İnsanlara hürriyət, millətlərə istiqlal!

Flora Kərimova - Afət Fərmanqızı QALMAQALI: kim uduzdu, kim uddu...

1734 12.10.2022 12:12 Şou-biznes A A

“Binəqədi Rayon Məhkəməsində Flora Kərimova ilə bağlı məhkəmə prosesimiz qanunsuz olaraq dayandırılıb. Prosesin dayandırılmasına görə Ali Məhkəməyə şikayət vermişik. Məhkəmə prosesi oktyabrın 27-də olacaq”.

Musavat.com xəbər verir ki, bu sözləri müğənni Afət Fərmanqızı Xalq artisti Flora Kərimova ilə yaşadığı qalmaqaldan söz açarkən deyib.

Müğənni uzun müddətdir davam edən məhkəmə işində ona qarşı haqsızlıq edildiyini bildirib:

“Bu ilin fevral ayında jurnalistlərə açıqlama verdim ki, mən artıq ailə həyatı qurduğum üçün Rusiyaya köçürəm. Məqsədim də o idi ki, Rusiyada yaşayan azərbaycanlılar görsünlər ki, mən artıq ora köçmüşəm və el şənliklərinə orada davam edim. Bundan sonra təməlli olaraq Rusiyaya yerləşdim. Bir aydan sonra isə mənə xəbər gəldi ki, Azərbaycanda Xalq artisti Flora Kərimova məni məhkəməyə verib. Deməli, düşünüb ki, Afət artıq Rusiyaya yerləşib, onu məhkəməyə verim və deyim ki, məhkəmədən, məndən qaçır. Mən fevral ayından Rusiyaya köçdüyümü sübut edənə qədər insanların əksəriyyəti Flora Kərimovaya inandı, çünki yaşlı sənətkardır, bəziləri onun doğru dediyini düşündü. Yəni Flora Kərimova öz yalanı ilə bir çox insanları çaşdırdı. Amma fevral ayında mətbuata verdiyim açıqlama bir daha sübut edir ki, mən fevral ayından Rusiyaya köçmüşəm, Flora Kərimova isə məni mart ayında məhkəməyə verib.

Qanuna əsasən də əgər mən köçmüşəmsə, Azərbaycanda yaşamıramsa qanunla məhkəmə prosesə mənsiz baxa bilər. Lakin anlamıram ki, məhkəmə niyə mənsiz prosesə baxmaq istəmir. Axı vəkilim oradadır. Mən əgər Rusiyada yaşayıramsa, burada nikahla ailə qurmuşamsa, bütün bunlar və səhhətimlə bağlı sənəd təqdim etmişəmsə, məhkəmənin  nə marağı var ki, məni axtarışa verib, məcburən məhkəməyə gətirmək istəyir. Səbəb nədir?

Flora Kərimova işi belə görüb, məni Nərimanov Məhkəməsinə verdi, halbuki mənim o məhkəməyə aidiyyətim, qeydiyyatım yoxdur. Beləliklə, vəkilim həmin məhkəməyə getdi, iş ekspertizaya gedib və hələ ki, heç bir cavab çıxmayıb”.

“Tərəflərin barışması üçün təşəbbüs olubmu” sualımıza müğənni bu cür cavab verib:

“Axı mən dalaşmamışam ki, mən də barışam. Mənimlə dalaşan da, öz-özünə təhqir edən də Flora Kərimovadır. Bircə başa düşəydim ki, Flora Kərimovanın mənimlə nə alıb, verə bilmədiyi var. Məgər ölkədə ondan başqa sənət adamı yox idimi ki, mənim ifama fikir bildirə? Əvvəl tənqidə, sonra isə təhqirə keçdi. Məni tanıyanlar, yaxınlarım da bilir ki, həmin təhqirləri məhkəməyə təqdim etmişəm.

Bəzi sənət adamları sonradan mənə zəng edib, bildirdilər ki, Flora Kərimova bu günə qədər təxminən 8 adamı məhkəməyə verib, təzminat və üzr istəməyi tələb edib. Hamı bilir ki, Faiq Ağayev məhkəmədə onu udub, eləcə də mətbuatda yayılan məlumata görə, mərhum sənətkarımız İlhamə Quliyeva da məhkəmədə ona qalib gəlib. İndi həm də Ülviyyə Alovlu ilə məhkəmə prosesləri var. Demədiyi sözə görə həmin jurnalisti məhkəməyə verib. Xeyir ola, Flora Kərimova elə əlinə kim keçir məhkəməyə verir?

Mən tərəfdən barışığa təşəbbüs olmayıb, çünki təhqir olunan da, haqsızlığa məruz qalan da mənəm. Amma düşünürəm ki, bu məhkəmə prosesi Flora Kərimovanın iqtidarında olan məsələ deyil. Çünki əgər o məni məhkəməyə vermək istəsəydi, 3 il əvvəl verərdi. Bəs 3 ildən sonra nə baş verdi ki, məhkəməyə vermə qərarına gəldi? Hesab edirəm ki, onun arxasında duran qüvvələr var, öyrədib önə veriblər”.

Xatırladaq ki, Xalq artisti Flora Kərimova ilə qalmaqal yaşayan Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında şikayət ilə bağlı Binəqədi Rayon Məhkəməsində araşdırma aparılır. A.Fərmanqızı məhkəmələrə dəfələrlə gəlmədiyi üçün cinayət işi üzrə icraat müvəqqəti dayandırılıb və onun barəsində həbssiz axtarış elan olunub.

Qeyd edək ki, xüsusi ittihamçı Afət Fərmanqızını Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham edir.

Xalidə Gəray
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR