

Lakin hər kəsin ac qalıb ölü soyduğunu da iddia edə bilmərik. Diriləri soyanlarımız, maşallah, hələ ölməmişdir. Örnək üçün, Koreya Respublikasındakı səfirliyimizdə maliyyə attaşesi işləyən bir cavan oğlana təzəlikcə 6 il həbs cəzası kəsildi. Nəcib Osmanov adlı gənc çox nəcib fəaliyyətlə məşğul imiş: səfirliyə dövlətimizin ayırdığı 347 min manatı çırpışdırıb, mərc oyunlarına qoymuşdur. Belə oyun asılılığı çox pis şeydir. Psixiatriyada ludomaniya deyirlər. Rəhmətlik Dostoyevski də təxminən bu bəlaya düçar olubdur. Bütün pullarını kazinoda, qumarda uduzmasa, bir cümlə yaza bilmirmiş. Güman edək Nəcib müəllim də ədəbiyyatımıza xidmət göstərsin. Onsuz türmələrimizdə həmişə AYB-nin hansısa üzvləri yatır. Bu dəqiqə iki dələduz-şair, üç fırıldaqçı-yazıçı, bir qəzəlxan-narkoman, beş romançı-qatil içəridə olmalıdır. Anar müəllim vaxtaşırı onları amnistə salmaq üçün müraciət edir. Bu, onun dəyərli ziyalı fəaliyyəti istiqamətlərindən yalnız biridir.

Nəcib müəllimin 6 il həbs aldığı işdə məni başqa bir detal, daha doğrusu, müqayisə də maraqlandırır. Bizim əski xarici işlər nazirimiz vardı, Elmar müəllim Məmmədyarov. Ziyalı ailədən idi, özü də rejissor Rüstəm müəllimin qahımlarından olmalıydı. Hərəsi öz sahəsində Oskar alırdı. Biri çəkirdi, o biri montajlıyırdı. Uzun sözün qısası, 3-4 il qabaq media aləmimizdə şimşək çaxmışdı: hansısa jurnalist Elmar müəllimin Nyu Yorkda oğullarına cəmi dəyəri 4 milyon yarım dollara yaxın evlər, villalar aldığını ortaya çıxarmışdı. Əgər nəzərə alsaq ki, Elmar müəllim karyerası üzrə zır diplomatdır, yəni, ömrü boyu xarici işlər sistemində çalışıb, bizneslə-zadla məşğul olmayıb və ola da bilməzdi - bu pulların, əmlakın mənşəyi şübhəliydi. Lakin o məsələni heç kim araşdırmadı. (İndi ağlıma gəldi, bizə “Zorən diplomat” adlı roman məlumdur, niyə “Zırən diplomat” adında əsər yazılmasın? İdeyanı satıram).

Əlbəttə, son dövrlərin trendinə uyğun olaraq Koreya səfirliyimizi soyan yoldaşın tezliklə əfvə salınmasına ümid edirik. Ya da prokurorluq protest verər, adamı buraxarlar. Sonra Ali Məhkəmə prokurorluğun qərarını ləğv edər, təzədən tutarlar. Bu, açığı, geniş mövzudur, qalsın qulluğumda.

Salamat qalın, çox çölə çıxmayın, göydən buz yağır. Pis işləri örtülü məkanlarda da eləmək olar. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR