İnsanlara hürriyət, millətlərə istiqlal!

Gecə zənglərinin məntiqi

2149 14.09.2022 09:10 Yazarlar A A

Yaxud keçəl bizə çatanda

Ukrayna son günlər Xarkov vilayətində sürətli hücuma keçib rus ordusunu biabırçı şəkildə qaçmağa məcbur edəndə bir çox beynəlxalq hərbi ekspertlər belə rəy verdilər ki, bu hücum taktikası Azərbaycanın 2020-ci ildə tətbiq elədiyi hərbi əməliyyata çox oxşayır. Əsas oxşarlıq da nə imiş? Ukrayna ordusu yaşayış məntəqələrinə, onların qarşısında rusların nisbətən möhkəmləndirilmiş mövqelərinə hücum etmədən, məntəqələrin yanından keçərək düşmənin arxasına çıxıblar, təminat yollarını bağlayıblar.

Doğrudan da cəbhədə durduğun yerdə rəqibin sorağı sənin arxadan, dərinliklərdən gəlirsə, bu zaman panikaya düşməmək çox çətindir. Ancaq ekspertlər Ukrayna ilə Azərbaycanı bənzədəndə bir mühüm səhvə yol vermişdilər. Bizim ordu hücuma keçərkən yaşayış məntəqələrinə girməsi həm də ona görə lazım deyildi ki, belə məntəqələr, ümumiyyətlə, qalmamışdı! Ermənistan 30 illik işğal dövründə onların demək olar hamısını yandırıb yer üzündən silmişdi. 2020-ci ilin oktyabrında bir Füzuli sakininin şərhini heç unutmuram: “Ordumuz bizim kəndi azad elədiyini öncə başa düşməyib, kəndin yanından keçib gediblər. Evlər o dərəcədə dağıdılıb”.

Əlbəttə, ekspertlər canlı olaraq ərazini görmür, xəritədə baxırdılar ki, Azərbaycan Ordusu Cəbrayıl şəhərini azad elədi, sonra qabağa gedib Füzuli şəhərinin yanından keçməklə Hadruta girdi və sairə. Ona görə belə müqayisələr aparırlar. Bu şəhərlərin yalnız adının qaldığını, xəritədə kiçik dairəciklərdən ibarət olduğunu o zaman çoxları başa düşməmişdi, görünür, hələ də anlamırlar.

Beynəlxalq siyasətdə belə yanlış dəyərləndirmələr çoxdur. Son atışmalar zamanı Paşinyanın gecə Makron, Putin və İranın başçısı (adını bilmirəm, heç vacib də deyil) ilə zəngləşdiyi açıqlandı. Alabəzəkliyə baxırsınızmı? Biri guya Avropanın demokratiyasını təmsil edir. İkincisi hazırda dünyanı nüvə silahı ilə hədələyir, beynəlxalq böhranın əsas banisidir. Üçüncüsü də ki, Allaha şükür, din qərdeşimizdir. Buyur. Bu necə beynəlxalq hüquq, sivil münasibətlər sistemi, nə bilim, lap elə ilahi ədalətdir ki, işğalçı ilə işğal edilən eyni tərəziyə qoyulur? Azərbaycanda hansı siyasi sistemin olmasının buna dəxli yoxdur, çünki ilk növbədə insanın yaşamaq hüququ var və Ermənistan 30 il bizim bu haqqımızı tapdayıb. Böyük bir regionu adam yaşamayan boz zonaya çevirib. Lakin bu, Fransa rəhbərinin erməni lideri ilə danışmasına heç bir əngəl törətmir. Hazırkı dünyanın məntiqi ilə, Paşinyan ya Makrondan, ya Putindən yardım istəməlidir (hələ İranı qoyaq qalsın, beynimizi çox qarışdırmayaq). Ancaq ondan da istəyə bilir, bundan da.

Təbii, istəməyə söz yox, hamının könlündən nəsə keçər. Ancaq dərd ondadır ki, onlar istəyir, bunlar da verir. Paşinyan dünən erməni parlamentində deyirdi: “Azərbaycan bizi ərazi bütövlüyünü tanımağa məcbur etmək istəyir”. Bunun tərs mənası nədir? “Biz Azərbaycanın ərazi bütövlüyünü tanımırıq”. İzahı da var: “Qarabağ xalqının (bu da təzə xalq növüdür - Z.H.) taleyini həll etməliyik, ancaq Azərbaycan bunu qəbul etmir, özünün daxili işi adlandırır”. Yaxşı, indi gəlin o gecə zənglərinin ünvanlarının rəsmi mövqeyinə baxaq. Fransa, Rusiya və İran Azərbaycanın ərazi bütövlüyünü tanıyırmı? Tanıyır. Bəs niyə Paşinyanla zəngləşirlər?

Rusiya Ukraynanı da elə bu “məntiqlə” işğal edib: “Luqansk və Donetsk xalqlarının hüquqları qorunmalıdır” və sairə. Yenə İranı qoyuram qırağa, Fransa belə xalqların varlığını qəbul edirmi? Etmir. Tam haqlı olaraq. Luqansk və Donetskdə ruslar yaşayır, ancaq bununla “Luqansk və Donetsk xalqları” yaranmır. Azərbaycanda da ermənilər yaşayır. Bununla onlar avtomatik “Qarabağ xalqı” olur? Olmur. Çünki ona qalsa mən də şampan içəndə fransıza çevrilərdim.

Bəs niyə Qafqaza gələndə bunların rəngi dəyişir? Niyə bizə gələn keçəlin saçı dabanından olur?

Məntiqdən çox yazdıq, başımızı ağrıtmayaq, bu haqda yaxşı bir pritça var: “Bir nəfər gəlir laqeydlər cəmiyyətinə üzv olmağa. Soruşurlar qadınlara münasibəti necədir. Deyir qadınlar vecimə deyil. Kişilər haqda sual verilir, deyir onlar da vecimə deyil. Hökumətə, siyasətə, söz azadlığına, qısası, dünyada hər şeyə laqeyd olduğunu açıqlayır. Bu zaman komissiya sədri  100 manat çıxarır atır yerə. Adam götürür pulu, basır cibinə. Sədr deyir bəs sən hər şeyə laqeyd idin, məntiq hanı? Adam deyir: "Məntiq də vecimə deyil".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR