İnsanlara hürriyət, millətlərə istiqlal!

“Gədəbəydəki olay təsadüfi deyil...” - Novella Cəfəroğludan ilginc açıqlamalar

1837 24.06.2023 08:52 Müsahibə A A

“Məqam gözləyirlər ki, Azərbaycanı vursunlar...”

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu son günlərin gündəmi ilə bağlı “Yeni Müsavat”a müsahibə verib. Müsahibəni təqdim edirik.

- Novella xanım, necəsiniz, işləriniz necə gedir? Ölkədə baş verənləri necə dəyərləndirirsiniz?

- Deyim ki, çox gözəl gedir, yox. Həmişəki kimi, insanlar gəlirlər, ərizələrlə müraciət edirlər. Ərizələr həddən artıq çoxdur. Əsas müraciətlər qadınlardan gəlir. Hazırda monitorinq qrupuna rayonlardan müraciətlər daxil olub, onlara baxırıq. İşimiz həddən artıq çoxdur. Ondan başqa, Azərbaycanda baş verənlər, siyasi vəziyyət bizi çox narahat edir. Misal üçün, Gədəbəydəki hadisə çox ürəkağrıdıcı məsələdir. Bu məsələyə də münasibət bildirmək istəyirik. Bu gün özümüzdən başqa bizə heç kim dəstək olmayacaq. Azərbaycanda elə bir mühit yaratmalıyıq ki, millət hökumətlə bir yerdə olsun, kənardan bizə təzyiq olmasın. Onu da edə bilmirik. Gədəbəydə baş verən hadisə hamını hiddətləndirib. Amma bunun qarşısını almaqdan ötrü hamımız, jurnalistlər, QHT-lər birləşib bir konsepsiya yaratmaq lazımdır ki, məhkəmələrdə, dövlət strukturlarında məmurlar özlərini hegemon kimi aparmasınlar. İslahatlar olsun.

- İslahatlardan söz düşmüşkən, elə bu cür problemlərin həlli üçün bir neçə ildir Azərbaycanda dövlət qurumları yanında ictimai şuralar yaradılıb. Şuranın yaradılmasında məqsəd dövlət qurumlarının fəaliyyətinə nəzarət etmək idi. Amma görünən odur ki, bu şuralar da özlərini həmin qurumların işçiləri kimi aparırlar. Misal üçün, elə Gədəbəydə baş verən olayla bağlı həmin şuralar elə fəaliyyət göstərə bilərdilər ki, vəziyyət bu hala çatmazdı...

- Düzdür, ETSN-dən olan ictimai şura, DİN-də olan ictimai şuralar gedib Gədəbəydə məsələni araşdırıb, təmiz söz deməliydilər. Bilirsiniz, hər şeyi istəyirlər hökumətin boynuna atsınlar. O insanları ora gətirən nə idi? On ildən çoxdur ki, orada bu proses gedir. Bunun kökünü bilmək lazımdır. Kimdir bunları birdən-birə qaldıran? Polislərin o geyimdə çıxması, sadə insanların qarşısına elə çıxmaq nə dərəcədə düzgündür? Bunların hamısının kökündən dəyişməsi üçün ictimaiyyət - jurnalist, hüquq müdafiəçiləri, deputatlar birləşib konfrans keçirməlidir. Hökumət etsin bunu, islahatlara nə cür başlayaq?

Mən yaşlı, qoca vaxtımda çalışıram ki, ölkəmizdə əmin-amanlıq olsun. Çünki heç kim bizimlə bağlı sevə-sevə söz demir. Ancaq məqam gözləyirlər ki, Azərbaycanı vursunlar. Bunun üçün bir qurum yaradılmalıdır, bütün bunlar birbaşa Prezidentə çatdırılmalıdır. Məhkəmələr düzgün, ədalətli qərarlar verməlidir. İnanmıram ki, Vilayət Eyvazov əmr verə ki, polis bu formada, bu geyimdə insanlara hücum çəksin. Buna inanmıram. Polis asayişi qorumalıdır. Amma əliyalın qoca qadınların üzərinə silahla hücum qəbuledilməzdir. İnanıram ki, daxili işlər naziri özü bunu araşdıracaq, öz sözünü deyəcək. 

- Bəziləri bildirir ki, indiki məqamda, sülh danışıqları ilə bağlı pozitiv istiqamət görünən vaxtda ölkədə sanki qarışıqlıq yaratmaq istəyirlər?

- Yüz faiz səbəb odur. Niyə? Elə Gədəbəy məsələsinin də arxasında kimlərsə durub, bunu demişəm. Çünki Gədəbəy camaatı bizə, hüquq müdafiəçilərinə müraciət etməyib. Elə götürək, “Yeni Müsavat” qəzetini, hamı üçün açıq olan media qurumudur, sizin redaksiyaya Gədəbəydən bir məktub, şikayət daxil olubmu ki, bizim başımıza belə oyun açırlar deyə.

- Bildiyim qədər, yox.

- Mən demirəm, orada problem yoxdur, var, amma bizə, sizə gəlsəydilər, problemi ortaya çıxarardıq, işıqlandırardıq, səs-küysüz hökumətə çatdırardıq. İnsidentsiz ötüşərdi. Ona görə razıyam, bu gün çox həssas olmalıyıq. Bütün bunlar hamısı sülh məsələsi ilə bağlı qabardılır.

- Novella xanım, əvvəllər sizin Avropa Şurasının həmməruzəçiləri ilə tez-tez görüşləriniz olardı. Bir sıra məsələləri qaldırırdınız. Pandemiyadan sonra sanki azalıb. Bu nə ilə bağlıdır? Hökumətlə danışıqlarda bu məsələni diqqətə çatdırırsınızmı?

- Yox, qətiyyən, indi də bizimlə danışırlar. Avropa İttifaqının səfiri ilə biz çox gözəl münasibətdəyik. Sözümüzü də deyirik. Sadəcə olaraq Avropa Şurasına indi gedə bilmirik. Pandemiya oldu, neçə il getmədik. Doğrudan da, o zaman imkanlarımız var idi, proyektlər alırdıq. Sadəcə olaraq iki il əvvəl təklifimizi vermişdik. Dedik, Avropa Parlamentində deputatlarla bir prezentasiya edək. Amma qəbul olunmadı. Gec deyil, indi də danışmaq olar. Bu günlərdə Avropa Şurasında Laçın koridoru məsələsi müzakirə ediləcəkdi. Gədəbəydə olay çıxması heç də təsadüfi deyil.

- Belə bir gərgin məqamda İranın da Azərbaycana qarşı çirkin əməlləri göz qabağındadır. Elə dörd aydan çoxdur gizli saxlanılan, sonra da casus adı ilə həbs olunan vətəndaşımız Fərid Səfərlini götürək. Hələ İrana müalicə üçün gedən neçə vətəndaşımız da orada itkin düşüb. Hüquq müdafiəçisi kimi sizin bu məsələlərə münasibətinizi bilmək istərdik?  

- Güneydən çox azərbaycanlı bura gəlir. Oradan qaçan, siyasi motivlərlə gələnlər vardı. Biz də İrandan gələnlərin hamısını qəbul edərik. Amma bir aydan sonra dövlətinə qaytarırıq. Həbs edənlər də özümüzünkülərdir. Kim ki, İranın radikal qüvvələrinə işləyir, onları həbs edirlər. Amma İran əvvəldən hiylə işlədib. 30 ildir İranın hesabına əziyyət çəkirik. 30 il İran ermənilərə köməklik göstərdi. Zəngəzurdan, Mehri tərəfdən İrana maşınlarla silah, benzin, hər şey göndərdi. İndi də bu davam edir. Ermənilərə o qədər dəstək oldu, həm Birinci Qarabağ müharibəsində, həm 44 günlük müharibədə biz bunu gördük. İran da Zəngəzur yoluna qarşı çıxır, çünki istəyir ki o yol şimali-cənub tərəfindən keçsin. Olsun da, biz buna qarşı çıxmırıq ki, yollar açılsın da. Bizim hökumət hər zaman İranla münasibətdə özünü çox loyal, diplomatik aparıb. Ancaq səfirliyimizə qarşı törədilən terror hadisəsindən sonra etirazımızı bildirdik. Amma orada 30 milyondan çox azərbaycanlı var. Azərbaycan istəsə, 30 milyon azərbaycanlını hökumətə qarşı qaldıra bilməz?! Amma heç vaxt bunu etməyib. Azərbaycan çalışıb ki, insident olmasın. Prezident özü də bildirib ki, hər bir azərbaycanlının haqqını qoruyacaq. Amma onların işinə müdaxilə etmədi. Budur bizim hökumətin, dövlətin böyüklüyü. Amma onlar nə etdilər? Öz əməllərindən dönmədilər.

- Sizcə, Azərbaycanda siyasi məhbus kimi təqdim edilənlərin problemi nə zaman tam həll olunacaq?

-  Yenə deyirəm, elə bir konfrans olmalıdır ki, sözümüzü deyə bilək. Misal üçün, Əvəz Zeynallıya ehtiyac var, onun yanına kömək üçün o qədər insan gəlirdi. Mitinqə çıxmırdılar, gəlib onun otağında sözlərini deyirdilər. Onu saxlamaq lazım idi. Camaat danışmaq üçün aksiya keçirmək deyil, onun pəncərəsinə gəlirdi. Bunları gərək hökumətdəki məmurlar başa düşsünlər. Məhkəmə bunu başa düşsün. Hər şeyi Prezident etməli deyil ki. Bunların hamısını Prezidentə çatdırmaq lazımdır. Mən istəmirəm ki, kişi olmayan kişilər bizə irad tutsunlar. Dəyişikliklər etmək olar. Azərbaycan təbii sərvətlərinə görə o qədər dövlətlidir ki, neftdən çox geologiyadan gəlir götürə bilər. Sadəcə, çox çalışmaq, millətin sözünə sevə-sevə qulaq asmaq, pis hərəkət edəndə də başa salmaq lazımdır. Bunda vətəndaş cəmiyyətinin köməyinə ehtiyac var. Bu gün mənim böyük arzum Zəngəzur dəhlizi ilə bağlıdır. Təklif də vermişik ki, Zəngəzur dəhlizi ilə bağlı böyük konfrans edək, dünyadan insanları çağıraq, hətta Ermənistandan da nümayəndələr çağıraq. Bu dəhlizin bütün ölkələrə nə dərəcədə əhəmiyyətli olmasını göstərək, sübut edək. Layihəmizi göndərmişik, hələ ki qəbul edilməyib. Bu forum konfliktin həllinə də yönələ bilər. Bu həm də ermənilərlə bir yerdə işləməkdir. Başa düşməyənlərə də demək lazımdır ki, ay bədbəxtlər, sizin üçün çıxış yolu ancaq Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizi ilə ermənilər bütün dünyaya çıxacaqlar.

- Bayaq da dediniz, yaşınızın bu çağında bu qədər iş görürsünüz. Jurnalist olaraq da nə zaman zəng vursaq, görüşmək istəsək imtina etməzsiniz. Ölkədə  sizdən savayı az sayda hüquq müdafiəçisi var. Bəzən sizi tənqid edirlər ki, gənclərə yol açmırlar. Gənc hüquq müdafiəçiləri yetişdirilirmi? Kimlər yolunuzu davam etdirəcək?

- Bütün qızlarım regionlarda hüquq müdafiəçisi kimi çalışır. Masallıda, Qazaxda, Xaçmazda, Göyçayda, Gəncədə Bakının özündə, hər yerdə gənc kadrlar yetişdirmişəm. Bir nəfər çıxsın desin ki, Novelladan çox mən gənc hazırlamışam. Heç kim bunu deyə bilməz. Mənim günahım nədədir ki, siz mənə zəng vurursunuz. O cavan hüquq müdafiəçiləri işləsinlər, o deyirlər e Səidə, Novella, Səadət xanım çəkilsin kənara. Çəkilmişik, ortalığa düşən yoxdur. Biz bütün riskləri görmüşük, döyülmüşük, söyülmüşük, amma bu yoldan əl çəkməmişik. Çıxsınlar ortaya, ən əsası iş qoysunlar. İşləmək istəməyənlər belə danışır. Bax, qocayam, evimdə oturmuşam, dünən dörd nəfər gəlib. Qazilər, həbsdə olanların qohumları gəlib kömək istəyirlər. Nə deyim, deyim ki, sizi müdafiə etmirəm.

- Bu qədər müraciətlər, bu qədər iş, çətin deyil ki?

- Əlbəttə, çətindir, qızım. Mənim bu yaşımda bu qədər işi görməyimə, qohum-əqrəbam da hamısı deyir ki, yorulmadın?! Bəlkə də bu, mənə daha da çox güc verir ki, mən kiməsə lazımam. Sözsüz ki, yoruluram. Amma hökumətə də sözümü deyirəm, onlar məni dinləyib, qəbul edəndə bu da məni qürurlandırır ki, sözüm keçir. Hökumət də bilir ki, mən dövləti sevən adamam. Mən dövlətə qarşı heç vaxt çıxış etməmişəm, etmərəm də. Hakimiyyətdə olanları həmişə tənqid etmişəm. Doğrudan da çox cavan var, işləyirlər də. Biz də cavan olmuşuq, yerimizi onlar tutacaqlar. Elə olsun ki, siyasi məhbus, problemlər olmasın, biz də işsiz qalaq. 44 günlük müharibədən sonra o qədər qürurluyam ki, ermənilərin, hətta  gürcülərin yanında başı dik gəzirəm. Bu Azərbaycanı elə qorumalıyıq ki, bütün torpaqlarımızı, hətta vaxtilə gedən torpaqlarımızı da qaytaraq...

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR