İnsanlara hürriyət, millətlərə istiqlal!

Flomasterlə qurulan “dövlət” –Belə xəritələr axırda cırıq-cırıq olur

2225 31.05.2024 11:40 Analitika A A

İsrailin baş naziri Binyamin Netanyahunun eyni soyadlı oğlu Yair tərəfindən yayılan “Kürdüstan” xəritəsini onun özünün tərtib etdiyi şübhə doğurur.

Güman ki, bunu özünü kürd dövlətçiliyinin ideoloji mərkəzi kimi aparan bir qrup edib və tanış olması üçün Yairə göndəriblər.

Belə xəritələri tərtib etmək çətin deyil. Dövlətlərin sərhəd xətləri çoxdan məlumdur, xəritənin elektron variantını götürərək, karikaturaçıların və fotoşop proqramçılarının istifadə etdiyi elektron flomasterlə lazım olan yerləri rəngləyirsən, “yeni bir dövlət” əmələ gəlir.

“Kürdüstan” dövlətini əmələ gətirənlər də elə ediblər və insafən, yekə bir “dövlət qurublar”. Bu “dövlət” bölgədəki bir çox dövlətlərdən, məsələn, Suriyadan, İraqdan, İsrailin özündən, Livandan, İordaniyadan, körfəzdəki cırtdan dövlətlərdən böyükdür.

Bəs xəritə-kağız üzərində əmələ gətirilən “Kürdüstan” dövləti hansı ölkələrin hesabına “böyüyüb”?

Əsasında İraqın şimalında çoxdan mövcud olan Kürdüstan muxtariyyatı duran “yeni dövlətin ərazisi” bu dəfə İraqın cənubuna, Bağdad şəhərinin qulağının dibinə qədər uzanır, yolüstü İranı da Mehabad və Urmiyadan başlayaraq Kirmanşaha qədər parçalayır.

Flomaster ustaları şimala doğru da yaxşı işləyiblər və Türkiyənin Ərzincan, Diyarbəkir, Mardin, Elazığ, Qaziantep, Şanlıurfa, Ağrı və kürd millətindən olan insanların kompakt yaşadığı bütün əraziləri solğun yaşıl rənglə boyayıblar. Təkcə adı çəkilən ərazilər kifayət etməyib, Türkiyənin şimal-şərqindəki Qars şəhərində də kürdlərin yaşadığı nəzərə alınıb və o da anklav olaraq “Qers” adıyla “Kürdüstan”a daxil edilib. 90 min əhalisi olan Qarsın sakinlərinin böyük hissəsi isə Anadolu türkləri, Azərbaycan türkləri, qarapapaqlardır. Bu şəhərdə kürdlər, ermənilər, gürcülər də yaşayır.

“Kürdüstan”a anklav olaraq Azərbaycanın işğaldan azad olunmuş rayonları da daxil edilib. Vaxtilə yanlış olaraq “kürd zonası” kimi təsbit olunan bu regionda sakinlərinin cəmi 2 faizi kürd olduğu halda Laçın, böyük hissəsində Azərbaycan türkləri yaşayan Kəlbəcər və Qubadlı da “Kürdüstan”a daxil edilib. Yəni vaxtilə kürd millətindən olan insanların yaşadığı 5-6 kəndə görə bütöv rayonlar “Kürdüstan”a verilib.

Bu, o məntiqlə edilib ki, həmin yerlərdə kürdlər kompakt yaşayır. Eyni yanaşma ilə Ankara və İstanbul, eləcə də kürdlərin icma şəklində yaşadığı başqa şəhərlər də “götürülə” bilərdi.

İndiyə qədər əsasən ermənilər bu cür “xəritələr” tərtib edirdilər və bu beynəlxalq siyasi arenada ciddi qəbul olunmurdu, millətçi mərkəzlərin başqa dövlətlərə ərazi iddiası, sərhədlərin dəyişdirilməsinə cəhd hesab edilirdi.

Etiraf edək ki, son illərdə ölkəmizdə də belə “xəritə tərtibçiləri” peyda olub, onlar da başqa dövlətlərin ərazilərini flomasterlə “kəsib” götürür, bir dövləti kiçildir, başqa dövləti böyüdürlər.

Bu, avantüradır, qeyri-ciddi hərəkətdir. Bunu edənlər anlamırlar ki, bir qram flomaster mürəkkəbinin kağız üzərində “fəth etdiyi” əraziyə dair planı gerçəkləşdirmək üçün minlərlə dekalitr insan qanı axmalıdır.

Tutaq ki, İraq və Suriya hazırda böyük dövlətlərin hərbi təzyiqi nəticəsində zəifdir və öz şimal ərazilərini qoruya, orada muxtar qurumların yaranmasına mane ola bilmir, bəs İrana nə gəlib? Vaxtilə (1946-cı ildə) sovet intervensiyasından istifadə edən kürdlərin yaratdığı “Mahabad respublikası”nı çox çəkmədən süquta uğradan İran ərazisinin parçalanmasına təhəmmül edərmi?

Türkiyənin son 44 ildə PKK separatçılarına qarşı apadığı mübarizənin nəticələri ortadadır. Bu dövlətin son illərdə yeritdiyi və “kürd açılımı” adıyla məşhur olan yumşalma siyasəti sırf kürd millətçilərinin mənfi səciyyəli maksimalistliyi üzündən iflasa uğradı. Rəsmi Ankara cənub-şərqdə yaşayan kürdlərə əvvəlcə mədəni muxtariyyat, daha sonra isə geniş muxtariyyat vermək niyyətində ikən PKK-çılar dağdan enərək şəhərlərdə yeraltı silah arsenalları, tunellər şəbəkəsi yaratmağa, gələcək silahlı mübarizələrə hazırlaşmağa başladılar, nəticədə Türkiyə ordusu çomağın o biri başını çevirdi. İndi separatçılar dağlardakı mağaralarını da itiriblər, qərargahlarını İraqın şimalına köçürüblər. Türkiyə ordusu isə hərdən Suriya və İraqda da onları qapazlayır.

Yair Netanyahunun belə bir xəritə yaymasının əsas səbəbi isə İsrailin bölgədə yeni müttəfiq sorağında olmasıyla bağlıdır. Türkiyədən sonra o yer boş qalıb. Həm də ABŞ və Avropa bölgədə yeni bir güc mərkəzinin, Türkiyə və İrana qarşı olan yeni bir dövlətin yaranmasında maraqlıdır.

Sadəcə, kağız üzərində yaradılan dövlətlərin axırı yaxşı olmur. Kimsə çıxır, kağızı cırıq-cırıq edir. “Böyük Ermənistan”ın sərhədlərinin cızıldığı kağız elə oldu.

Araz Altaylı, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR