İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransadan düz söz? – Parisin Bakıya ən böyük yaxşılığı o olar ki...

1642 10.02.2024 15:39 Siyasət A A

İlham Əliyev erkən prezident seçkisindəki parlaq, ana südü qədər halal qələbəsi ilə öz legitimliyini təzələdi. Bu legitimliyi daha “təravətli” və 7 ilə tam bəs edəcək qədər güclü elədi. Daxildən və xaricdən çıxan bəzi “çatlaq səslər”ə rəğmən, son seçkinin ən mühüm, tarixi və dəyişməz nəticəsi budur. Əslində bu bir etimad referendumu idi.

Məkrli çevrələrin, “5-ci kolonçu”ların rahatsız olmasının başqa səbəbi də var: Qərbin geosiyasi oyunlarından məharətlə qaçan Azərbaycanın başı daşdan-daşa dəyən xalqı öz legitim rəhbəri ətrafında sıx şəkildə birləşməklə yeni və daha inamlı bir dövrə girdi. Bu dövrün əsas hədəfi - ölkəni müharibə alovlarından uzaq saxlayıb xalqın təhlükəsizliyini, rifahını təmin eləməkdir. Bundan ötrü taktiki hədəflərin, görüləcək işlərin önündə Ermənistanla sülh müqaviləsinin imzalanması gəlir.

Azərbaycana əlbəttə ki, müharibə gərək deyil. Savaş bizə öz ərazilərimizi azad eləmək üçün lazım idi, ona da nail olduq. Bəs Ermənistan, erməni xalqı necə, yeni müharibə istəyirmi? Əfsus ki, eyni əminliklə söyləmək olmur. Niyə?

Ona görə ki, müharibədən qaçan ölkə, özü də işğalçılığına görə məğlub olan bir ölkə öz qonşuları ilə - Azərbaycan və Türkiyə ilə sülh anlaşmaları imzalamağa tələsər, nəinki bu sülhü manipulyasiya edən və Ermənistanı faktiki növbəti hərbi toqquşmaları təşviq edən böyük güclərin dalınca düşər, onların havasına oynayar...

Əlbəttə ki, ilk növbədə “böyük bacı” Fransanı və müəyyən dərəcədə ABŞ-ı nəzərdə tuturuq. Amma Ermənistan baş naziri N.Paşinyan az öncə bildirmişdi ki, Azərbaycandakı seçkidən sonra sülh prosesinin intensivləşəcəyinə ümid edir. Halbuki 7 fevral seçkisinin danışıqlar prosesinə ciddi təsiri yox idi. Seçkinin qalibi onsuz da məlum idi. Möcüzə yaşanası deyildi.

Odur ki, Paşinyanıln həmin sözləri daha çox bəhanəyə, “sülh göyərçini” kimi görünmək istəyinə bənzəyirdi. Gerçək belədir ki, Bakı-İrəvan danışıqlarının üç ildir sülh sənədi ilə bitməməsinin baiskarı məhz Ermənistan və onun rəhbərliyidir. O Ermənistan ki, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmağa belə, Azərbaycana qarşı iyrənc qarayaxma kampaniyasını davam etdirmək, ölkəmizi törətmədiyi bəşəri cinayətlərdə, o sırada etnik təmizləmələrdə suçlamaq üçün yeni fürsət kimi baxır.

Bir necə gün öncə bunu Ermənistan XİN rəhbəri Ararat Mirzəyan Fransaya səfəri çərçivəsində həyasızcasına, açıq bəyan elədi. Ayrı şey gözləmirdik də. Nə qədər ki, Fransa timsalında “ilana zəhər verən kərtənkələlər” var, sülh müqaviləsi də o qədər əlçatmaz olacaq...

Yeri gəlmişkən, Fransa xarici işlər naziri Stefan Sejurne Parisdə erməni həmkarı Mirzəyanla görüş zamanı deyib ki, guya Fransa Azərbaycan və Ermənistanla arasında münasibətlərin tənzimlənməsinə töhfə verməyə hazırdır. “Ədalətli və davamlı sülh yalnız beynəlxalq hüquqa, suverenliyə, ərazi bütövlüyünə və iki dövlətin sərhədlərinin toxunulmazlığına hörmət əsasında mümkün ola bilər”, - Sejurne əlavə edib.

Hansı töhfə? Fransanın sülhə ən böyük töhfəsi onun barışığa əngəl yaratmaması ola bilər! İrəvana verilən revanşist vədləri nəzərdə tuturuq. Bir də yaxşı olar ki, arada Fransa və “kiçik bacısı” güzgüyə baxsınlar. Özləri çirkab, insanlıq əleyhinə cinayətlər içində ola-ola, başqa dövlətlərə və xalqlara əxlaq dərsi keçməyə çalışmasınlar. Öz adlarını başqalarına qoymasınlar. Həya eləsinlər və abırlarına qısılsınlar. Çünki insan haqları və beynəlxalq hüquqdan, humanizmdən, etnik təmizləmə və soyqırımından danışacaq ən axırıncı ölkələr məhz Ermənistan və Fransasıdır.

Hərçənd “Qozbeli qəbir düzəldər”. Ya da heç o da düzəltməz. İndi buyursun fransız rəsmilər bunun əksini sübut eləsinlər. Bizi yaxşı mənada təəccübləndirsinlər və isbat eləsinlər ki, onların ölkəsi haqda yanlış düşüncədəyik...

Siyasət şöbəsi,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR