İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransada türklərə niyə vəzifə verilmir - fərqli baxışlar

755 13.02.2024 08:50 Siyasət A A

Fransanın mənzil-tikinti naziri postuna Giyom Kasbaryan təyin olunub. 

Xatırladaq ki, erməni mənşəli Giyom Kasbaryan bundan əvvəl Fransa parlamentinin deputatı olub.

Fransadakı bu təyinat bir çox müzakirələrə səbəb olub. Xüsusilə Türkiyə və Azərbaycan cəmiyyətlərində daha çox müzakirə edilir. Belə qəbul olunur ki, bu, iki qardaş ölkəyə Makron Fransasının növbəti həyasız davranışıdır. Eyni zamanda burada bir çox suallar da yaranıb.

Niyə türklər Fransada dövlət vəzifələrində təmsil oluna bilmirlər? Onların qarşılarını alan nədir? Burada hətta xristian ölkələrindən Fransada yaşayanların, bu ölkənin vətəndaşlığını alanların da vəzifə almaq problemi yaşadıqları göstərilir. Amma ermənilərə gələndə, qarşılarında “yaşıl işıq” yandırılır...

Bu ölkədə yaşayan soydaşlarımızın fikirlərini aldıq. 

Axtarışda olan Elnur Məcidli 11 il sonra Azərbaycana qayıtdı | KONKRET

Elnur Məcidli: “Burada ən böyük problem təhsillə bağlıdır”

Parisdə yaşayan bloger Elnur Məcidli bildirdi ki, burada ən böyük problem təhsil, yaxud təhsilsizlikdir: “2-ci Dünya müharibəsindən sonra Fransaya işçi kimi gəlməyə başlayan türklərin sayı 1965-ci ildə Türkiyə və Fransa arasında imzalanan işçi sazişi ilə daha da artdı. Bu gün Fransada türklərin və türkəsilli fransız vətəndaşlarının sayı təxminən 1 milyondur. Əgər bu rəqəmə son 20 ildə Fransaya üz tutan yüz minlərlə sənədsiz, requlizasiya gözləyən, yaxud siyasi səbəblərdən oturum alan Türkiyə vətəndaşlarını da əlavə etsək, say 2 milyona yaxınlaşır. Bu isə 1-ci Dünya müharibəsindən sonra Osmanlı dövlətinin torpaqlarından gələn ermənilərin 1 əsrdən yuxarı yaşadıqları Fransadakı saylarından təxminən 2-3 dəfə çoxdur. Fransada yaşayan ermənilər 1 əsrdir ki, bura ciddi şəkildə inteqrasiya və assimiliyasiya olublar. Böyük əksəriyyəti erməni dilini bilmir və erməni mədəniyyətindən uzaqdırlar. Onları əsas birləşdirən cəhət kilsədir. Yəni dini bağlılıqlardan formalaşan ənənələr onları bir arada tutur və siyasi müstəviyə keçirir.

Dilini, mədəniyyətini və hətta yeməklərini belə unutsalar da, dini bağlılığı qoruduqları üçün özlərini diaspor kimi saxlayıblar. Türklərin Fransaya gəlməsindən 60 ildən çox vaxt ötüb. Fransada türklər artıq 3-4-cü nəsil olaraq davam edirlər. Ən böyük problemləri təhsildən, ali təhsildən yayınmalarıdır. Ermənilərin böyük əksəriyyəti ali təhsil alır, dövlət qurumlarında işə düzəlir, məhz buna görə də hazırda türklərdən sayca az olmaqlarına baxmayaraq səsləri daha gur çıxır. Mənim dövlət qurumlarında erməni əsilli həmkarlarım çox olub, azərbaycanlı olduğumu biləndə təəccübləniblər. Türk mənşəli məmura rast gəlmək isə çox çətindir.

Fransaya ilk gələn ermənilər ayaqqabıçı, zərgər, nalbənd, aşbaz və s. kimi peşə sahibləri olsalar da, öz övladlarını oxutdular. Türklərdə isə bu proses əksinədir. Bir türk inşaatda, yaxud restoranda işləyirsə, bir müddət sonra özünə inşaat şirkəti qurur, yaxud öz restoranını açır, iqtisadi olaraq güclənir, ancaq övladlarını oxutmaq barədə düşünmür və istəyir ki, övladları da inşaat və restoran biznesini davam etdirsin. Bu gün Fransadakı türklərin iqtisadi gücü burada yaşayan ermənilərdən qat-qat artıqdır. Lakin təhsil səviyyələri aşağı olduğu üçün onların səsi eşidilmir. Fransada 30-40 il yaşayıb, iş sahibi olub, hələ də yaşadığı ölkənin dilində düz-əməlli danışa bilməyən yüz minlərlə türk var.

Fransada dövlət qurumlarında işləyən azərbaycanlıların sayı da çox deyil, ancaq bu ölkədə işləyən vəkillərimizin, həkimlərimizin sayı hər gün artmaqdadır. Azərbaycan diasporu türk diasporuna nəzərən daha təhsillidir və daha geniş əlaqələrə malikdir, lakin say olaraq dəfələrlə azıq.

Fransada dövlət qurumlarına qəbulda heç kimin dini, yaxud etnik mənsubiyyətinə baxılmır. Yazılı və şifahi imtahanda göstərdiyin nəticə uğurludursa, işə qəbul olunursan. Kiçik diskriminasiya halları ola bilər, ancaq sənin aldığın ali təhsil və iş təcrübən bunun qarşısını alır. Fransada ispan, portuqal və ərəbəsilli nazir və millət vəkilləri də çoxdur. Məsələ ilk növbədə təhsildir. Fransa Azərbaycandan bir qədər fərqli görünə bilər, ancaq ali təhsili və bacarığı olan hər kəsə bu ölkədə yer var. Fransada 2-ci böyük dini azlıq elə müsəlmanlardır. Fransada 2500-dən çox məscid, yaxud ibadət yeri var ki, bəlkə də bir çox müsəlman ölkəsində bu qədər ibadətxana yoxdur".

Shamil Beydulla - AG party - AG party | LinkedIn

Şamil Beydulla: “Hansısa vəzifəyə gedəndə ilk maraqlandıqları hansı dinə mənsub olmağındır”

AĞ Partiyanın Fransa təmsilçisi Şamil Beydulla isə mövzu ilə bağlı bunları dedi: “Bəli, çox təəssüf ki, ermənilər bu cəmiyyətdə, siyasi elitada daha çox önə çıxır. Bunun haqlı və ya haqsız səbəbləri var. Öncə deyim ki, ermənilərin bura gəlişi 15-ci əsrə dayanır və daha sonra qondarma soyqırım kimi dünyaya sırıdıqları hadisədən sonra kütləvi şəkildə köç etmiş, gələnlər siyasi aktiv həyat tərzi ilə seçilib və bu adət-ənənə davam etdirilib. Türklərin buraya gəlişi, bildiyiniz kimi, İkinci Dünya müharibəsindən sonra 1950-cı illərə təsadüf edir. Türklər bura gələrkən qaçqın kimi yox, işçi kimi gəlib, ağır sənaye işlərinə dəstək olublar. Daha sonralar da siyasi aktivlik göstərməyiblər. Azərbaycanın diaspora fəaliyyəti Fransada yenidən qurulmağa başlayıb. Ancaq düşünmürəm ki, imitasiya xarakterlidir. Erməni lobbisinin işi onun üçün önə çıxır ki, hər şeyi sistemli şəkildə sabahı düşünərək edirlər. Ancaq bizdə daha çox tədbirlər şəkil, hesab xarakterlidir. Son nazirin təyinatı Fransa ictimaiyyətində birmənalı qarşılanmadı. Solçu deputatların açıq şəkildə tvitləri və parlament çıxışları var. Çünki gələn kimi güzəştli kirayə mənzillərlə bağlı sərt, ağılasığmaz qərarlar qəbul etdi. Onu solçu deputatlar da deyir. Fransanın ilk rüsvay, utancverici naziridir. İndiki dövrdə belə bir şəxsin nazir təyin olunması Türkiyə və Azərbaycana qarşı atılan addım idi. Açıq şəkildə göstərirlər ki, Fransa öz tərəfdaşını seçib.

Məncə, burada azərbaycanlı olub, hansısa yüksək vəzifədə təmsil olunmaq mümkün deyil. Çünki hansısa vəzifəyə gedəndə ilk maraqlandıqları hansı dinə mənsub olmağındır. İslam ilk maneədir. Daha sonra milliyyət məsələsi maneə yaradır. Burada türk olmaq 2-ci maneədir. Azərbaycanlı oldunsa, bununla da həmin şəxsin karyerası başlamadan bitir".

Cavanşir ABBASLI,

“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR