İnsanlara hürriyət, millətlərə istiqlal!

Hacı Şahinin qəfil ölümü - dini cameə ən nüfuzlu ilahiyyatçısını itirdi

1255 03.03.2023 09:40 Gündəm A A

Ölkədə bütün aydın, işıqlı, imanlı adamlar bu ölüm xəbərindən sarsıldı;  Yasamal Rayon Prokurorluğunda “Məşədi Dadaş” məscidinin imamının ürəktutmasından vəfat etməsi araşdırılır

Tanınmış ilahiyyatçı, Məşədi Dadaş Məscidinin imamı Hacı Şahin Həsənlinin qəfil vəfatı cəmiyyəti sözün əsl mənasında sarsıdıb. Bildirilir ki, martın 1-də gündüz saatlarında onun səhhətində narahatlıq olub. Bu zaman Hacı Şahin Həsənli özü həkimə müraciət edib. Daha sonra evə gəlib. Yaxınları qeyd ediblər ki, səhər saatlarında ürəyindən yenidən ağrı tutub və təcili tibbi yardım gələnə kimi vəfat edib. TƏBİB-dən  verilən məlumata görə, Şahin Həsənlinin səhhətində yaranan narahatlıqla bağlı Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 02.03.2023-cü il tarixində saat 05:30 radələrində çağırış daxil olub. Saat 05:43 radələrində təcili tibbi yardım briqadası ünvana çatıb. Həkiməqədər ürək tutmasından ölüm qeydə alınıb. İlahiyyatçı Hacı Şahinin ölüm faktı ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır. Bu barədə Baş Prokurorluqdan məlumat verilib. “1974-cü il təvəllüdlü Şahin Həsənlinin (Hacı Şahin) martın 2-də paytaxtın Yasamal rayonunda yerləşən evində ölməsi faktı ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır”, - deyə açıqlamada bildirilib.

Şahin Həsənli kim idi? 

Qeyd edək ki, Şahin Hüseyn oğlu Həsənli 7 iyul 1974-cü ildə Bakı şəhərində anadan olub. 1981-ci ildə Bakı şəhər 189 saylı orta məktəbin rus bölməsinə daxil olub, 1991-ci ildə həmin məktəbi bitirib. 1991-ci ildə Azərbaycan Texniki Universitetinin Maşınqayırma fakültəsinə daxil olub. 1995-1997-ci illərdə hərbi xidmətdə olub. 2001-2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ikinci ali təhsil alıb.

2001-ci ildən Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Məşədi Dadaş” məscidinin imam-camaatı olub. Bu və öncəki illərdə müstəqil şəkildə dini mütaliə ilə məşğul olub, dini mövzularda dərs tədris edib. Xüsusilə Əqaid, fəlsəfə, əxlaq, təfsir dərslərini tədris edib. 2007-ci ildə “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsis edib, o zamandan quruma rəhbərlik edib. 2013-cü ildə “Məşədi Dadaş” məscidinə axund, 2014-cü ildə isə Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi təyin olunub. Azərbaycan, ərəb, fars və rus dillərini bilirdi. Uzun illərdir, Həcc karvanına rəhbərlik edir və Həcc zəvvarlarına xidmət göstərirdi.

 “Böyük itkidir...”

Deputat Ceyhun Məmmədov Modern.-az-a deyib ki, Hacı Şahinin gənclərin milli-mənəvi dəyərlərə sadiq yetişdirilməsində xüsusi xidmətləri olub. C.Məmmədov vurğulayıb ki, Hacı Şahinin dünyasını dəyişməsi Azərbaycan üçün böyük itkidir: “Onun vəfat etməsi sevənləri üçün çox ağır hadisədir. Təbii ki, ölümün haqq olduğunu hamı bilir. Hacı Şahinə Allahdan rəhmət diləyirik. Allah doğmalarına, yaxınlarına səbr versin. Biz bu gündən sonra gələcəyə baxmağı bacarmalıyıq. Dindarlarımız və Hacı Şahini sevənlər təmkinli olmalıdır. Onun başlatdığı yolun uğurla davam etməsi üçün səyləri davam etdirməlidirlər. Bu prosesə uyğun davranmalıdırlar. Ruhu şad olsun”.

Fazil Mustafa deyib ki, Hacı Şahinin vaxtsız vəfatı sarsıdıcıdır: “O, hər zaman açıq fikirləri ilə Azərbaycan cəmiyyətində seçilən insanlardan biri olub. Bəzi məqamlarda fikirlərimiz üst-üstə düşürdü. Hacı Şahin Azərbaycanın öndə gələn şəxsiyyətlərindən biri idi”.

QMİ sədri Allahşükür Paşazadənin qardaşı, deputat Cavanşir Paşazadə Hacı Şahinin ölüm xəbərindən  dərindən sarsıldığını söyləyib: “Hacı Şahin dini-mənəvi məsələlərdə böyük fikirlər səsləndirirdi. Xüsusilə onun müəyyən dini məsələlərdə maraqlı tezisləri var idi. Hacı Şahinin 48 yaşda vəfat etməsi üzücüdür. Onun Azərbaycan xalqı üçün böyük xidmətləri olub. Biz onunla müəyyən tədbirlərdə və yığıncaqlarda bir araya gəlmişik. Aramızda qarşılıqlı hörmət olub. Allah rəhmət eləsin. Ailəsi və yaxınlarına səbr diləyirəm”.

Qafqaz Müsəlmanları İdarəsinin  sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə  sosial şəbəkə hesabında bunları qeyd edib: “Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü ilahiyyatçı Hacı Şahin Həsənli haqqın dərgahına qovuşub. Yaxınlarına, sevənlərinə Allahdan səbr diləyirik, Allah rəhmət eləsin. Ruhu şad olsun”.

 “Cümə” məscidinin axundu Hacı Surxay Məmmədli də Hacı Şahinin vəfatından sarsıldığını qeyd edib: “Səhər saatlarında aldığım bu xəbərlə dərindən sarsıldım. Göz yaşlarımı saxlaya bilmədim. Hacı Şahin mənim qardaşım, dostum, eyni zamanda iş yoldaşım idi. Onun cavan yaşda ölümü sarsıdıcı oldu. Hacı Şahin Allaha qovuşdu. Onun din yolunda xidmətləri böyük idi”.

AG Partiya başqanı Tural Abbaslı da Hacı Şahinin ölümündən kədərləndiyini ifadə edib:  “Hacı Şahin dini baxışlarından asılı olmayaraq hər zaman öz həlimliyi və birləşdirici kimliyi ilə yaddaqalan dəyərli ilahiyyatçı idi. Mən adətən Hacı ilə şəhidlərimizin anım mərasimlərində qarşılaşırdım, bu mövzularda da hər zaman həssas olmuşdu. Öz adımdan və rəhbərlik etdiyim AĞ Partiya adından Hacıya rəhmət və günahlarının bağışlanmasını diləyirəm. Yaxınlarına və sevənlərinə də səbr diləyirəm”.

Tanınmış jurnalist Jalə Mütəllimova yazıb ki, ölkədə bütün aydın, işıqlı, imanlı, hətta ateistlər də onun ölümündən sarsıldı: “Yaxşı ki, səni bir qədər yaxından tanıdıq, Hacı. Otağında tək Quran yox, dövlət bayrağı, Azərbaycan Konstitusiyası, dünya xəritəsi olan bəlkə də yeganə din adamı idin Azərbaycanda. Dini siyasəti, İranın Azərbaycan hikkəsini sənin qədər az adam bilirdi. Dini hücumlara ən yaxşı dövlətçi və imanlı qalxan idin. Səni kimsə unutmaz, əvəzləməz, yerin çətin dola, imanlı əxlaqlı insan...”

Hacı Şahin Həsənlinin cənazə namazı saat 15:00 da "Məşədi Dadaş" məscidində qılınıb. Din xadimi “Qurd qapısı” qəbiristanlığında dəfn olunub. Dəfn mərasimində mərhumun yaxınları, ictimaiyyət nümayəndələri və tanınmış şəxslər iştirak ediblər.

Milli Məclisin deputatı Jalə Əhmədova Hacı Şahinlə keçirilən vida mərasimində deyib ki, Hacı Şahin çox gözəl, Allah nuru olan insan idi: “Bir gün gələn bir gün getməlidir. Amma Hacı Şahinə olan hörmətimizdən, istədiyimizdən o acımızı büruzə veririk. Bu gün bura toplaşan hər kəs onu istəyir. Bu qədər insanın sevgisini qazanmaq asan məsələ deyil. Mənim şəxsən dinə gəlməyimdə çox böyük rolu olub. Onun xütbələrini dinləyib dini dərk etmişəm. Çox sevirdim ki, Hacı bizim dinimizi həqiqətən çox düzgün təbliğ edirdi”.

Allah rəhmət etsin!

Nigar HƏSƏNLİ,
 “Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR