İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa od içində - “erməni kuklası” Makron niyə istefaya getmir?

615 04.07.2023 08:39 Siyasət A A

Politoloq: “İnflyasiyanın, iqtisadi inkişafın zəifləməsinin qarşısı alınmasa, etirazlar dalğası bütün Avropanı bürüyə bilər”

Fransada hakimiyyətə qarşı ölkə boyu kütləvi etirazlar davam edir. İtaətsizlik, xaos, hərc-mərclik, kütləvi həbslər artıq pik həddə çatıb. Hətta siyasi müşahidəçilər vətəndaş müharibəsi ehtimalından danışmağa başlayıblar. Bir neçə gündür davam edən etiraz aksiyalarında təxminən 1000 nəfər saxlanılıb, 79 nəfər yaralanıb, 1 350 avtomobil yandırılıb, 31 polis bölməsi, 16 bələdiyyə polis bölməsi və 11 jandarma kazarması daxil olmaqla, 234 binaya ziyan dəyib.

Görünən həmçinin budur ki, Fransa tarixində dinc etirazçılara  qarşı bu qədər polis zorakılıqları, vəhşiliklər olmayıb. Xüsusilə diqqət çəkən məqam qeyri-fransızlara, hətta jurnalistlərə qarşı qəddar münasibətdir (onların arasında AzTV əməkdaşları da olub). Əlcəzairli müsəlman gənc sürücünün heç bir əsas olmadan Fransa yol polisi tərəfindən güllələnməsi də məhz ölkədə dövlət səviyyəsində islamofobiyanın, ksenofobiyanın növbəti parlaq təzahürü idi.

Qabil Hüseynli: “Fransa çox riyakar və ikiüzlü dövlətdir”

Qabil Hüseynli

Professor Qabil Hüseynli “Yeni Müsavat”a açıqlamasında Fransa tarixinə nəzər saldı. O xatırlatdı ki, Şarl de Qoll hakimiyyətinin ikinci mərhələsində xalqın ciddi narazılığı ilə üz-üzə qaldıqda istefa etməyə məcbur oldu: “Demokratiyanın inkişaf etdiyi ölkələrdə bu cür kütləvi narazılıqla üz-üzə qalan dövlət başçıları, yaxud digər rəsmilər istefa verirlər. Makron isə bunu etməyəcək.  İsveçrədə də aksiyaların keçirilməsi təsadüfi deyil. Avropadan xarici investisiyaların çıxarılması prosesi başlayıb. Bir çox investor Avropa banklarındakı sərmayələrini geri çəkərək ABŞ banklarına yatırır. Buna görə də  dünya iqtisadi böhranında ciddi zərər çəkən Avropa iqtisadiyyatı geriləyir. Uğurlu inkişaf etmiş ölkələr, xüsusilə Almaniyanın iqtisadiyyatında mənfi tendensiyalar azalmaqdadır. İspaniya, Fransa, Danimarka Polşa, Sloveniya, Çexiya kimi ölkələrdə isə vəziyyət gərgindir. İnflyasiyanın, iqtisadi inkişafın zəifləməsinin qarşısı alınmasa, etirazlar dalğası bütün Avropanı bürüyə bilər”.

Elxan Şahinoğlu: "Laçında sərhəd məntəqəsinin yaradılması tarixi hadisədir"

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu mövzunu şərh edərkən Qərb dövlətlərinin adətən belə məsələlərə münasibət bildirmədiyinə diqqət çəkdi: “Onlar adətən 3-cü dövlətlərlə bağlı fikir bildirmirlər, hərçənd, bəzi təşkilatlar narahatlıqlarını bildiriblər. Yüzlərlə insanın həbsi, dükanların yağmalanması Avropa Birliyinin aparıcı dövləti üçün bir qədər xoşagəlməz mənzərədir. Öldürülən gənc və onu öldürən polis üçün pul yığılır. Diqqətçəkən məqam budur ki, polis üçün açılan bank hesabına daha çox pul yığılıb. Belə çıxır ki, Fransa cəmiyyəti polisə daha çox dəstək verir. Bu faktın özü belə ölkədə cinayətə haqq qazandırılması, irqi ayrı-seçkiliyə dəstək mənası verir. Hesab edirəm ki, beynəlxalq təşkilatların reaksiyası olmayacaq.  Fransa özünün yaratdığı təşkilatlara özünə qarşı qətnamə qəbul etməyə imkan verməz. İstefa adətən sırf parlament respublikalarında baş verir. Hökumət və baş nazir işinin öhdəsindən gəlmədikdə  istefa verir. Fransa yarı prezident sistemi olan unitar dövlətdir. Prezident xalq tərəfindən seçildiyindən istefa nəzərdə tutulmur. Ötən əsrin 60-cı illərində fransızların dünyaya baxışı dəyişdi. Əlcəzairdən imtina edilməməsi gənclər arasında fikir ayrı-seçkiliyinə səbəb olmuşdu. Hərəkat aylarla davam etdi, daha sonra digər Avropa ölkələrinə də yayıldı. Bugünkü aksiyaların motivi sırf cinayətlə bağlıdır. Aksiyalar hüquq pozuntuları ilə müşayət olunur-dükanlar yağmalanır, maşınlar yandırılır. Ən yaxşı halda Fransanın daxili işlər naziri istefa verə bilərdi. İndiki vəziyyətdə Makronun istefasını real hesab etmirəm.  O ki qaldı İsveçrədə aksiyaların keçirilməsinə, bunun genişlənəcəyini zənn etmirəm”.

Almaniya kansleri Olaf Şolts ARD telekanalına müsahibəsində deyib ki, Fransada zorakı cinayətlərə yol verilməməlidir, oradan gələn xəbərlər çox üzücüdür. Şolts eyni iğtişaşların Fransada olduğu kimi Almaniyada da təkrarlanacağına dair heç bir əlamət görmür. “Fransa prezidentinin ölkədə qalmaq qərarını indi anlayıram. Mən də eyni şeyi edərdim”, - deyə o qeyd edib.

Report agentliyinin yerli bürosunun yazdığına görə, Fransa hökuməti ölkədə müxalifəti sıxışdırır. Böhranlar zamanı kommunikasiya üzrə ekspert və təşkilatlar yanında strateji məsləhətçi Jan-Fransua Duma (Jean-Francois Dumas) bildirib ki, Fransada baş verən bugünkü böhran və son hadisələr 20 ildən çoxdur ki, ölkədə aparılan yanlış siyasətin əlamətlərindən biridir: “Hazırda ölkədə baş verənlərə ölkə rəhbəri Emmanuel Makron biganə münasibət bəsləyir. Parisətrafı şəhərlərdə əhalinin çox ciddi inteqrasiya problemi var. Əgər bu gün oradakı insanlar bizə, tariximizə, cəmiyyətimizə qarşı münaqişəyə giriblərsə, burada yalnız özümüz günahkarıq. Emmanuel Makron gəlmələri ölkəyə buraxır. Bunun müqabilində ölkədə onları qəbul etmək, yerləşdirmək, mənzillə təmin etmək, inteqrasiyalarını təmin etmək üçün heç bir şərait yoxdur. Miqrantlar ictimai yerlərdə dağıntılar törədir, ticarət obyektlərini talan edirlər, çünki bilirlər ki, onlara münasibətdə ciddi tədbirlər görülməyəcək. Son hadisələr zamanı dəyən maddi ziyanın müqabilində biz çox az sayda insanın həbs edildiyinin şahidi olduq”.

Jan-Fransua Duma hökumətin müxalifətin fəaliyyətini məhdudlaşdırdığını deyib. O, Fransa polisinin bugünkü ağır iş şəraitinə də toxunub:

“Atəş açan polisin soyuqqanlığını itirməsi bizi təəcübləndirir. Bu gün Fransa polisi ağır iş şəraitində çalışır. Belə ki, işin həcmi çox, polisin sayı və gəlirləri azdır. Onlarla pis rəftar olunur, üzərlərinə koka-kola, pivə qabları atılır. Fransada bu gün elə məhəllələr var ki, ev həkimləri o ərazilərə girməkdən ehtiyat edirlər. Parisətrafı rayonlarda üstlərində silah gəzdirənlər var ki, ölkə prezidenti bütün bunlara tamamilə biganə münasibət göstərir”.

J.Duma bu gün Fransa tarixində çox qəmgin bir səhifənin yaşadıldığını bildirib: “Bu gün ölkəmizin borcu rekord həddə çatıb. Bizim ödədiyimiz vergilərin hara getdiyini heç bilmirik. Hesab edirəm ki, Emmanuel Makron Fransanı sevmir. Fransanın tarixi, mədəniyyəti bu gün Avropa İttifaqı tərkibindən silinmək üzrədir”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR