İnsanlara hürriyət, millətlərə istiqlal!

“France-2”-dən Azərbaycana qarşı tarixi təxribat-“Artsax” yalanı yenidən dövriyyəyə buraxıldı

1117 03.07.2026 17:52 Siyasət A A

Fransanın aparıcı ictimai yayım qurumlarından olan “France Televisions" qrupuna daxil “France-2” telekanalında iyulun 5-də “Qafqaz Xristianlarının Tarixi” (“L'Histoire des Chretiens du Caucase") adlı sənədli filmin nümayişi planlaşdırılır.

Bu barədə məlumat telekanalın "Şərqin Xristianları" ("Chretiens Orientaux") verilişinin rəsmi Facebook səhifəsində iyulun 1-də yayımlanan paylaşımda yer alıb. Filmin müəllifləri jurnalistlər Thomas Wallut və Guillaume Juheriandır.

Paylaşımda yer alan bəzi ifadələr və filmə dair təqdim olunan qısa treyler Azərbaycanda narazılıq doğura biləcək məqamlarla diqqət çəkir. Belə ki, paylaşımda "Azərbaycanda, “artsax”dan ermənilərin köçündən sonra dini irsin gələcək taleyi yaddaş və tarix baxımından mühüm məsələdir" ifadəsi işlədilib. Azərbaycanın rəsmi mövqeyinə zidd olan “artsax” terminindən istifadə edilməsi və məsələnin bu kontekstdə təqdim olunması sarsaqlamaqdan başqa bir şey deyil.

Bununla yanaşı filmin treylerində xüsusi olaraq vurğulanan əsas tezislərdən biri Qafqaz Albaniyasının artıq X-XI əsrlərdə mövcudluğunu itirdiyi və həmin dövrdən etibarən regionda erməni dini-mədəni hökmranlığının formalaşdığı iddiasıdır.

Bu yanaşma ilə müasir dövrdə Azərbaycanın ərazisində yerləşən Alban kilsələrinin və bir sıra xristian dini-mədəni abidələrinin Qafqaz Albaniyası irsinə aid olması faktı şübhə altına alınır. Treylerdə təqdim olunan bu tezislər Azərbaycanın Qafqaz Albaniyasının tarixi və mədəni irsi ilə bağlı uzun illər beynəlxalq platformalarda müdafiə etdiyi elmi mövqedən fərqli yanaşmanı əks etdirir.
Azər Hüseynov:"İlkin mərhələdə bu “Ar(sız)sax”ın Araik deyilən marionetini  iqtisadi qısqaca almalıyıq"

Tarixçi-yazar Azər Hüseynov Musavat.com-a bildirdi ki, tarixi hadisələri manipulyasiya etmək və onları siyasi məqsədlər naminə təhrif etmək düzgün yanaşma deyil:

“Müasir dünya beynəlxalq hüququn, rəsmi sənədlərin və dövlətlərin qarşılıqlı tanınmış sərhədlərinin əsas götürüldüyü bir sistem üzərində fəaliyyət göstərir. Tarixi faktlar isə siyasi təbliğatın deyil, elmi araşdırmaların mövzusu olmalıdır. Qafqaz Albaniyası və onun tarixi-mədəni irsi ilə bağlı Azərbaycan dövləti uzun illərdir sistemli fəaliyyət həyata keçirir. Alban irsinin öyrənilməsi, qorunması və dünyaya tanıdılması istiqamətində mühüm addımlar atılıb. Bu çərçivədə Alban-Udin Xristian Dini İcmasının fəaliyyəti üçün lazımi şərait yaradılıb, alban məbədlərinin bərpası və mühafizəsi dövlət tərəfindən dəstəklənir. Bu da göstərir ki, məqsəd hər hansı irsi məhv etmək deyil, onu öz tarixi kimliyi ilə qorumaqdır.

Ermənilər məsələsinə gəldikdə isə, Qafqazda erməni əhalisinin sayının kəskin şəkildə artmasının əsas səbəblərindən biri XIX əsrdə Rusiya imperiyasının həyata keçirdiyi köçürmə siyasəti olub. Bu, həm Rusiya imperiyasının rəsmi sənədlərində, həm də çoxsaylı tarixçilərin araşdırmalarında öz əksini tapmış bir faktdır. Bundan əvvəl bölgədə yaşayan ermənidilli xristian əhalinin əhəmiyyətli hissəsinin genetik və tarixi baxımdan Qafqaz Albaniyasının yerli əhalisi ilə bağlı olduğu barədə müxtəlif elmi tədqiqatlar və fikirlər mövcuddur. Hətta Qarabağdan olan bəzi tanınmış erməni ziyalıları da bu məsələyə toxunaraq bölgədəki xristian əhalinin alban kökləri ilə bağlı fikirlər səsləndirmişlər.

“Ermənilər getsə, xristian irsi də məhv olacaq” iddiası da reallığı əks etdirmir. Azərbaycanda müxtəlif dinlərə və mədəniyyətlərə aid çoxsaylı tarixi abidələr dövlət tərəfindən qorunur, bərpa edilir və hüquqi mühafizə altındadır. İndiyədək ölkədə yəhudi, pravoslav, katolik və digər qeyri-müsəlman dini irsinin dövlət tərəfindən qorunduğunu göstərən kifayət qədər nümunələr mövcuddur. Buna görə də xristian irsinin dağıdılacağı ilə bağlı iddiaların ciddi əsası yoxdur”.

Tarixçi-yazar tarixi faktlar da önə çəkdi: “Qafqaz Albaniyasının kilsə ənənəsi də tarixi baxımdan XIX əsrin əvvəllərinə qədər mövcud olub. Alban Kilsəsi 1836-cı ilə qədər ayrıca dini institut kimi fəaliyyət göstərirdi. Həmin ildə Rusiya imperatorunun fərmanı ilə Alban Kilsəsi ləğv edilərək Erməni Apostol Kilsəsinin tabeliyinə verildi. Bununla da alban kilsə irsinin əhəmiyyətli hissəsi inzibati baxımdan erməni kilsəsinə tabe etdirildi. Bu hadisə bölgənin dini və tarixi irsinə ciddi təsir göstərmiş, sonrakı dövrlərdə alban irsinin mənşəyi ilə bağlı mübahisələrin yaranmasına zəmin hazırlamışdı”.


Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR