İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa rəğbətinin “Korsika bumeranqı”

621 18.03.2022 13:50 Gündəm A A

Son günlərdə Korsikada baş verən hadisələr həm Fransanın özündə, həm də bütün Qərbdə hökm sürən ikili standartları açıq-aşkar göstərir. Burada ənənəvi olaraq, bir tərəfdən əslində mövcud olmayan “arsax xalqı”nın təyini-müqəddərat hüququnu, digər tərəfdən - Fransanın ərazi bütövlüyünə qarşı yönəlmiş Korsika “separatizmi” görməyi xoşlayırlar. Bir halda bu, Osmanlı İmperiyası dövründə “erməni soyqırımı”, digər halda - “Əlcəzair qiyamı”nın müstəmləkəçi Fransa ordusu tərəfindən “legitim şəkildə” yatırılması; bir halda hüquq müdafiəçilərinə qarşı “avtoritar rejimin repressiyaları”, digər halda - “xuliqanlıq edən” sarı jiletlilərin polis tərəfindən dağıdılması üzrə qanuni hərəkətlər; bir halda terrorçu İŞİD, digər halda - “rəşadətli” və “igid” YPG qüvvələri kimi qələmə verilir.

Bu biabırçı müqayisələr sırasını davam etdirmək olar. Belə nümunələr çoxdur. Hər dəfə də belə çıxır ki, bir halda yaxşı olan, digər halda pisdir və hər şey sənin ölkənin barrikadaların hansı tərəfində dayanmasından asılıdır.

Biz Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanın işğalı altında olduğu otuz il ərzində Qərbin ikili standartlarına diqqəti cəlb etmişdik. Öz ərazilərində separatizm yuvaları olan bəzi ölkələr, məsələn İspaniya, Böyük Britaniya, Rumıniya və başqaları Azərbaycan xalqının ümidlərini başa düşürdülər. Lakin elə ölkələr də vardı ki, öz ərazilərində separatizm metastazları olduğuna baxmayaraq, erməni mənşəli seçicilərinin xatirinə dəyməmək üçün belə hallara göz yummağa hazır idilər, onlar başa düşmürdülər ki, özləri də bu bəla ilə üzləşə bilərlər.

İndi Fransanın özü üçün zəng çalınıb.

1998-ci ilin fevral ayında Korsika xalqının hüquqları uğrunda mübarizə aparan İvan Kolonna ad-soyadlı bir korsikalı adanın prefekti Klod Erinyekə hücum etdi, buna görə uzun müddətə həbs cəzasına məhkum edildi və üstəlik, ona ömürlük “terrorçu” damğası vuruldu. Əslində Erinyak elə həmin Robert Koçaryandan və bugünkü Araik Arutyundan nə ilə fərqlənirdi? Bunu heç bir fransız siyasətçi anlaşıqlı şəkildə izah edə bilməz. Korsika separatizmi “pisdir”, amma miatsum, əlbəttə, “yaxşıdır”. Olsun.

Təqribən iki həftə bundan əvvəl Fransanın materik hissəsində cəza çəkən İvan Kolonnaya (indi biz onu “repressiv Fransa rejiminin zindanlarında əzab çəkən Korsika xalqının azadlığı uğrunda alovlu mübariz” adlandırmalıyıqmı?) hücum edilib, nəticədə “İf qəsrinin məhbusu” komaya düşüb. Bu xəbər azadlıqsevər adada iki həftəlik kütləvi iğtişaşlara səbəb olub. Bu da təsadüfi deyil, çünki Kolonnanın obrazı korsikalıların nəzərində qəhrəmanlıq rəmzi, müstəqillik uğrunda mübarizə rəmzidir. Əlbəttə, fransız siyasətçiləri bu fikirlə razılaşmırlar, onların nəzərində İvan Kolonna və Abdulla Öcalan bir-birinə zidd əhvalatların qəhrəmanlarıdır. Onlardan biri “terrorçu”, digəri “qəhrəman”dır.

Bir qədər irəli gedərək deməliyik ki, əgər bu gün Araik Arutyunyan və ya David Babayan Bakıda saxlanılsa, əlbəttə, onları hamıdan çox müdafiə edən Valeri Pakres, onun soydaşı Buaye, Erik Zemmur və Korsika xalqının öz müqəddəratını təyin etməsi uğrunda mübariz İvan Kolonnanın azad edilməsi üçün bircə kəlmə deməyə xəsislik edən bir sıra başqa fransızlar olacaq. Nə isə... Onların işi Allaha qalıb.

Ümumiyyətlə, etiraz edən ada sakinlərinin fikrincə, onların liderinə hücumun arxasında hakimiyyət orqanları dayanıb və məhz Kolonnanın təhlükəsizliyinə görə cavabdeh olan dövlət onun təhlükəsizliyini təmin etməyib. Onlar tələb ediblər ki, korsikalı digər siyasi məhbuslar kimi Kolonna da Fransanın kontinental hissəsindən doğma adaya köçürülsün.

Без названия.jpg (12 KB)

Fransa polisi, adəti üzrə, etirazçıları qəddar şəkildə dağıdıb, təqribən 70 nəfər zərər çəkib, lakin “Azərbaycan” sözünü çox vaxt neqativ şəkildə hallandıran fransız siyasətçilərinin və hüquq müdafiəçilərinin dilindən asayiş keşikçilərinin hərəkətlərini pisləyən bircə kəlmə də eşitmədik.

Etirazlar o qədər geniş miqyas alıb ki, Fransanın hakimiyyət orqanları dünən ilk dəfə olaraq ada sakinlərinin tələblərini müzakirə etməyə başlayıblar. Bu tələblərdən biri də onlara müəyyən dərəcədə muxtariyyət verilməsidir. Lakin onlar bu müzakirələri o qədər həvəssiz edirlər ki, onlardan soruşmaq istəyirsən: cənab fransızlar, siz öz ölkənizdəki problemləri həll etmək əvəzinə başqalarına dərs keçir, münaqişənin mahiyyətini bilmədiyiniz halda hamıdan uca səslə Azərbaycandan artıq tarixə qovuşmuş Dağlıq Qarabağ bölgəsi üçün status tələb edirdiniz?

Halbuki korsikalılar adada yaşayan fransızları qovmayıblar, Fransanın materik hissəsindəki əyalətləri işğal etməyiblər, şəhərləri və kəndləri yerlə-yeksan etməyiblər, tarixi abidələri məhv etməyiblər, dini sitayiş obyektlərini murdarlamayıblar, dövlətin geniş ərazilərini minalamayıblar.

Bəs Azərbaycan harada sizin yolunuzdan keçib və nəyə görə sizin xüsusi münasibətinizi “qazanıb”?

Siz Bakıdan Qarabağın erməni əhalisi üçün hüquqlar tələb etdiyiniz halda (halbuki indiyə qədər Xocalıda, Xankəndidə və başqa yerlərdə öz evlərinə qayıda bilməyən azərbaycanlı əhali üçün hüquqlar tələb etmək lazım idi) yalnız Korsika və fransız dillərindən bərabər səviyyədə istifadə olunmasını arzu edən ada sakinlərinin tələbləri indiyə qədər nə üçün yerinə yetiriməyib? Axı korsikalılar maliyyə baxımından asılı olduqları Fransadan tam müstəqillik tələb etmir, yalnız öz qanuni hüquqlarını genişlənməsini istəyirlər. Lakin Paris bu məsələdə də onlara rədd cavabı verir. Bundan sonra heç bir azərbaycanlının qalmadığı Qarabağ torpağında hansısa pakres və buayelər necə gəzə bilərlər?

Fransa hökumətini “arsax”ın müstəqilliyini tanımağa çağıran qətnamə qəbul etməklə bu ölkənin Senatı öz vətəndaşlarına hətta mədəni muxtariyyət verməkdən də imtina edir. Burada hətta separatizm barədə də danışmağa dəyməz, çünki heç kəs ayrılmağı (yəni separasiyanı) tələb etmir.

Parisin davranışı Fransa tərəfindən tətbiq edilən ikili standartlar nümunəsidir. Fransanın siyasi elitaları korsikalıların muxtariyyət barədə dinc tələblərinə etinasızlıq göstərməklə eyni zamanda təcavüzkar erməni separatizmini, işğalı və etnik təmizləmələri dəstəkləyirlər. Xaricdəki separatçıları dəstəkləyən, onların nazı ilə oynayan Paris Fransanın qeyri-titul etnosuna mənsub olan öz vətəndaşlarının problemlərini unudub. İndi bunun cavabını alır.

Hələ nələr olacaq…

Zöhrab Dadaşov

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR