İnsanlara hürriyət, millətlərə istiqlal!

Hakim məhkəmə qarşısına çıxarıldı – onu 5 vəkil müdafiə edir  

1087 22.04.2024 15:54 Ölkə A A

 

Bərdə Rayon Məhkəməsinin sabiq hakimi Elsun Məzahir oğlu Əhmədovun Gəncə Ağır Cinayətlər Məhkəməsində hazırlıq iclası keçirilib.

Musavat.com xəbər verir ki,  hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, sabiq hakimi məhkəmədə 5 vəkil  müdafiə edəcək. İş üzrə vəkillər Elməddin Məmmədov, Azər Babayev, Vüqar Mahmudov, Seymur Zeynalov və Vəfadar Piriyev, dövlət ittihamçısı isə Zaur Qasımovdur.  Növbəti məhkəmə prosesi mayın 1-nə təyin olunub.  İttihama görə Elsun Əhmədov Bərdə Rayon Məhkəməsinin hakimi olduğu müddətdə barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə rüşvət tələbi ilə bağlı məlumat daxil olub.

Məhkəmə-Hüquq Şurası ilə birgə aparılan araşdırma müraciətdə göstərilən məlumatların əsassız olmadığını təsdiqləyib. Elsun Əhmədov Bərdə Rayon Məhkəməsinin hakimi vəzifəsində işləyərkən Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxsə yüngül cəzanın təyin olunması müqabilində onun ailə üzvündən külli miqdarda pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Elsun Əhmədovun fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən edildiyi üçün hakimlərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı Məhkəmə-Hüquq Şurasının 21 dekabr 2023-cü il tarixli qərarı ilə onun səlahiyyət müddəti uzadılmayıb. İş üzrə toplanmış ilkin sübutlar əsasında Elsun Məzahir oğlu Əhmədov şübhəli şəxs qismində tutulub. Fevralın 8-də ona Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan edilib. İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR