İnsanlara hürriyət, millətlərə istiqlal!

“Fransa yoğurub-yapmadan hazır kökə dərdindədir” - Sahib Alıyev

570 26.04.2023 15:39 Son xəbər A A

“Fransa xarici işlər nazirinin Azərbaycana səfəri xoşniyyətli olmadığı kimi, gözlənilməz də deyil. İkinci Qarabağ savaşından sonra bu ölkənin bizim regionda necə vurnuxduğunu görürük. Bu vurnuxmanın da kökündə qətiyyən haylara sevgi durmur”.

Deputat Sahib Alıyev bu fikirləri Musavat.com-a, Fransa xarici siyasət idarəsinin başçısı Katrin Kolonnanın Azərbaycana gözlənilən səfərini şərh edərkən deyib. S.Alıyevin sözlərinə görə, Fransa rəhbərliyinin Azərbayan əleyhinə atdığı addımların arxasında oradakı hay lobbisinin dəstəyini qazanmaq niyyətinin dayandığı bildirlir ki, bu da ikinci dərəcəli məsələdir: “Parisdəkilər Birinci dünya savaşı dönəmində yeritdikləri siyasəti təkrarlamağa çalışırlar. Onlar o zaman Osmanlının haylar üzərində təsirinin zəiflədiyini görüb də, onlara havadar rolunda çıxış etmiş, Yaxın Şərqlə bağlı əlverişli sövdələşmədən sonra havadarlığı yaddan çıxarmışdılar. İndi də başı Ukraynadakı savaşa qarışan Rusiyanın Ermənistanda mövqelərinin xeyli zəiflədiyini görüb, tehrandakılarla birgə haylara yiyəliyə can atır ki, sonda bunu baha qiymətə sata bilsin. Yəni Fransa yoğurub-yapmadan hazır kökə dərdindədir.

Deputat hesab edir ki, burada hər hansı din təəssübkeşliyi- filan da yoxdur: “Bilirsiniz, Fransanın keçmiş dövlət başçısı Sarkozi Ermənistanı elə-belə “kiçik bacı” adlandırmırdı. Fransızlarla hayların kök yaxınlığı olmasa da, mənəvi qohumluqları var ki, biz “böyük bacı”nın sırtıqcasına və ləyaqətdən uzaq davranışlarında da bunu görürük. Ümumiyyətlə, Ermənistanın bizim regionda mövcudluğu kimi, Fransanın böyük dövlət olaraq varlığı heç də fransızların əzmkarlığının yox, geosiyasi konyukturanın nəticəsidir. Napoleon Bonapart 1815-ci ildə tam məğlub edildikdən sonra əslində indiki Fransa bir neçə yerə parçalanmalı idi. Amma Rusiya belədə Avsrtiya və Prussiyanın daha da güclənəcəyini düşündüyündən buna yol vermədi. Birinci dünya savaşında Fransa ingilis-saksonların kölgəsində hərəkət etdiyi üçün irəli düşdü, Afrikada və Yaxın Şərqdə xeyli torpaq qamarladı. İkinci dünya savaşında Fransanın Hitler Almaniyası qarşısında necə biabırcasına məğlub olduğu hər kəsə bəllidir. Bu savaşdan sonra Fransanın Almanya üzərində zəfər çalışmaların sırasında yer alması və buna görə müəyyən üstünlüklər əldə etməsinin də kökündə yenə də geosiyasi konyuktura dururdu. SSRİ, ABŞ və Böyük Britaniya Almaniyanın yenindən güclənməsinin qarşısını almaq üçün bir tərəfdən onu parçaladılar, digər tərəfdən də Fransanın önə çıxmasına yol açdılar. Ancaq sonralar həmən Fransa “kiçik bacı”ları indiyə kimi necə xəyanətkarcasına davranıbsa, təqribən o cür davrandı. Şarl de Qollun ABŞ və Böyük Britaniya əleyhinə yeritdiyi siyasət bu gün də hər iki ölkədə nifrətlə xatırlanır. Yəni Fransa belə bir ölkədir”.

S.Alıyev qeyd edib ki, Fransa “Böyük dövlət” adlandırılsa da, heç bir baxımdan buna haqq etmir: “Onun bizim regiondakı vurnuxmaları da arzuladığı kimi bitməyəcək. Birincisi ona görə ki, Katrin Kolonnanın sələflərindən və hazırda Fransanın görkəmli xarici siyasət uzmanlarından sayılan Huber Vеdrinin dediyi kimi II dünya savaşından üzü bəri baş verən qlobal dəyişiklərdən heç biri sözü gedən ölkə üçün uğurlu olmayıb. Fransa, yenə həmən Vedrinin təbirincə desək, indiyədək “izləyici siyasəti” yeritdiyi kimi, indən sonra da ona məhkumdur. İkinçisi, nə Fransa, tutaq ki, Çin kimi qlobal oyunçudur, nə Makron Napoleondur, nə də Katrin Kolonna Şarl Moris de Taleyrandır”.

E.Paşasoy,

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR