İnsanlara hürriyət, millətlərə istiqlal!

Hamımız Byaziyik

1936 29.03.2023 09:53 Yazarlar A A

“Mən 10-cu mərtəbədən yıxılan bir oğlan haqda əhvalatı xatırladım. Müxtəlif mərtəbələrdəki adamlar onun belə söylədiyini eşitmişdilər: “Hələlik hər şey yaxşı gedir”. Bizdə də indi vəziyyət belədir”

(“Əla yeddi nəfər” filmindən, rejissor Con Stercös, 1960)

Əgər İsa peyğəmbər bizim futbolla maraqlansaydı yəqin belə deyərdi ki, kimin günahı yoxdursa, Canni Byaziyə ilk daşı o atsın. Vallah, mən bizim camaatı başa düşməyə çalışıram, lakin başa düşmürəm.

Axı nə olub? Qeyri-adi heç nə: futbol üzrə milli komandamız Avropa çempionatına seçmə oyunlarda ardıcıl iki oyunda uduzub. Qapısına 9 qol vurublar, özümüz də cəmi 1 dəfə fərqlənmişik. Yox, üzr istəyirəm, ədalət naminə, 2 dəfə qol vurmuşuq, sadəcə, milli adət-ənənəmizə sadiq qalaraq o 2 qolun birini öz qapımıza nallamışıq. Hətta həmin qoldan sevinən jurnalistlər belə başlıq atmışdılar: “Azərbaycan öz qapısına filanıncı qolu vurdu”. Yəni başqa ölkələrdə final statistikası-zad aparırlar, biz filan statistikası aparırıq. Necə deyərlər, pis günün ömrü az olar. Bunu da içək pis günümüz belə olsun, filan...

Bir lətifə vardı, yadınıza gəlir? 1990-cı illərdə yenə futbol komandamız Fransaya uduzmuşdu, özü də 10:0 hesabıyla. Deyir bunu eşidən prezident zəng vurur milli komandanın baş məşqçisi Ağasəlim Mircavadova: “Ağasəlim, siz ora qapıçını niyə aparmamısınız?”

İndi isə milli komandamıza italiyalı Canni müəllim başçılıq edir və o, İsveçə 5:0 uduzduğumuz oyundan sonra intervü verib, çox əla oyun göstərdiyimizi söyləmişdir. Azarkeşləri dəli eləyən də budur. Hətta keçmiş milli üzvlərindən Vaqif Cavadov deyib ki, Byazi bununla azarkeşləri ələ salır.

Mən qətiyyən belə fikirləşmirəm. Birincisi, Byazi bizi ələ sala bilməz, çünki özü özünə eləyənə başqası heç zad eləyə bilməz. İkincisi, gəlin ocağa gələr, bu ata sözündəki hikməti gərək heç kim unutmasın.

Byazi buraya gəlib-getdikcə tam azərbaycanlı olubdur. Əslində italyanların bizə oxşaması çoxdan məlumdur. Məsələn, orada da adada mafiya yaşayır. Orada parlamentə aktrisanı qoymuşdular, üstəlik, elə janrın aktrisası idi ki, gəl görəsən... Onlar da xəmir xörəklərini xoşlayır, biz də. Neapol şəhərinin mənzərəsinə baxanda hətta çaşmaq olar, sanarsan Bakı ilə bir almanın yarısıdır. “Əhmədli”yə, “Nargin” adasına qədər hər şeyi var. İtalyanların səs-küyü, ictimai yerlərdə özlərini pis aparması da dünyada məşhurdur, hətta bir dəfə beynəlxalq turizm mərkəzlərində “Hansı millətdən turisti obyektinizdə görmək istəmirsiniz” sorğusunda italyanlar 1-ci yeri tutmuşdular. Ancaq görünür, Canni müəllimin tam milliləşməsi, azərbaycanlılaşması üçün bir neçə müddət buralarda yaşaması da lazım imiş.

Qiymətlər hər gün artır, kasıbçılıq camaatı boğaza yığıb, ancaq hökumət bizə nə deyir? İnkişaf edirik. İqtisadi artım bu qədər, dolanışıq o qədər... Heç qüsurları boynuna alan məmur görmüsünüzmü? Yenə qabaqlar, Artur müəllim baş nazir olanda inflyasiyanı təzə xiyar almaqla izah edirdi, deyirdi gözləyin, yaz gəlsin, bostanda xiyar bitsin, indikilər ümumiyyətlə izahat vermir. 

Byazi qoca adamdır, bura o məqsədlə gəlib ki, beş-üç gün komandanı yola versin, maaşını alsın, sonra da çıxıb getsin “pensiyasını xımır-xımır yeməyə”. İndi onu qınamaq təxminən Ronaldonu niyə Ərəbistana getməsi ilə tənqid etmək kimi mənasız bir şeydir. Palan döyəcləməyin.

Hamımız necə çalışırıqsa, Byazi də elə çalışır. Ölü yerinə mikrafon uzadan jurnalistlər, xəstələri milçək kimi qıran həkimlər, uşağı minən müəllimlər, müəllimi söyən, lakin uşağından bixəbər valideynlər, cinayətkar yerinə müxalifətçi axtaran orqan işçiləri, torpaq satan bələdiyyə, canım sənə desin, rol oynamaq yerinə təlxəklik edən artistlərdən tutmuş, yaltaq şairlərə qədər hər kəs hazırda Byazinin cəmdəyinə döşəməkdədir.

Əlinizi Byazidən çəkin. Byaziyə azadlıq. Hamımız Byaziyik-zad...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR