İnsanlara hürriyət, millətlərə istiqlal!

Gecə görüntüsünün açıq qalması, yaxud İsmayıllı bələdiyyəsinin saytı necə qorunur

1968 14.05.2023 20:29 Yazarlar A A

Mayın 11-də xəbər lentindən belə informasiya keçmişdi: “İnformasiya təhlükəsizliyi tələblərinə cavab vermədiyindən 6 dövlət informasiya ehtiyatının fəaliyyəti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİT DX) tərəfindən dayandırılmışdır. Aparılan audit yoxlamaları nəticəsində müəyyən edilmiş təhlükəsizlik risklərinin aradan qaldırılmaması səbəbindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin http://ayl.eco.gov.az, Xarici İşlər Nazirliyinin http://aida.mfa.gov.az və http://nakhchivan.mfa.gov.az, Qusar Rayon Gənclər və İdman İdarəsinin http://qusar-gii.gov.az, Gəncə Avtomobil Zavodunun http://ganjaauto.gov.az və İsmayıllı Rayon Bələdiyyəsinin http://ismayilli-bl.gov.az elektron informasiya ehtiyatının fəaliyyəti dayandırılmışdır. Bu saytlarda informasiya təhlükəsizliyi üzrə çatışmazlıqlar aidiyyəti qurumlar tərəfindən aradan qaldırıldıqdan sonra onların fəaliyyəti bərpa ediləcəkdir”.

Açığı, mən hər gün İsmayıllı bələdiyyəsinin, o cümlədən Gəncə Avtomobil Zavodunun fəaliyyətiylə maraqlandığım üçün bu saytların bağlanması heç xoşuma gəlmədi. Lakin saytların düşmən əlinə keçməsini də istəməzdim. Birdən onlar Qusar gənclər və idman idarəsinin saytından nəsə təxribatçı məlumat yaydılar, nəticədə rayonda gənclərin vətənpərvərlik tərbiyəsi pozuldu, o zaman başımıza haranın daşını tökərik? İnformasiya təhlükəsizliyi indiki zəmanədə olduqca vacibdir. Xüsusilə, bələdiyyələrimizin sayt adında “bl” qısaltmasının getməsini indi öyrəndim və xeyli sevindim. Dəqiq tapıntıdır.

Ancaq ortada bir neçə anlaşılmazlıq var, ümid edirəm XRİT buna aydınlıq gətirər, çünki dövlətçiliyin keşiyində durmaq hər vətəndaşın borcudur. Mən də ortaya çıxardığım müəyyən problemi yazmalıyam.

Birincisi, bizim informasiya təhlükəsizliyi haqda rəsmi qanun-qaydalara Gəncə Avtomobil Zavodunun (GAZ) da girdiyini şəxsən mən bilmirdim. Nəyə görə? Çünki həmin qaydalara görə “dövlət informasiya ehtiyatı” deyərkən bunlar nəzərdə tutulur: “mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər, həmçinin yerli özünüidarəetmə orqanları (bundan sonra – qurumlar) tərəfindən formalaşdırılan elektron sənədlər və ya sənədlər toplusundan (sənədləşdirilmiş informasiyadan) ibarət məlumat bazaları, reyestrlər və digər informasiya resursları”. GAZ-ın dövlətə məxsus olması heç yerdə yazılmayıb, ən azından bizə həmişə onu direktoru Xanlar Fətiyev olan özəl zavod kimi təqdim ediblər. Bəzən də istehsalat birliyi yazırlar, ancaq nəyin birliyidir, səhmdarları kimdir, Xanlar müəllim yenə deputatdırmı – şəxsən mən bilmirəm, bilənlər bilməyənlərə xəbər versin.

İkincisi, heç zavodun saytında da bu haqda məlumat yoxdur. İndi hörmətli oxucular şübhə ilə mənə deyər ki, hardan bilirsən, axı zavodun saytını dövlət bağlayıbdır? Hə, bax, burda maraqlı məsələ ortaya çıxır. O məsələ isə budur ki, zavodun adını internetə axtarışa verib saytını tapanda ora girmək olur, lakin XRİT-in saytındakı xəbərdarlıq bölməsindəki linkdən girmək olmur, orda  “İnformasiya təhlükəsizliyi tələblərinə cavab vermədiyindən informasiya ehtiyatının fəaliyyəti dayandırılmışdır!” elanı olan səhifə açılır.

Eyni şey Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin dmfa.nakhchivan.az adlı saytına da aiddir. Ona da XRİT-in saytı üzərindən girəndə bağlı görünür, lakin Google vasitəsiylə axtarıb tapanda açıqdır. (Hər iki səhifəni skrinşot edib saxlamışam). Bu necə olur? Hesab edirəm ki, informasiya təhlükəsizliyimizi belə qorumaq bizə yaraşmaz.  Məsələn XİN Naxçıvan idarəsinin saytında baş səhifə “Naxçıvan şəhərinin gecə görüntüsü” fotosuyla açılır. Birdən düşmənlər doğma şəhərimizin gecə görüntüsünü əldə etdilər? Adından göründüyü kimi, gecə görüntüsü çox intim bir görüntüdür. Gündüz görüntüsü olsa, keçərik.

Yaxud, GAZ-da keçən il 5 ədəd yarımqoşqu istehsal edilməsi hal-hazırda hamıya açıq məlumat kimi qalır. Heç təsəvvür eləmirəm bundan əleyhimizə hansı qüvvələr, nə şəkildə istifadə edər. Qorxuncdur.

Ya sayt hərtərəfli bağlanmalıdır, ya da açıq olmalıdır. Düşmən ayıq-sayıqdır, onlar daim bizə əngəl törətməyə, haqq işimizə pəl vurmağa çalışırlar. O biri bağlanmış saytları yoxlamağa həvəsim və vaxtım qalmadı, mümkündür onlarda da eyni vəziyyət hökm sürür.

İndi söz əlaqədar təşkilatlarındır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR