İnsanlara hürriyət, millətlərə istiqlal!

Hacı Şahinin zəhmətlə yaratdığı icma dağılır - tərəfdarlarını kim, hara toplayacaq...

5405 05.05.2023 14:32 Mənəviyyat A A

"Məşədi Dadaş" məscidinə yeni imam təyin edilməsi ilə inanclı insanları küsdürmək kimə lazımdır?

"Məşədi Dadaş" məscidinə yeni imam təyin edilməsi narazılıq yaradıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının əmrinə əsasən, adıçəkilən məscidə Əli Şərbətov imam gətirilməsindən sonra mərhum Hacı Şahinin tərəfdarlarını məscidi tərk etdiyi deyilir.  “Əli Şərbətovun "Məşədi Dadaş" məscidinə imam təyin edilməsi doğru qərar deyil”. Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov bildirib. O, Əli Şərbətovu yaxşı tanıdığını, lakin onun təyinatının məqsədəuyğun olmadığını deyib:

“Mən yeni təyin olunan şəxsi, yəni Əli Şərbətovu yaxından tanıyıram və onun fəaliyyəti ilə şəxsən tanışam. O, yaxşı ilahiyyatçı və din xadimidir. Amma fikrimcə, həmin məscidə daha fəal, dini cəmiyyətdə daha çox tanınmış və insanlarla kommunikasiya fəaliyyəti güclü olan şəxsin təyin olunması məqsədəuyğun olardı. Hesab edirəm ki, Əli Şərbətovun oraya təyin olunması tam doğru qərar deyil. "Məşədi Dadaş" məscidi bizim ən önəmli, insanların ən çox toplaşdığı məscidlərdən biridir”.

Mərhum ilahiyyatçı Hacı Şahinin tərəfdarlarının "Məşədi Dadaş" məscidini tərk etməsi barədə xəbərlərə münasibət bildirən deputat vurğulayıb ki, insanların məscidlərdən uzaqlaşması onların nəzarətsiz qalmasına səbəb ola bilər: ""Məşədi Dadaş" icmasından insanların getməsi, onların evlərdə, yaxud başqa yerlərdə toplaşıb fəaliyyət göstərməsinə gətirib çıxarır. Biz çalışmalıyıq ki, insanlar daha çox məscidlərdə toplaşsınlar və bir araya gəlsinlər. Belə olduğu halda onlara nəzarət etmək imkanımız daha çox olur. Amma biz məsciddən insanları çıxaranda, yaxud insanların uzaqlaşmasına səbəb olacaq addımlar atdıqda onların fəaliyyətinə nəzarət imkanlarımız çətinləşir, məhdudlaşır. Düşünürəm ki, bu məsələdə daha diqqətli olmağa ehtiyac var. Bu kimi məsələlərdə daha həssas və diqqətli olmalıyıq ki, insanlar fəaliyyətlərini kənar yerlərdə yox, məscidlərdə davam etdirsinlər. Onların fəaliyyəti dövlət qurumlarının nəzarəti altında olsun".

resul mirhesim.jpg (174 KB)

İlahiyyatçı Rəsul Mirhəşimli mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, bu cür həssas məsələdə çox diqqətli olmaq lazım idi: ""Məşədi Dadaş" məscidinə axund təyinatı zamanı həmin dini icmanın üzvləri ilə məsləhətləşmələr aparmadan bu təyinatın gerçəkləşdirilməsi haqlı narazılıqlara səbəb oldu. Heç kim təyin olunan yeni axundun şəxsiyyəti və fəaliyyəti barədə mənfi fikir irəli sürmür, sadəcə, bu dini icma uzun müddət birlikdə fəaliyyət göstərdiyi, yaxından tanıdığı din xadiminin təyinatını ədalətli sayır. Hesab edirəm ki, bu məscidə təyinatda ədalət prinsipi pozulub. Sanki kimlərsə məqsədli şəkildə bu dini icmanın "Məşədi Dadaş" məscidindən uzaqlaşdırılması yolunu tutub. "Məşədi Dadaş" dini icması rəhmətlik Hacı Şahinin rəhbərliyi və təbliği ilə formalaşmış inanclı insanların toplumudur. Hacı Şahinin fəaliyyəti sayəsində də bu dini icma Azərbaycan dövlətçiliyinə sədaqətli inanclı insanların bir araya gəlməsinə nail olunub. Azərbaycan səfirliyinə hücum zamanı bu icmanın dövlət bayrağımızla dəstək aksiyası hər kəsin yadındadır və bu aksiya cəmiyyətdə sevgi ilə qarşılanmışdı”.

İlahiyyatçı əlavə edib ki, "Məşədi Dadaş" məscidinə axund təyinatı zamanı ilk növbədə Hacı Şahinin xatirəsinə sayğı ilə yanaşmaq lazım idi: “Bu məscidə axund təyinatı da Hacı Şahinin ardıcılları arasından seçilməli idi. Bu icmadan kənar din xadiminin təyinatı ilə bu insanları küsdürmək, məsciddən uzaqlaşmalarına nail olmaq kimə lazımdır? Bu "məntiqi" anlamaq mümkün deyil. "Məşədi Dadaş" məscidinin dini icmasının üzvlərindən bir qrupunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə dəvət edib, onlarla məsləhətləşmələrdən sonra qərar vermək olardı. Azərbaycanda istənilən başqa məsciddə axund təyinatı belə geniş müzakirələrə səbəb olmur. "Məşədi Dadaş" məscidinə təyinat bu müzakirələrdə istisna yer tutur. Bu təyinatı həyata keçirənlər də elə bu istisnanı nəzərə alıb, ədalətli qərar verilməsinə nail olmalı idilər. Təəssüf ki, bu amil nəzərə alınmadı. Ədalətin isə bərqərar olmasına hər zaman nail olmaq mümkündür. Bu baxımdan, verilən qərara bir daha, daha həssaslıqla baxmaq lazımdır".

Yazarlar Kənan Rövşənoğlu

Kənan Rövşənoğlu 

Dini mövzular üzrə ixtisaslaşmış jurnalist Kənan Rövşənoğlu da “Yeni Müsavat”a dedi ki, komitənin addımıni təqdir etmək olmaz: “Ceyhun müəllimin mövqeyini bölüşürəm. Məscid icması faktiki olaraq dağılıb. Halbuki bu icmanın fəaliyyəti bu günə qədər təqdir olunub, dövlət komitəsinin özünün bu icmaya qarşı hər hansı etirazı olmayıb. Ancaq indi mövzunun həssas olduğunu bildiyi halda bu addıma getməyin məntiqi izahı yoxdur. Mərhum Hacı Şahinin illərlə zəhməti sayəsində formalaşdırdığı nümunəvi icma faktiki olaraq dağılır. Halbuki qanunvericilik və aprel ayında komitə rəhbərliyi və icma fəalları arasında olan görüşdə razılıq əldə olunmuşdu ki, qanun çərçivəsində icmanın özü ilə razılaşdırılmaqla imam təyin olunacaq. Və oldu da, hətta birinci imama komitə etiraz etdikdən sonra icma özü ikinci imamı təklif etdi və komitə də razılaşdı. Amma indi bu qəfil və gözlənilməz addım icma fəallarının haqlı narazılığı ilə qarşılandı. Dini icma yalnız ərazidə qeydiyyatda olan şəxslərin imzasından ibarət deyil, o məsələnin qanuni tərəfidir. Amma dini icma həm də inanc, iman birliyidir. İndi komitənin bir imzası ilə illər ərzində formalaşmış icma dağıldı. Hacı Şahindən sonra "Məşədi Dadaş" məscidi camaatını yalnız o icma qoruyub saxlaya bilərdi. Dövlət orqanının məscidlərə bu cür müdaxiləsi nəticədə "yeraltı" icmaların yaranmasına səbəb ola və ən əsası, dindarlar arasında dövlətə inamsızlığı artıra bilər. Bundan başqa, müsəlman ölkələrinin də çox sayda acı təcrübəsi var. Azərbaycan dünyəvi dövlətdir, amma vətəndaşların vicdan azadlığı, inanclarini kollektiv şəkildə yaşatmaq hüququ tanınır. Məscid də bunun üçündür. Əksinə, dövlət komitəsi dini fəaliyyətlərin məscidlərdə həyata keçirilməsində maraqlı olmalı, məscid icmalarını dəstəkləməlidir. Açığı, mən bu xəbəri eşidəndə ilk olaraq düşündüm ki, bu qərar tezliklə dəyişdirilər. Ancaq belə görünür ki, elə deyil. Bu cür yanlış addımların nəticəsi tez bir zamanda bilinmir, amma tədricən özünü göstərir".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR