İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa regionda möhkəmlənmək üçün Ermənistanı silahlandırır, Rusiya isə... 

454 14.11.2023 15:25 Siyasət A A

“Fransanın Ermənistanı silahlandırması təəccüblü deyil, sürpriz olan Parisin Gürcüstandan silah trafikində tranzit kimi istifadə etməsidir. Gürcüstan əvvəllər də Azərbaycan əleyhinə platformaların iştirakçısına çevrilib, amma Bakı ilə Tiflis arasında strateji tərəfdaşlığa xələl gəlməyib, əksinə, o, daha da irəliləyib. İkinci Qarabağ müharibəsi zamanında isə Gürcüstan öz ərazisindən Ermənistana silah daşınmasına icazə verməyib. Gürcüstanın bu dəfə köhnə xəttə qayıdışı hesab edirəm ki, bu ölkənin siyasi elitasındakı çatlarla əlaqədardır”.

Bu fikirləri Musavat.com-a açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib.

RUFA.jpg (93 KB)

Ekspertin fikrincə, prezident Salome Zurabişvili Rusiyanın maraqlarını nəzərə almadan birbaşa Qərbə inteqrasiyanı tamamlamaq istəyir, hökumət isə Moskvanın regionda yarada biləcəyi tendensiyaları nəzərə alır:

“Düzdür, Gürcüstanda prezidentin səlahiyyətləri çox dardır, amma Zurabişvilinin bu ilin sentyabrında hökumətin icazəsi olmadan Avropaya getməsi faktiki güc nümayişini göstərə bilər. Yəni Zurabişvilinin hüquqi səlahiyyət çərçivələri az olsa da, onun siyasi sistemdəki faktiki əməlləri daha geniş təəssürat bağışlayır. Əlqərəz, Gürcüstan siyasi səhnəsindəki problemlər Fransanın Gürcüstan üzərindən regional siyasətinə təsir alətləri yaradır. Fransa Gürcüstan vəsitəsilə regionda bərkimək istəklərini Hindistanla eyni ip üzərində canlandıra bilər.

Ola bilsin ki, bu işə Fransa İranı da qoşmaq istəyir, amma belə konfiqurasiya üçün Paris Moskvanın da razılığını almalıdır. Fransa-Rusiya münasibətlərində sövdələşmə ruhu əvvəllər görünüb, amma məsələ burasındadır ki, Moskva Parisin iştirakını bir həddə qədər qəbul edir. O hədlər aşılanda Moskvadan Parisə qarşı ritorikalar güclənir, indi onu izləmək lazımdır ki, görəsən, Gürcüstan vasitəsilə Ermənistanın silahlandırılmasına Rusiya necə münasibət sərgiləyəcək. Regionun təhlükəsizlik çalarları mürəkkəbdir, perspektivdə kimin hansı nöqtədə qərarlaşacağını proqnozlaşdırmaq çətindir.

Amma bunu proqnoz etmək olar ki, Ermənistan Azərbaycanın nəzərindəki silahlanma həddini keçsə, rəsmi Bakı buna adekvat cavab tədbirləri hazırlayacaq. Ona görə də müəyyən etmək çətin deyil ki, Azərbaycan hərbi qüdrətini artırmaqla yanaşı, kəşfiyyat fəaliyyətində də bir sıra yeniliklərə imza ata bilər. Ona görə də, Ermənistana hərbi dəstəklər elə İrəvanın öz taleyinə qarşı atılan oxa çevriləcək”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR