İnsanlara hürriyət, millətlərə istiqlal!

Gələn il üçün pul siyasəti: Mərkəzi Bank inflyasiya gözləntilərini niyə açıqlamadı?

950 31.12.2022 09:23 İqtisadiyyat A A

Qurumda hesab edirlər ki, inflyasiyanın azalması gözlənildiyindən daha uzun çəkə bilər

Azərbaycan Mərkəzi Bankı 2023-cü ildəki pul siyasətinin konturlarını açıqlayıb. Ölkədə növbəti il ərzində həyata keçiriləcək monetar siyasətin əsas istiqamətlərini əks etdirən sənəddə qeyd olunur ki, arxada qalmaqda olan 2022-ci il ərzində mürəkkəbləşən qlobal mühitdə inflyasiya təzyiqləri güclənsə də Azərbaycanda xarici sektor göstəriciləri yaxşılaşıb, iqtisadi artım tempi yüksəlib.

Postpandemiya dövrü kimi xarakterizə olunan cari ildə yüksək inflyasiya, qlobal geosiyasi gərginlik fonunda iqtisadiyyatlarda artım tempinin zəifləməsi müşahidə olunub. Bu tendensiya beynəlxalq təşkilatların qlobal iqtisadiyyatla bağlı proqnozlarında korrektələrə səbəb olub. Məsələn, Beynəlxalq Valyuta Fondunun (BVF) 2022-ci ilin oktyabrında dərc etdiyi hesabatında qlobal artımın 2022-ci ildə 3.2 faiz olacağı proqnozlaşdırılır ki, bu da yanvar proqnozuna nəzərən 1.2 faiz bəndi azdır. Qlobal tələbin təklifdən daha yüksək templə bərpası və geosiyasi qarşıdurma, qarşılıqlı sanksiyalar dünya əmtəə qiymətlərində, xüsusilə enerji və ərzaq qiymətlərində I rübdə rekord artımlara gətirib. Beynəlxalq təşkilatların məlumatlarına görə, cari ilin mart ayında ötən ilin eyni ayı ilə müqayisədə enerji qiymətləri 106 faiz (Dünya Bankı), ərzaq qiymətləri 34 faiz (BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı - FAO) yüksəlib.

İlin sonuna doğru qiymət artımları tədricən səngisə də yüksək olaraq qalır. Brent markalı neftin orta qiyməti 2022-ci ilin 11 ayında 100.9 ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ilin orta qiymətindən (71 ABŞ dolları) 42 faiz çoxdur. Təbii qazın qiyməti də cari ildə rekord həddə çatıb. Birja əmtəələrinin kəskin bahalaşması şəraitində cari ildə dünyanın əksər ölkələrində gözləniləndən daha yüksək və qalıcı inflyasiya müşahidə edilib. Daşınma-logistika xərclərinin artması və çatdırılma müddətinin uzanması dünyada inflyasiya proseslərinin güclənməsinin əsas səbəblərindən olub. Noyabrda Azərbaycanın ticarət tərəfdaşı olan ölkələrdə orta illik inflyasiya 20 faiz təşkil edib.

Ölkə tarixinin ən böyük büdcəsi: 2023-cü ildə gəlirlərimizi nə artıracaq? -  rəy

Bütün bunların fonunda yaranan yeni qlobal iqtisadi reallıqların ölkə iqtisadiyyatına təsirləri birtərəfli olmayıb: “Bir tərəfdən yüksək qlobal əmtəə qiymətləri və daşınma-logistika xətlərində problemlərin artması Azərbaycanda da inflyasiya təzyiqlərini artırıb. Digər tərəfdən, Azərbaycanın əsas ixrac məhsullarının bahalaşması ölkənin tədiyyə balansına, valyuta bazarında tarazlığa və iqtisadi aktivliyə pozitiv təsir göstərib. İlin 11 ayında tədiyyə balansının əsas komponenti olan xarici ticarət balansında 23.5 milyard ABŞ dolları məbləğində və ya ötən ilin müvafiq dövrünə nəzərən 2.5 dəfə çox müsbət saldo yaranıb. Profisitli tədiyə balansı şəraitində ölkənin strateji valyuta ehtiyatları 11 ayda 12.3 faiz  və ya 6.5 milyard ABŞ dolları artaraq 59.8 milyard ABŞ dollarına çatıb. 2022-ci ildə ölkədə iqtisadi fəallıq yüksək qalıb, onun perspektivləri ilə bağlı gözləntilər nikbin olub”.

Cari ildə dövlət tələbi məcmu tələbin başlıca mənbələrindən biri olaraq qalıb. 11 ayda dövlət büdcəsi xərcləri ötən ilin eyni dövrünə nəzərən 16.4 faiz, o cümlədən cari xərclər 11.6 faiz, əsaslı xərclər 39 faiz artıb. 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklərlə dövlətin investisiya xərclərinin artırılması cari ilin 11 ayında iqtisadi aktivliyə əlavə dəstək verib.

Mərkəzi Bank bildirir ki, 2022-ci ildə pul siyasəti adekvat monetar şərait vasitəsilə inflyasiya təzyiqinin yumşaldılmasına yönəldilib, pul siyasəti ilə məcmu tələbin izafi artımı məhdudlaşdırılıb. Pul siyasətinin yeni əməliyyat çərçivəsinin tətbiqinə başlanılması ilk dəfə faiz dəhlizinin banklararası bazara təsir göstərməsinə imkan verib: “Valyuta bazarında tarazlıq, nominal effektiv məzənnənin bahalaşması və qəbul edilən pul siyasəti qərarlarının təsiri altında formalaşan monetar şərait inflyasiya təzyiqlərini əhəmiyyətli məhdudlaşdırıb. Faktiki inflyasiyanın dinamikası inflyasiya gözləntilərinə də təsir edib. Dekabr ayında aparılan sorğulara görə, ev təsərrüfatlarının 81.9 faizi inflyasiya gözləyir. O cümlədən respondentlərin 22.4 faizi inflyasiya tempinin yüksələcəyini düşünür. Real sektor müəssisələri arasında aparılan monitorinqin nəticələrinə görə isə inflyasiya gözləntiləri 11 ayda orta hesabla ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sənayesində və tikintidə azalıb, ticarət və xidmət sektorunda artıb. Hesabat dövründə tədiyə balansının iri həcmli profisiti valyuta bazarında tarazlığa müsbət təsir edib ki, bu da qiymət sabitliyinin başlıca lövbərini - məzənnə sabitliyini dəstəkləyib. 2022-ci ilin 11 ayında manatın qeyri-neft ümumi ticarət çəkili nominal effektiv məzənnəsi 7.9 faiz bahalaşıb ki, bu da inflyasiyaya məhdudlaşdırıcı təsir edib. Təhlillər göstərir ki, nominal effektiv məzənnənin 10 faiz bahalaşması inflyasiyanı təqribən 3 faiz bəndi azaldır”.

2022-ci ildə Mərkəzi Bankın təklif etdiyi yeni alətlər içərisində sterilizasiya yönümlü alətlərə tələbat daha yüksək olub. Belə ki, sentyabr-noyabr aylarında 1 günlük depozit əməliyyatlarının orta günlük həcmi 456.6 milyon manat olub. Mərkəzi Bank 2022-ci ilin oktyabr-noyabr aylarında likvidliyin effektiv idarə olunması məqsədilə müxtəlif müddətli 34 not hərracı keçirib. Ümumilikdə, noyabrın sonuna notlar vasitəsilə sterilizasiya olunmuş vəsaitin toplam qalığı 1 milyard 170 milyon manat təşkil edib.

Maraqlıdır ki, Mərkəzi Bank 2023-cü il üzrə hədəf inflyasiyası gözləntisini açıqlamayıb. Daha doğrusu, gələn il Azərbaycanda gözlənilən inflyasiya səviyyəsinə dair proqnozlaşmadan yayınıb. Siyasət sənədində qeyd olunur ki, geosiyasi gərginlik fonunda növbəti ildə də qlobal əmtəə qiymətlərinin dinamikası dünya ölkələrində inflyasiya proseslərinə təsir göstərən əsas amillərdən biri olacaq: “Beynəlxalq təşkilatların son hesabatlarına əsasən qlobal iqtisadi artımın zəifləməsi dünya əmtəə qiymətlərindəki artımın 2023-cü ilin sonlarına doğru nisbətən səngiyəcəyini gözləməyə imkan verir. Bu da ayrı-ayrı ölkələrdə inflyasiyanın tədricən azalmasına təsir edə bilər. BVF-nun son proqnozlarına görə, 2023-cü ildə dünyada inflyasiya orta hesabla 6.5 faiz olacaq ki, bu da 2022-ci ildəkindən 2.3 faiz bəndi aşağıdır. Bununla belə, qeyd olunan amillərin qaldığı şəraitdə inflyasiyanın yalnız 2024-cü ildə mərkəzi bankların hədəf dairəsinə geri dönəcəyi proqnozlaşdırılır. Dünyadakı geosiyasi vəziyyət yüksək qeyri-müəyyənlik yaratmaqla inflyasiyanın proqnozdan kənarlaşma riskinin qalmasına gətirib çıxarır. İqtisadi artımın zəifləməsi qlobal ticarətin dinamikasına da təsir edəcək. Son proqnozlara görə, dünya ticarətinin 2023-cü ildə 2.5 faiz artacağı gözlənilir ki, bu da daha öncə verilmiş proqnozdan 0.7 faiz bəndi azdır. Dünya ticarətinin dinamikasına qlobal borc yükünün həddindən artıq şişməsi, inkişaf etmiş ölkələrdə faizlərin yüksəlməsi, dünya ticarətində dominant rola malik olan dolların bahalaşması əhəmiyyətli təsir edəcək. Neftin dünya qiyməti növbəti ildə də qlobal iqtisadi aktivlik, geosiyasi amillər və OPEC++ çərçivəsində qəbul edilən qərarların təsiri altında formalaşacaq. Başlıca analitik mərkəzlərin proqnozları əsasında (BVF, Dünya Bankı, ABŞ Enerji Agentliyi, Standard Chartered, Fitch, Barclays və s) 2023-cü ilə konsensus qiymət 1 barelə görə 92 ABŞ dolları, o cümlədən BVF tərəfindən 85.5 ABŞ dolları səviyyəsində qiymətləndirilir. Ümumilikdə 2023-cü ildə iqtisadi artımın zəifləməsi fonunda dünyada neftə tələbin stabilləşəcəyi proqnozlaşdırılır. Azərbaycan iqtisadiyyatının fəaliyyət mühitinin yüksək dəyişkənliyini nəzərə alaraq Mərkəzi Bank 2023-cü ildə də makroiqtisadi proqnozları müxtəlif ssenarilər üzrə müntəzəm yeniləyəcək”.

2023-cü il büdcəsinin gəlir və xərcləri AÇIQLANDI

2023-cü ildə əsas ixrac məhsulları üzrə dünya qiymətləri, ticarət tərəfdaşlarında makroiqtisadi durum, qeyri-neft məhsul və xidmət ixracı potensialının reallaşması Azərbaycanın tədiyyə balansına təsir göstərən əsas amillər olacaq: “Mövcud monetar şəraitin saxlanılması 2023-cü ildə illik inflyasiya göstəricilərinin dinamikasından və yenilənmiş proqnozların hədəf diapazonundan kənarlaşma səviyyəsindən asılı olacaq. İllik inflyasiya göstəricilərinin və proqnozlarının hədəfə yaxınlaşması baş verərsə, ilk olaraq monetar şəraitin dəyişilməz saxlanılması, sonrakı mərhələdə isə onun yumşaldılması imkanları nəzərdən keçiriləcək. Xarici mühitlə bağlı yüksək qeyri-müəyyənliklər növbəti ilə inflyasiyanın proqnozlaşdırılmasını çətinləşdirir. Növbəti ildə də dünya bazarında birja əmtəələrinin qiymətlərinin dinamikası, tərəfdaş ölkələrdə inflyasiya prosesləri və daşınma xərcləri ölkədəki inflyasiya proseslərinə təsir göstərəcək. Ortamüddətli dövrdə inflyasiyanın xarici amillərinin səngiməsi və hökumətlə birlikdə həyata keçirilən antiinflyasiya tədbirləri nəticəsində inflyasiyanın tədricən hədəf diapazonuna doğru hərəkət edəcəyi proqnozlaşdırılır. Artmaqda davam edən inflyasiya təzyiqlərinin inersiyası nəzərə alınmaqla onun azalması tədricən baş verəcək və bu proses gözlənildiyindən daha uzun çəkə bilər”.

Pul siyasətinin əməliyyat hədəfi olaraq pul bazarında qısamüddətli faizlərin Mərkəzi Bankın faiz dəhlizinə yaxınlaşması üçün 2023-cü ildə Mərkəzi Bank arsenalındakı bütün alətlərdən adekvat istifadə edəcək.

Mərkəzi Bank 2023-cü ildə də pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi istiqamətində bank ictimaiyyəti, maliyyə bazarlarının peşəkar iştirakçıları və müstəqil ekspertlərlə aktiv dialoqu davam etdirəcəyini bəyan edir.

AMB-nin pul siyasəti sənədindən aydın olur ki, yeni bank qanunvericiliyinin qəbul edilməsi nəzərdə tutulur və bu, Mərkəzi Bankın mandatının effektiv həyata keçirilməsinə zəruri dəstək verəcək. Qurum əmindir ki, inflyasiyanın hədəflənməsi rejiminə keçid istiqamətində görülən işlər tədricən inflyasiya proseslərinin faiz dərəcələri vasitəsilə idarə edilməsinə imkan verəcək. Amma inflyasiyanın hədəf çərçivəsində idarə edilməsi əhəmiyyətli dərəcədə makroiqtisadi siyasət institutları arasındakı koordinasiyanın effektivliyindən asılı olacaq. Buna görə də inflyasiyaya qeyri-monetar faktorların təsir potensialını nəzərə almaqla iqtisadi siyasətin bütün istiqamətləri, xüsusilə, fiskal və monetar siyasət arasında koordinasiyanın gücləndirilməsi təşəbbüsləri davam etdiriləcək.

Qeyd edək ki, AMB 2023-cü ildə faiz dəhlizinin parametrlərinə dair 8 dəfə qərar qəbul edəcək: 1 fevral, 29 mart, 3 may, 21 iyun, 26 iyul, 20 sentyabr, 1 noyabr, 20 dekabr.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR