Niderland xarici işlər naziri Kaspar Veldkamp və rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri Avropa İttifaqının (Aİ) Ermənistandakı monitorinq missiyasının müşayiəti ilə Ermənistan-Azərbaycan sərhəd zonasına səfər edib. Niderland rəsmiləri sərhəddə Aİ missiyası ilə Azərbaycanın mövqelərini müşahidə ediblər. Səfərdən az öncə isə Niderlandla Ermənistan arasında strateji tərəfdaşlıq bəyannaməsi imzalanıb.
Politoloq Qabil Hüseynli Musavat.com-a şərhində bildirib ki, Niderland Ermənistanı müharibəyə təşviq etməklə və Azərbaycanın sərhədlərini qanunsuz olaraq müşahidə etməklə sülhə xidmət etmədiyini və müstəmləkəçilik xislətini bir daha ortaya qoyur:
“Bir müstəqil ölkənin sərhədini onun icazəsi olmadan gəlib müşahidə etmək beynəlxalq hüquqa tüpürməkdir. Onsuz da Niderland beynəlxalq hüququ saya saymayan ölkələrdəndir. Niderlandın müstəmləkəçilik keçmişi Asiya, Afrika və Amerikanın çoxsaylı xalqlarının əsarət altına alınması və istismar edilməsi, onlara qarşı törədilən cinayət faktları ilə zəngindir. Müstəmləkə imperiyasını qəddar taktikanın köməyi ilə genişləndirən Niderland həmişə mənfəəti insan hüquqlarından üstün tutub. Niderlandın inkişafında müstəmləkə əsarətində olan ölkələrin milli sərvətlərinin talan edilməsinin böyük payı olub. Niderland bu gün də dünyanın müxtəlif xalqlarını asılı vəziyyətdə saxlayır. Niderland həmişə ermənipərəst mövqeyi ilə seçilən dövlətlərdən biri olub. Son bir neçə ildə isə bu dövlətin ermənilərə qahmar çıxaraq Azərbaycana qarşı qərəzli mövqeni daha da gücləndirdiyi müşahidə olunur. Niderland Azərbaycanın Qarabağda erməni terrorunun kökünü kəsməsini, Azərbaycanın torpaqlarının erməni işğalından azad edilməsini həzm edə bilməyən ölkələr sırasında yer alır”.
Politoloq qeyd edib ki, Politoloq qeyd etdi ki, Niderland kimi ölkələr dünyada qarşıdurmaları, separatizmi, işğalçılığı körükləyən ölkələrdir. Ermənistan kimi ölkə ilə strateji tərəfdaşlıq sənədi imzalamaq Ermənistanı, erməniləri qızışdırmaq, qonşularına qarşı ərazi iddialarına, müharibəyə daha da həvəslənidirməkdir:
“Dünyada, Cənubi Qafqazda sülh istəyən dövlət Ermənistana dəstək verməməlidir onunla strateji tərəfdaş olmamalıdır. Əksinə, Ermənistanı indiyə qədər törətdiyi müharibə cinayətlərinə görə ən azından tənqid etməlidir, sülhə məcbur eləməlidir. Lakin təəssüf ki, biz bu gün bunların əksini müşahidə edirik. Niderland və onun kimi dövlətlər Ermənistanı sülhə deyil, müharibəyə istiqamətləndirmək yolunu seçiblər. Bölgədə onsuz da müharibə riski get-gedə artır. Niderlandın Ermənistanla strateji tərəfdaşlığı rəsmiləşdirməsi də bu riski bir qədər də artıracaq. Ona görə də Azərbaycan bütün riskləri nəzərə alıb hazırlıqlı olmalıdır”.
Etibar Seyidağa,
Musavat.com