İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransanın məhşur qəzetində Qarabağ ilə bağlı maraqlı yazı DƏRC OLUNUB

1425 07.11.2023 17:31 Siyasət A A

Fransanın məhşur L’Opinion qəzetində Qarabağ: Azərbaycanın “Böyük Qayıdışı”, “Milli Arzusu” başlığı ilə maraqlı yazı dərc olunub. 

Musavat.com xəbər verir ki, qəzetin analitik yazarlarından olan Jan Dominik Merşe bundan əvvəl də dəfələrlə  keçmiş Ermənistan-Azərbaycan münaqişəsi haqqında, onun kökləri, səbəbləri barəsində məqalələr yazıb.

Bu dəfə isə elə məqalənin lap əvvəlində o fransız oxucusuna Azərbaycan haqqında yerli mətbuatda eşitmədikləri həqiqətləri çatdırmaq üçün ölkəmizdə səfərə gəlfiyinə işarə edir və biildirir: “ermənilərin bölgəni tərk etməsindən bir neçə həftə sonra Bakıda hakimiyyət tərəfindən qəbul edilən qəzetimiz Fransada nadir hallarda eşidilən Azərbaycan versiyasını dinləməyə getdi.”

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Xankəndi şəhərində bayrağımızı qaldırdıqdan sonra xalqımıza etdiyi müraciət zamanı çəkilən fotosunu paylaşan (Fransa KİV-ində demək olar ki, ilk dəfədir ki, bu foto paylaşılır və erməni lobbisi daim belə  hallarda qəzetlərə hücuma keçir) qəzetin bu yazısında daha sonra qeyd olunur ki, “Azərbaycan Prezidenti İlham Əliyev bu çərşənbə günü, noyabrın 8-də Qarabağda, Xankəndidə Qələbə günündə iştirak edəcək. Sentyabrdakı hərbi məğlubiyyətdən sonra erməni əhalisi bir neçə günlük köç zamanı bu bölgəni tamamilə tərk edib.”

Daha sonra hadisələri təhlil edən müəllif əlavə edib ki, “Bu, azərbaycanlıların Qarabağa “Böyük Qayıdışı”dır. Sentyabrın sonunda ermənilərin kütləvi köçündən bir neçə həftə sonra işğal başa çatdı və ərazilər azad edildi.  

Prezidentin Xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevdən də məqalədə sitat gətirilib: “Böyük qayıdış.“Bu, bizim milli arzumuzdur”.

Fransız müəllifin fikrincə “ermənilərlə azərbaycanlılar arasındakı çoxəsrlik münaqişədə hər bir məqam diqqətdə saxlanılmalıdır. Təbii ki, bu amillər İrəvanda (Ermənistan) və ya Bakıda (Azərbaycan) olmağınıza görə köklü şəkildə bir-birindən fərqlənir. Coğrafiyaşünas Yves Lacoste izah etmirdimi ki, “ziddiyyətli təsvirləri nəzərə almaq geosiyasi əsaslandırmanın əsas vasitəsidir”? Beləliklə, Bakıdakı səlahiyyətlilər tərəfindən qəbul edilən qəzetimiz Fransada nadir hallarda eşidilən Azərbaycanın mövqeyini dinləmək məqsədi ilə oraya gedib. Bu mövqe hər cəhətdən ermənilərin rəvayətinin əksidir.”

“Qarabağ dağlarının ətəyində yerləşən Ağdam şəhəri indi nəhəng xarabalıq sahəsidir. Burada onu Qafqazın Xirosiması adlandırırlar. Görüntü diqqəti cəlb edir: bir neçə kilometr məsafədə yalnız köhnə evlərin və rəsmi binaların divarlarının hissələri qalır. Orada köhnə teatrın sütunlarını və ya bələdiyyə binasının qalıqlarını görmək olar. Köhnə əsas küçənin hər iki tərəfində bitki örtüyü dağıntıları zəbt edir. Ağdamın yenidən qurulması üzərində işləyən qruplar istisna olmaqla, şəhər boşdur. Ona daxil olmaq üçün bir neçə kilometr əvvəl keçmiş cəbhə xəttində yerləşən keçid məntəqəsində etimadnaməmizi göstərməli olduq. Orada artilleriya karvanına rast gəlirik. Ərazi tamamilə minalanmışdır və köhnə beton postlar tank əleyhinə müdafiə funksiyasını yerinə yetirib.”, cənab Merşe Ağdamın hazırkı durumunu belə təsvir edərək əlavə edir:

“1980-ci illərə qədər Ağdam sovet şəhəri, dinamik inkişaf edən inzibati və ticarət mərkəzi idi. Daha sonra burada əsasən azərbaycanlılar olmaqla 37.000 nəfər yaşayırdı. 1993-cü ilin iyulunda erməni qüvvələri onu zəbt etdi və əhali irəliləyən düşmən qoşunları qarşısında öz yurdundan qaçmağa məcbur oldu. Otuz il keçsə də, məcburi köçkünlər hələ də Ağdama  geri qayıtmayıb. “Böyük Qayıdış” siyasəti bunu təmin etməyi hədəfləyir. Bu üç onillikdə Ağdam şəhəri tamamilə tərk edilib. Sayca çox az olan ermənilər orada məskunlaşmamışdılar. Digər tərəfdən, ilk növbədə tikinti materiallarına görə Ağdam sistemli şəkildə talan edilib. “Əsl Brikorama!”, deyən xarici müşahidəçi əlavə edir: “Ermənistanın yaxın müttəfiqi olan İranla çoxlu trafik olub.”

Bölgədəki mina problemi də yazıda öz əksini tapıb. “Ağdam 2020-ci ilin noyabrında 44 günlük müharibədə ermənilərin məğlubiyyətindən sonra Azərbaycan tərəfindən geri alınıb. Bu ərazidə heç bir döyüş olmayıb və erməni qüvvələri Rusiyanın iştirakı ilə imzalanmış bəyannamədən sonra geri çəkilsələr də ətrafdakı əraziləri yenidən minalayıblar…. Təkcə Ağdam rayonu üzrə son üç ildə 23 min piyada əleyhinə mina, tank əleyhinə mina və partlamamış hərbi sursat aşkarlanıb.”

Sonra fransalı jurnalist görülən bərpa-quruculuq işləri haqqında məlumatları oxucusu ilə bölüşür: “Azərbaycanın iri şirkətləri bu layihəyə səfərbər olunub. Səlahiyyətlilər 2040-cı ildə orada 100.000-ə qədər əhalinin məskunlaşacağına ümid edirlər. İndi şəhərin xarabalıqlarının ortasında müasir binalar ucalır, konfrans mərkəzi var. Türkiyə də bərpa prosesində yaxından iştirak edir. Burada onun bayrağı dalğalanır. Məscid isə Avstriya şirkəti tərəfindən bərpa olunur. Fotolardan göründüyü kimi o, işğal zamanı inək və donuzlar üçün tövlə kimi istifadə olunub. Onun qoşa minarəsi qorunub saxlanılsa da erməni əsgərləri üçün müşahidə məntəqəsi olub. Əvvəlki qəbiristanlıq dağıdılıb. Ona görə də qəbristanlıq yenidən qurulur. Lakin bir çox qəbirlər boş qalıb, cəsədlər isə yoxa çıxıb…. Xəritələrlə bizə şəhərin bir gün necə görkəm alacağı, “ağıllı şəhər”, “yaşıl şəhər” olacağı təsvir edilir. Azərbaycanın iri şirkətləri bu layihəyə səfərbər olunub. Artıq magistralın bir hissəsi tikilib. Paytaxt Bakı dörd saatlıq yoldur….. Böyük qayıdış 8 şəhərin və yüzlərlə kəndin yenidən məskunlaşdırılmasını nəzərdə tutur. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev əmin edir: “Bu qayıdış könüllülük əsasında olacaq. 30 il sonra Ermənistan hərbi məğlubiyyətə uğrayıb. İndi söhbət bir milyondan çox insanın, yaxud Azərbaycan əhalisinin 10 faizinin taleyindən gedir. Sorğular göstərir ki, onların əksəriyyəti əvvəlki yaşayış yerlərinə qayıtmağa hazırdır….Hələlik, proqram hələ başlanğıcda olsa da, yalnız 3100 nəfər öz əvvəlki bölgələrində məskunlaşıb.”

Əlbəttə məqalədə Qafqazın tarixi haqqındakı qeydlərdə müəyyən yanlışlıqlara yol verilib. Məlumdur ki, Fransada ermənilər əsrlər boyu məhz tarixi saxtalaşdırmaqla məşğul olublar və bu saxta tarixi fransız cəmiyyətinə “tarixi faktlar” kimi sırımağa çalışıblar. Ona görə bu yazıda da sovet hakimiyyəti illərində Qarabağın dağlıq hissəsinə muxtariyyət statusunun verilməsi, ümumiyyətlə, 20-ci əsrdə baş verənlər, Stalinin milli siyasəti məsələlərinə ziddiyyətli yanaşmanın olması hiss olunur. Münaqişənin müasir mərhələsi haqqında isə müəllif bunları yazıb:  

“SSRİ dağılan zaman, 1988-ci ildən ermənilərlə azərbaycanlılar bir-biri ilə vuruşmağa başladılar. 1992-1993-cü illərdə Rusiyanın dəstəyi ilə Ermənistan qalib gəldi. Erməni qüvvələri təkcə “Artsax Respublikası” (tanınmamış)  adı altında müstəqilliyini elan etdikləri Dağlıq Qarabağ muxtar vilayətinə deyil, həm də azərbaycanlıların məskunlaşdığı qonşu ərazilərə nəzarəti ələ keçirdilər…. Bakıdan verilən rəsmi rəqəmlərə görə, 716 min azərbaycanlı daha sonra bu ərazini tərk edərək öz ölkəsində məcburi köçkün vəziyyətinə düşüb. Onlar da Ermənistandan qaçmış 350 min azərbaycanlıya – qaçqınlara əlavə ediliblər.”

Sonra müəllif hadisələri xronoloji ardıcıllıqla oxucusu üçün təsvir edir və bildirir ki, Ermənistan üçün əlverişli olan status-kvo 2020-ci ilə qədər, Azərbaycan bu ərazilərin əksəriyyətini yenidən nəzarətinə qaytarana qədər davam etdi…. Bu ilin sentyabrında  isə cəmi 23 saat davam edən antiterror əməliyyatından sonra (rejim-red) dağıldı…Hərbi cəhətdən əzilən ermənilər silahlarını yerə qoyub “Artsax Respublikası”nın buraxıldığını elan etdilər. “Hər şey birdən sürətlənir və cəmi beş günə bütün əhali Ermənistana qaçır. Hətta Bakıda bu nəticənin sürəti bizi təəccübləndirir. Bir neçə təsdiqlənmiş mənbəyə görə, hadisələr bu şəkildə gözlənilmirdi….Rəsmi olaraq ermənilər geri qayıda bilər, lakin iki xalq arasında qorxu və nifrətin miqdarı onları tələsməyə sövq etmir. Bakıda yalnız səkkiz erməni lideri, o cümlədən Vladimir Putinin yaxın dostu, Ukrayna tərəfindən axtarışda olan rusiyalı oliqarx Ruben Vardanyan da həbs edilib.”

Məqalənin yekununda L’Opinion qəzetinin yazarı Jan Dominik Merşe bildirir ki, ikinci dəfə müstəqilliyini əldə etdikdən 32 il sonra Azərbaycan ərazi bütövlüyünü və milli suverenliyini bərpa etdiyinə inanır. Onun üçün Qarabağın yenidən bərpası və əhalinin oraya qayıdışı əsas strateji məsələdir. Ölkə qaz və neftlə zəngin olsa belə, “Böyük Qayıdış” baha başa gələn proses olacaq. Müəllif Cənubi Qafqazın gələcəyi ilə bağlı Prezident İlham Əliyevin xüsusi nümayəndəsi Elçin Əmirbəyovdan sitat gətirərək məqaləsini tamamlayır: “Bunun üçün Azərbaycanla Ermənistan arasında sülhə ehtiyac var.” Daimi sülhə nail olmaq üçün Fransa və Almaniyaya nə qədər vaxt lazım olduğunu düşünmək tam yerinə düşərdi- deyə, fransalı jurnalist qeyd edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR