İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransada seçkilərin əsl qalibi “əlahəzrət Xaos” oldu - sensasion şərh

771 08.07.2024 20:06 Siyasət A A

Fransada keçirilən parlament seçkilərinin 2-ci turunun nəticələri bəlli oldu. Rəsmi məlumata görə, heç bir ittifaq 577 üzvlü Milli Assambleyada çoxluğu təmin edəcək 289 deputat sayına çata bilmədi. Yekin nəticələr belədir:

Sol partiyaların birləşdiyi Yeni Xalq Cəbhəsi ittifaq – 182;
Prezident Emmanuel Makronun “Respublika Uğrunda Birlikdə” ittifaqı – 168;
Milli Birlik Partiyası – 143;
Respublika Partiyası - 60 deputat.

Fransa Prezidenti Emmanuel Makronun ultrasağçı qüvvələrin yüksəlişinin qarşısını almaq üçün erkən seçkilərə qərar verdiyini nəzərə alsaq, seçkilərin indiki nəticəsi sanki onun məqsədinə çatdığını göstərir. Hər halda ilk turun nəticələrinə görə, hardasa 280-dən çox dairədə üstünlük qazanan Milli Birlik Partiyasının ikinci turda ikiqat zəif performans göstərməsi belə düşünməyə əsas verir.

Bəs, cəmi bir həftə ərzində ultra sağçıların bu qədər zəifləməsi nə ilə izah oluna bilər?

Ən əsası, bundan sonra Fransada nə olacaq? Ultrasağçılar bu məğlubiyyəti rahatlıqla həzm edə biləcəklərmi?

Tərtər hadisələrinin bənzər forması Naxçıvanda keçirilib" - Heydər Oğuz  inanılmaz DETALLAR açıqladı - VİDEO

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a deyib ki, Fransa seçkilərində ultra sağçıların məğlub olduğu fikri ilə razılaşmır. Onun fikrincə, Fransada bütün partiyaların əlbir olmasına baxmayaraq, sağçıların yenə xeyli sayda deputat çıxarması özü-özlüyündə bir qələbədir: “Düzdür, indiki nəticələrə görə, onlar növbəti Fransa hökumətini qura bilməyəcəklər. Amma solçular və mərkəz sağçılar üçün də eyni sözlər keçərlidir. Üstəlik, üçüncü partiya olmalarına baxmayaraq, Milli Birlik Partiyasının seçkinin əsas qalibləri kimi görünən ilk iki partiyaya yaxın deputat çıxrması başarısızlıq hesab oluna bilməz. Ən azı ona görə ki, rəqiblərindən fərqli olaraq, o, bu qədər səsi təkbaşına toplayıb. Deməli, monolit bir kimliyə malikdir. Halbuki, seçkilərin lideri kimi görünən solçu ittifaqda Kommunist Partiyası, Boyun Əyməyən Fransa, Yaşıllar və Sosialist Partiyası yer almaqdadır. 4 partiyanın bir yerdə 182 deputat çıxarmasında iqtidar koalisiyasının da mühüm rolu var. Məlumdur ki, seçkilərin I turunda ağır məğlubiyyətə uğrayan mərkəz sağ və ultra sol ittifaqlar aşırı sağçıların qarşısını almaq üçün müəyyən razılıqlara gəldilər. Razılığa əsasən, ikinci tura qalan partiya namizərlərindən hansı yüksək səs toplayıbsa, hər iki tərəf onun xeyrinə seçkilərdən geri çəkiləcəkdi”.

Heydər Oğuz xatırlatdı ki, Fransa qanunvericiliyinə görə, I turda seçicilərin 50%+1-nin səsini toplaya bilməyən 12.5%-dən çox səs nisbətinə malik partiyalar II tura qatılırlar. Makronun rəhbərlik etdiyi mərkəz sağla ultra-solun razılaması nəticəsində 200-dən çox dairədə seçkilərə faktiki olaraq ortaq namizədlərlə getdlər. Bunun da nəticəsində Fransada indiki mənzərə ortaya çıxdı”.

Heydər Oğuzun fikrincə, ultra sağçı partiyaya qarşı əldə edilən bu razılaşma onu təkbaşına hakimiyyət qurmaq imkanını məhdudlaşdırsa da, Fransanın dərdinə real çarə ola bilmədi: “Nəticədə Fransa hakimiyyətsizlik mühitinə qədəm qoydu. Çünki ortaya çıxan indiki tabloda heç bir siyasi qrup nə təkbaşına, nə də koalisiya hökuməti qurmaq imkanına malikdir. Təkbaşına ona görə hökumət qura bilməzlər ki, çıxardıqları deputatların sayı 289 deyil. Koalisiya ona görə qura bilməzlər ki, ultrasolçularla mərkəz sağ arasında dərin uçurumlar var. Təsəvvür edin, sol ittifaqı formalaşdıran 4 partiyadan ən böyüklərindən biri Kommunist, digəri isə Sosialist partiyasıdır. Hər iki partiya Fransa imperializminə qarşı uzun illər döyüşüblər və bu gün də eyni fikirləri daşıyırlar. Onlar qlobal sərmayənin himayə etdiyi Makronla və onun partiyası ilə bir araya gələ bilməzlər. Əks halda qısa zaman ərzində elektoratlarını itirər və yox olub gedərlər. Sol ittifaqın digər üzvü “Boyun əyməyən Fransa” partiyası öz düşüncələrinə görə daha ifrat mövqe tutur. Üstəlik, bu partiyalar açıq şəkildə Fələstini dəstəkləyir, İsraili pisləyirlər. Makron isə ən böyük yəhudi sərmayəsinin təsiri altındadır. Aralarında aqrar siyasətdən tutmuş pensiya yaşına qədər çoxsaylı bir-birinə zidd hədəflər və siyasi proqramlar var. Onların bir araya gəlməsi və koalisiya qurması mümkün deyil.

Eyni şəkildə Makronun rəhbərlik etdiyi “Respublika naminə bir yerdə” ittifaqının üzvləri arasında da mümkün koalisiyaya qarşı çıxanlar var və onlar arzulamadıqları ittifaqda yer almaqdansa, əks tərəfə keçməyə daha çox üstünlük verə bilərlər. Ultra sağçıların da koalisiya hökumətinin qurulması perspektivi real görünmür”.

Bu baxımdan, Fransada keçirilən son seçkilərin əsl qalibinin “əlahəzrət Xaos” olduğunu düşünən həmsöhbətimiz ölkəni bu qeyri müəyyənlikdən yeni seçkilərin xilas edəcəyini düşünür: “Fransa Konstitusiyasına görə isə, Makron yaxın bir il ərzində parlamenti buraxa bilməz. Bu müddət ərzində Fransada hansı proseslərin baş verəcəyini isə heç kim təxmin edə bilməz”.

Fransada keçirilən son seçkilərin nəticələrinin Avropa İttifaqından da təsirsiz ötüşməyəcəyini düşünən Heydər Oğuz bildirdi ki, Parisi ən çox narahat edən də budur: “Bilirsiniz ki, Avropa ölkələrinin bir çoxunda qlobal sərmayə tərəfindən himayə olunan bir çox kəsimlər Avropa İttifaqını federativ quruma çevirmək istəyir, bu istiqamətdə mühüm addımlar atırdılar. Vahid Avropa Aktı, Maastrixt və Amsterdam müqavilələri və Şengen sazişi kimi sənədlər İttifaqın federallaşmasında çox mühüm rol oynayır. Vahid Avropa Aktı mövcud Avropa Birliyinə daxili və xarici ticarət məsələlərində yeni səlahiyyətlər verir, Maastrixt və Amsterdam müqavilələri valyuta sahəsində federal səlahiyyətlər tətbiq etməyi nəzərdə tutur, Şengen sazişi üzv dövlətlərin əksəriyyəti arasında sərhədləri ləğv edirdi. Bir növ vahid sərhədlər, vahid ərazi anlayışları meydana gətirirdi. Eynilə 50 ştatdan təşəkkül tapan ABŞ kimi. İş o yerə çatmışdı ki, Fransa prezidenti Makron artıq vahid Avropa ordusundan da danışırdı. Bütün bunlar əslində federal dövlət quruculuğu deməkdir”.

Heydər Oğuzun fikrincə, Avropa İttifaqının federallaşmasında ən mühüm rollardan birini də Avropa Parlamenti oynayır: “720 deputatlıq parlamentdə ən çox təmsilçilik haqqı Almaniya, Fransa və İtaliyaya aiddir. Almaniya 96, Fransa 81, İtaliya 76, İspaniya 61, Polşa 53 və s. deputatla bu parlamentdə təmsil olunur. 27 ölkədən seçilən deputatlar müxtəlif partiyalarda birləşir və Avropa ölkələri adından müəyyən qərarlar qəbul edirlər. Beləcə, milli dövlətlərin əhəmiyyəti azalır, Avropa İttifaqı həlledici gücə çevrilirdi. Xüsusilə Rusiya-Ukrayna müharibəsi ərəfəsində Avropa İttifaqı adından çıxarılan bir çox qərarlar bir çox dövlətləri qane etmir, onlar böyük müharibədən yayınmaq üçün yenidən yerli hakimiyyətləri gücləndirməyə çalışırlar. Avropa Parlamentinə son seçkilərin nəticələri milli dəyərləri əldə rəhbər tutanların gücünü xeyli artırdı. Ən çox milli ənənələrinə dönmə prosesi isə Fransada getdi. Ultra sağçı təşkilat kimi tanınan Milli Birlik Partiyası seçicilərin 31,5 faiz səsini aldı. Nəticədə Avropa Parlamentinə 50-dən çox deputat göndərən bu partiya qoşulacağı istənilən qrupun çəkisini artıra, əks-qanadın hakim mövqeləri və bəzi layihələri təhlükə altına düşə bilər. İddialara görə, Fransa ultra sağçıları Macarıstan lideri Viktor Orbanın qurmağı planlaşdırdığı “Avropa üçün Vətənpərvərlər” blokuna qoşulacaq. Bu baş tutarsa hazırda 23 deputatdan ibarət olan “Avropa üçün Vətənpərvərlər” bloku üzvlərinin sayını 86-ya çıxaracaq. Beləcə, Orbanın bloku AP-nin üçüncü böyük gücünə çevriləcək”.

Avropada ultra-sağ cərəyanlarının sürətlə artmasının yaxın gələcəkdə qlobalistlərin zəifləməsi və federallaşma prosesinin iflasa uğraması ilə nəticələnəcəyini bildirən siyasi şərhçinin fikrincə, ötən gün Şuşada TDT-nın qeyri-rəsmi sammitində çıxış edən Orban da bunu açıq şəkildə dilə gətirərək deyirdi: “Avropa Parlamentinə seçkilər gerçək siyasi zəlzələ ilə nəticələnib. Quruma üzv olan 27 ölkədən 20-də insanlar dəyişikliklərə səs verdi. Müharibə tərəfdarı olan bir sıra ölkələrdə hakimiyyətlər dəyişdi, bəzilərində isə onların gücü zəiflədi. Bu da tutduqları mövqenin nəticəsi idi... İcazə verin deyim ki, yaradılması rəsmən bazar ertəsi elan olunacaq “Avropa üçün Vətənpərvərlər” parlament qrupu dərhal da Brüsselin üzvlərinin sayına görə sayca üçüncü siyasi qüvvəsi olacaq”.

Heydər Oğuzun fikrincə, Avropada ultra-sağın getdikcə güclənməsi “qoca qitə”nin getdikcə öz ənənəvi cizgisindən uzaqlaşması, dünya üzərində təsir gücünü itirməsi ilə nəticələnəcək və Aİ-nin rəhbərliyini də ən çox bu ehtimal narahat edir: “Məhz bu səbəbdən də AP-yə məlum seçkilərdən sonra Makron ultra-sağçı qanadı zərərsizləşdirmək üçün dərhal hərəkətə keçdi və erkən seçimlər elan etdi. İlk baxışdan bu tendensiyanın qarşısını alınmış kimi görünsə də, Fransa əslində güclü hökumət qurmaq sindromu ilə rastlaşdı: “Bu isə Avropanın qura barıt çəlləyinin üzərində oturmasına bənzəyir. Və ölkədə sağçı-solçu qütbləri arasında elə dərin uçurumlar yaranır ki, Fransa bu gedişlə kütləvi iştişaşlara sürüklənə bilər. Təkcə Fransa yox, həm də Avropa İttifaqı”...

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR