İnsanlara hürriyət, millətlərə istiqlal!

Güney Azərbaycan mövzusu İsrailin diqqətində

1468 02.05.2023 09:02 Siyasət A A

32 deputatın müraciətindəki əsas məram

İsrail parlamentinin 32 deputatı Güney Azərbaycanla bağlı ölkənin Xarici İşlər Nazirliyinə müraciət edib. Bu barədə “Güney Azərbaycan” Teleqram kanalı məlumat yayıb. Məlumata görə, İsrail parlamentinin - Knessetin üzvləri Güney Azərbaycanın müstəqilliyi uğrunda hərəkata beynəlxalq dəstək verilməsi xahişi ilə XİN-ə müraciət göndərib. Rəsmi müraciətə 32 deputat - Knessetin bütün üzvlərinin dörddə biri imza atıb. Onlar İsrail Xarici İşlər Nazirliyindən İran müxalifətinə və Tehranın cənubi azərbaycanlılara qarşı repressiv addımlarının güclənməsinə diqqət yetirməyi xahiş ediblər. “Bu, İranda sayı 20 milyondan çox olan ən böyük millətdir. Rejim mədəni soyqırım siyasəti yürüdür, azərbaycanlıların təhsil almaq və irsini ötürmək, Azərbaycan dilini öyrətmək və hətta uşaqlarını qeydiyyata almaq hüquqlarını məhdudlaşdırır”, - deputatların müraciətində vurğulanır.

Bəs niyə məhz indi? Müraciət hansı nəticələr doğura bilər? Bunun Güneydəki hərəkata ziyanı, yoxsa faydası var?

Hazırda bu məsələ ətrafındakı əsas suallar da bunlardır.

İsrail parlamentinin 32 deputatının Güney Azərbaycanla bağlı ölkənin Xarici İşlər Nazirliyinə müraciəti qəbulolunmaz hərəkətdir.

Axar.az xəbər verir ki, bu sözləri İranın keçmiş şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi Tvitter hesabında yazıb. O, İsrailin Knesset üzvlərinin bu müraciətini İranın ərazi bütövlüyünə qarşı addım kimi dəyərləndirib.

“Belə ağılsız bəyanatlar İsrail liderləri və yüksək rütbəli rəsmilərin onlarla keçirdiyim görüşlərdəki mövqeləri ilə tamamilə ziddiyyət təşkil edir. Bu gün mən Yerusəlimdəki dostlarımıza özümün və həmvətənlərimin bu məsələ ilə bağlı narahatlığını bildirdim. Deputatların müraciəti İran hakimiyyətinin maraqlarına xidmət edir”, - o qeyd edib.

Pəhləvi İsrail dövlətinin məsələyə aydınlıq gətirməsini, İran-İsrail xalqları arasındakı dostluğa kölgə salan hərəkət barədə açıqlama verməsini xahiş edib.

Pəhləvi ilə yanaşı müxalif Haft Abana Cəbhəsi də məktuba kəskin reaksiya verib. Təşkilat bəyanatı “İranın ərazi bütövlüyünə qarşı açıq düşmənçilik” kimi təqdim edib.

Deputat Azər Badamov İran rejiminin soydaşlarımıza qarşı etdiyi ayrı-seçkiliyi önə çəkdi: “İsrail parlamentinin 32 deputatının Güney Azərbaycana beynəlxalq dəstəyin verilməsi ilə bağlı ölkə XİN-nə müraciət etməsini müsbət hal hesab edirəm. Bunu İsrailin dost münasibəti kimi dəyərləndirərdim. Güney Azərbaycanda 40 milyona yaxın azərbaycanlı özünün təməl hüquqlarından məhrumdur. Güney azərbaycanlılar da İranın digər xalqları kimi özünün milli-mənəvi dəyərlərini qoruyub inkişaf etdirməsinə, təhsil hüququna və söz azadlığı hüququna malik olmalıdırlar. Necə olur ki, erməni toplumun İranda öz dilində təhsil hüququ var, amma ölkə əhalisinin böyük bir hissəsini təşkil edən azərbaycanlılara bu hüquqlar verilmir. Qloballaşan dünyada bütün millətlərə və xalqlara öz milli-mənəvi dəyərlərinin qorunması üçün imkanlar verilir və beynəlxalq ictimaiyyət də bunu dəstəkləyir. O cümlədən İranda yaşayan soydaşlarımız da bu hüquqlara malik olmalıdır və əbədi olaraq təzyiq altında saxlanılmamalıdır”.

Azər Badamov: Azərbaycanda icra olunan sosial infrastruktur layihələri hər  bir vətəndaşın həyat şəraitini yaxşılaşdırıb

Azər Badamov: “Bunu İsrailin dost münasibəti kimi dəyərləndirərdim”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu İsrail tərəfin İrandakı rejimin dəyişməsini çox istədiyini və bunun üçün də ən böyük güc kimi azərbaycanlıları gördüyünü düşünür: “İsrail parlamentinin 32 deputatının Güney Azərbaycanla bağlı ölkənin Xarici İşlər Nazirliyinə müraciəti tarixi hadisədir. Birincisi, 32 deputat İsrail parlamentinin bütün üzvlərinin dörddə biridir. Bu say arta da bilər. İranda İslam inqilabından bu yana İsrail düşmən dövlət elan edilib. Halbuki İranda şah rejimi dövründə Tehranın İsraillə sıx münasibətləri var idi. İran və İsrail ABŞ-ın bölgədəki iki əsas müttəfiqi idi. İrandakı rejim İsraili düşmən ölkə elan etdikdən sonra İsrail də İrandakı rejimə qarşı mübarizəni gücləndirib. İranın nüvə çalışmaları ilk növbədə İsraili narahat edir. Çünki İran nüvə silahı əldə edərsə, İsrail hədəf götürüləcək. Buna görə də İsrail hökuməti və israilli deputatlar İrandakı rejimin dəyişməsini və bu ölkədə xalq hakimiyyətinin formalaşmasını istəyirlər. İkincisi, İsrail İrandakı prosesləri diqqətlə izləyir və haqlı olaraq bu qənaətə gəlib ki, İranda yaşayan azərbaycanlılar əsas güclərdən biridir. Bu güc İrandakı teokratik rejimi laxladacaq səviyyədədir. İrandakı rejim ən çox güney azərbaycanlı fəallardan qorxur və ən çox həbs olunanlar da məhz azərbaycanlılar arasındadır. Buna görə də İsrail Güney Azərbaycan mövzusuna diqqət ayırmağı lazım bilib. İsrailin Güney Azərbaycana artan diqqəti İran rejimi ilə yanaşı ona müxalif olan şah tərəfdarlarını da narahat edib”.

Elxan Şahinoğlu: "Laçında sərhəd məntəqəsinin yaradılması tarixi hadisədir"

Elxan Şahinoğlu: “Onun atası və babası azərbaycanlılara İrandakı rejimdən az zülm etməyib”

Siyasi şərhçi Rza Pəhləvinin atdığı tvitə də mövqe bildirdi: “İranın keçmiş şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi Tvitter hesabında İsrail parlamentinin 32 deputatının Güney Azərbaycanla bağlı ölkənin Xarici İşlər Nazirliyinə müraciəti qəbulolunmaz hərəkət adlandırıb. Pəhləvi İsrailin Knesset üzvlərinin bu müraciətini İranın ərazi bütövlüyünə qarşı addım kimi dəyərləndirib. Pəhləvinin narahatlığı aydındır. Onun atası və babası azərbaycanlılara İrandakı rejimdən az zülm etməyib, minlərlə azərbaycanlını qətlə yetiriblər, həbsxanaları günahsız insanlarla doldurmuşdular. Eyni sülalənin "layiqli" davamçısı olan nəvə Pəhləvi İsrailə dışlərini göstərməyə çalışır. Halbuki bir müddət əvvəl özü İsrailə səfər etməyi lazım bilmişdi. Yəqin Pəhləvi yanlış olaraq düşünüb ki, əgər onu İsrailə dəvət ediblərsə, İran rejiminə əsas alternativ kimi məhz onu qəbul edirlər. Pəhləvi və onun tərəfdarları son aylarda fəallaşıblar, özlərini İrandakı indiki rejimə alternativ kimi göstərməyə çalışırlar. Qərb ölkələrində siyasi sığınacaq tapan və illərdir İran rejiminə qarşı mübarizə aparan güneyli fəallar Pəhləvini İrandakı rejimə alternativ kimi görmürlər. İsrail və Qərb ölkələrinin də Pəhləvi ilə dialoquna baxmayaraq, İran rejiminə müxalif olan bütün qüvvələrlə təmas qurmağı lazım bilirlər. Bu, doğru strategiyadır. Çünki İranda rejimə qarşı mübarizə aparan fərqli millətlər, o cümlədən azərbaycanlılar həm də öz hüquqları uğrunda mübarizə aparırlar. Onlar ona görə mübarizə aparmırlar ki, Pəhləvi sülaləsi yenidən hakimiyyət başına keçsin".

Cavanşir ABBASLI,

“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR