İnsanlara hürriyət, millətlərə istiqlal!

"Fərid Səfərli ilə bağlı çıxarılan hökm “ağ yalandır”, yaxın günlərdə..." - ANASI DANIŞDI

1227 29.08.2023 15:25 Son xəbər A A

“Guya Fərid iğtişaş törətmək üçün molla paltarı geyinmək istəyirmiş, əslində isə...”- Dilarə Əsgərova

İranda iki il müddətinə azadlıqdan məhrum edilmiş Azərbaycan vətəndaşı, tələbə Fərid Səfərlinin anası Dilarə Əsgərova oğluna çıxarılmış məhkəmə hökmünü fars dilindən Azərbaycan dilinə tərcümə etdirib və bu zaman bütün doğrular ortaya çıxıb.

Musavat.com-a danışan D. Əsgərova deyib ki, məhkəmə hökmündə Fəridin alman nömrəsi ilə 2022-ci ildə 19 nəfərə zəng etdiyi bildirilib.

"Guya Fərid Gülüstan sarayında görüşməyi nəzərdə tutub. Sanki Fəridlə qızın danışıqlarından belə aydın olur. Evə qurulmuş gizli kameranın yazısına görə guya aydınlaşıb. Amma həmin səs yazısı səhv tərcümə olunduğuna görə biz yenidən tərcüməçi tutduq, həmin səs yazısını tərcümə etdik. Fərid, əslində, deyib ki, “bu necə ölkədir, anamla əlaqə saxlaya, xəstəliyimlə bağlı ona heç nə deyə bilmirəm. Onlar onu çeviriblər ki, Tehranda guya kiminləsə kontakt quracaqmış. Guya Fərid iğtişaş törətmək üçün molla paltarı geyinmək istəyirmiş. Guya bunu qız deyib. Siz təsəvvür edin, hökm cəmi bir səhifədən ibarətdir. Heç nə tapmayıblar, hökmü bir A4 vərəqinə sığışdırıblar. Bunu mən vəkildən xüsusi olaraq soruşdum. O da dedi ki, qızın ifadəsində, ümumiyyətlə, elə bir söhbət yoxdur. Özlərindən bu hökmü uydurublar. Vəkil dedi ki, hətta qızın ifadəsini oxuyanda fikirləşib ki, bu qız sanki hüquqşünasdır. Fərid haqqında elə rəy verib ki, onu oxuyan Fəridi azadlığa buraxmalı idi. Yəni qızın ifadəsində Fəridin əleyhinə heç bir ifadə işlədilməyib. Qızın ifadəsinə əsaslanaraq çıxardıqları hökm absurddur, heç bir əsası yoxdur”.

Məhkəmə hökmündə qeyd olunur:

“Təqsirləndirilən şəxs (Fərid Səfərli -red) ilə xanım Mahşid arasında olan əlaqələrdən belə qənaətə gəlmək olar ki, təqsirləndirilən şəxs ölkənin Pəhləvi dövründə necə idarə edilməsi, mollaların eyni zamanda bir neçə qadınla nikahda olması və İranda baş verən etirazlarla maraqlanıb, həmçinin “Məryəm Rəcəbi” adlı şəxsi dəstəkləyib”. “İş materiallarına əlavə olunan sənədlərdə göründüyü kimi, təqsirləndirilən şəxsin soyadı “Səfərli”dir. Lakin Azərbaycan Respublikasının qeydiyyat orqanlarından əldə olunan məlumatlara görə, atasının soyadı “Səfərov”dur. Təqsirləndirilən şəxs bu barədə məlumatsız olduğunu bildirdi. Bundan əlavə, təqsirləndirilən şəxs İrana daxil olduğu müddət ərzində öz kimliyini gizli saxlamaq məqsədilə üstündə olan xarici valyutaları valyutadəyişmə məntəqələrində deyil, başqa sərnişinlər vasitəsilə “tümən”ə çevirib”.

D.Əsgərova qeyd edib ki, vəkil hökmü tam şəkildə açıqlamağa icazə verməyib: “Amma əsas bəndlər bunlardır. Tərcüməni XİN-nə göndərdim. Hazırda apelyasiya şikayəti hazırlanır, yaxınlarda veriləcək”.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR