İnsanlara hürriyət, millətlərə istiqlal!

Gizli müsəlmanlar

1907 11.10.2022 09:20 Yazarlar A A

İran dənizdə hərbi təlim keçirir, adını da nə qoysa yaxşıdır? “Məhəmməd Peyğəmbər”. Əcəb müsəlmançılıqdır. Peyğəmbərin adını bu cür ucuzlaşdırmaq nəyə lazımdır? Əgər hansısa yazıçı hətta peyğəmbərin adını çəkmədən, onu hansısa dolayısı üsulla, Ezop dilində öz əsərində, romanında təsvir eləsə, İrandan yetmiş yeddi dənə uzunsaqqal müctəhid peyda olur, fətva fətva dalıyca gəlir, ayə qoyma, kəs qabağını, vur öldür, şaxsey-vaxsey... Bəs peyğəmbərin adını dörd-beş katerin və yeddi-səkkiz qayığın iştirak elədiyi, heç bir dinc, sülh, barış missiyası olmayan hərbi təlimə vermək hansı dinə, imana sığır? Mən buna etirazımı bildirirəm, sabah da gedib səfirliyin poçt qutusuna yazılı şəkildə atmaq fikrindəyəm (yalan olmasın). Yox, əgər İran hesab edirsə müsəlman dini onun şəxsən inhisarındadır, mən pas.

Əlbəttə, İranın başqa dinsiz işlərinin yanında hərbi təlimə peyğəmbərin adını qoyması ən yüngül hərəkətdir. Məsələn, dünən Ukraynanın dinc əhalisi Rusiyanın vəhşi terror hücumlarına məruz qalırdı, onlarla günahsız insan ölürdü və Ukrayna prezidenti Zelenskinin açıqlaması vardı: “Rusiya şəhərlərimizə İran kamikadze-dronlarıyla basqın edir”. Bəs bu hərbi yardımı hansı qrafaya yazmalıyıq? İran niyə Rusiya ilə əlbir olub? Bəlkə Putin seyid nəslindəndir? Ya da Medvedyev Qum şəhərində ayətullah Qulqulbanidən dərs almışdır? Yoxsa Şoyqu tərtəmiz məşədidir? Məşədi Şoyqu - babat səslənir, sən öl.

Rusiya tərtəmiz xaçpərəst ölkəsidir, müsəlman İranın bu fani dünyada onunla əlbir olmasına hər hansı mənəvi səbəbiyyət görünmür. Yalnız terror, yalnız ara qarışdırmaq, yalnız insan azadlığına nifrət və insan düşmənçiliyi Rusiya və İranı qardaş etmişdir. Su axıb, çuxurunu tapıbdır. Üsullar azca fərqlənə bilər, ikisi də eyni rejimdir. Cənubda insan haqlarına nifrət o qədər şiddət alıb ki, artıq məktəbli qızları küçənin ortasında güllə ilə vurub öldürürlər. Saçları azca açıq olması səbəbindən. Ümumiyyətlə, insan nə qədər manyak olmalıdır ki, balaca qız uşaqlarının saçından ehtirasa gəlsin, şəhvəti oyansın, özünü idarə eləməsin? Guya qədim mədəniyyətlər beşiyi sayılan (artıq mən buna ciddi şübhə edirəm - mədəniyyət bu qədər iflasa uğraya bilməzdi) İran torpağı vəhşiliyin zirvəsini yaşamaqdadır.

Hələ Rusiya bəlkə toya getməlidir, İranın Ermənistanla əcaib qardaşlığını heç bir müsəlman camaatına izah etmək mümkün deyil. Ancaq mən təxmin edirəm. Ermənilərin az qala ilk xristian xalqlardan biri kimi tanınmasına, dünya xristian klubunun üzvü olmasına baxmayın, əslində onlar müsəlmandır. Gizli müsəlmandır. Məşədi İbadın kinosunda deyilən kimi, lap əsl müsəlmandır. Bunun belə olduğunu başa düşmək üçün uzaq Ərəbistana, yaxın Tehrana getməyə ehtiyac yoxdur, Məşədi Paşinyana baxmağımız yetər.

Zarafat bir yana, tarixən ermənilərin islam dini yayıcıları ilə çox isti münasibətləri olub. Babəki ərəblərə satan Smbatın erməni olması güman edilir. O cümlədən ərəblər Azərbaycanı işğal edəndə alban kilsəsini qəsdən erməni qriqoryan kilsəsinə tabe etdiriblər - yerli əhalinin müqavimət gücünü qırmaq, parçalamaq məqsədilə. Bunun nəticəsində Dağlıq Qarabağın alban əhalisi erməniləşməyə məruz qalıb. 1724-cü il martın 20-də isə Qarabağ erməniləri ilə Gəncə şiələri arasında ağlasığmaz bir müqavilə imzalanıb: “Əgər Osmanlı buraya gəlsə, ona qarşı birgə çıxmalıyıq”.

Ancaq bu saxta dostluqlar ermənilərin tarix boyunca imkan düşdükcə məscidləri xarabazara çevirməsinə də mane olmayıb. 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR