Azərbaycan indiki kimi heç vaxt qüdrətli olmayıb; deputat: “Dövlətlər də insanlar kimidir”
Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 7-də yerli telekanallara geniş müsahibədə yerli və qlobal gündəmlə bağlı səsləndirdiyi fikirlər, verdiyi proqnoz və mesajlar, şübhəsiz, xeyli müddət təhlilçilərin və siyasət adamlarının müzakirə mövzusu olacaq. Həm də o səbəbə ki, bunu Azərbaycanı nəinki Güney Qafqazda, ondan dəfələrlə böyük coğrafiyada qlobal və regional güclər üçün vazkeçilməz dövlətə və söz sahibinə çevirmiş, postsovet məkanında öz ərazi bütövlüyü və suverenliyini güc yolu ilə bərpa edib işğala son qoymuş yeganə ölkənin rəhbəri deyir.
“Zəif ölkələrə yad, mənfi dəyərlər aşılanır. Zəif deyəndə, ölkə zəif ola bilməz. Liderlər əgər zəifdirlərsə, onda ölkə zəif sayılır”.
Bunu da İlham Əliyev həmin müsahibə zamanı söyləyib.
Şübhə yox ki, belədir. Gerçək həmçinin budur ki, Azərbaycan dünya arenasında heç vaxt indiki qədər qüdrətli və möhtəşəm olmayıb.
Azərbaycanın qələbələrində də güclü və xalqına arxalanan liderinin olması faktoru əsas rollardan birini oynadı.
Milli Məclisin deputatı Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, dövlətlər də insanlar kimidir: “Zəifi-güclüsü, iradəlisi-iradəsizi, xarakterlisi-xaraktersizi və s. olur. Şübhəsiz ki, dövlətlərin və hətta xalqların gücü, potensialı, intellektual imkanları, mədəni-mənəvi keyfiyyətləri, ilk növbədə özünü liderlərin şəxsiyyətində və həyata keçirdikləri siyasətdə büruzə verir. Böyük Britaniya tarixçisi, yazıçısı və filosofu Tomas Karleylə görə, ”bəşəriyyətin tarixini dahilərin tərcümeyi-halı təşkil edir". Dahi şəxsiyyətlərin bəşəriyyətin tarixindəki yeri və rolu haqqındakı fikirlər onların tərcümeyi-halı qədər müxtəlifdir. Lakin əksər fəlsəfi cərəyanların ilk carçıları və parlaq nümayəndələri şəxsiyyətlərin tarixi proseslərin inkişafındakı rolunun danılmaz olduğunu bildirirlər.
Elçin Mirzəbəyli
Tomas Karleyl ideya və məqsəd, həmçinin onların həyata keçirilməsi ilə bağlı mülahizə yürüdəndə də haqlıdır. Çünki o, şəxsiyyətlərin tarixdəki roluna, fransız filosofu Raymon Arondan fərqli olaraq, “təsadüflər” prizmasından yanaşmır. Yaxud Hegel kimi “tarixi reallıqları şəxsiyyətlərin yaratmadığını, onların yalnız proseslərin gedişatına təsir göstərə bildiklərini” iddia etmir və mistik “bəşəri ruh” anlayışına üz tutmur. Karleyl insan amilini və onun yüksək ideallara sahiblənərək, bütün maneələri dəf edərək hədəfinə doğru irəliləmək potensialını önə çəkir. Karleyl yazır: “İdeal (hədəf, məqsəd) sizin özünüzdədir! Bu hədəfə çatmağa mane olan sədlər də sizin öz içinizdədir. İdeya və məqsədlərinizi həyata keçirmək üçün yeganə amil isə mövqeyiniz və iradənizdir”. Qənaətimə görə, Tomas Karleyl tamamilə haqlıdır. Çünki cəmiyyətdə qəhrəmanlıq, fədakarlıq amilləri zəiflədikcə, liderlik keyfiyyətləri aşılandıqca, kütlənin gizli dağıdıcı qüvvəsi önə çıxır və bu dağıdıcı qüvvə, toplum öz gerçək qəhrəmanını yenidən kəşf edib önə çıxaranadək qarşısına çıxan hər şeyi, o cümlədən yüksək dəyərləri, yaradıcı potensialı darmadağın edir. Biz gerçək qəhrəmanların və liderlərin tarixi proseslərdəki rolunun arxa plana keçdiyi zaman kəsiyində - 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində kütləvi şüurun və antiqəhrəmanların ağır fəsadlara yol açan dağıdıcı “gücü”nün şahidi olmuşuq və nə yaxşı ki, bu proses uzunmüddətli olmayıb.
Xalqların, dövlətlərin və siyasi sistemlərin inkişaf səviyyəsindən asılı olmayaraq, şəxsiyyətlərin tarixi proseslərdəki rolu bu gün də öz əhəmiyyətini qoruyub saxlayır".
Deputat qeyd etdi ki, Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi zaman kəsiyində ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin təmin olunması, dövlətimizin nəinki regional, hətta qlobal əhəmiyyət daşıyan proseslərə təsir potensialına malik müstəqil subyektinə çevrilməsi istiqamətində böyük bir missiyanın yerinə yetirldiyini görə bilərik: “Əslində şəxsiyyətlərin tarixi proseslərin gedişatını dəyişmək bacarığının sirrini və Qərb siyasi sisteminin hansı səbəblərdən güclü xarakterə, strateji baxış bucağına malik xarizmatik liderləri sevmədiyinin səbəbini də elə burada axtarmaq lazımdır. Qlobal proseslərə illərdən bəri formalaşdırdıqları, oturuşmuş mexanizmlərlə nəzarət edən güc mərkəzlərini narahat edən əsas faktor güclü şəxsiyyət amilidir. Çünki onun manevrlərini, atacağı addımları, verəcəyi qərarları proqnozlaşdırmaq mümkün deyil, yaxud olduqca çətindir”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”