İnsanlara hürriyət, millətlərə istiqlal!

Fələstinə görə ikiyə bölünən dünya - optimal yol...

808 30.05.2024 10:38 Siyasət A A

Son bir ayda Avropanın üç ölkəsi onun müstəqilliyini tanıyıb, daha dörd dövlət də eyni qərara hazırlaşır; münaqişənin həll yolu Ərdoğanın təklifinin reallaşmasından keçir 

İsrail-Fələstin müharibəsinin necə və nə vaxt, hansı sonluqla bitəcəyi haqda müxtəlif təxminlər, proqnozlar olsa da, gedişat onu göstərir ki, məsələnin həlli heç də asan olmayacaq. 

Ekspertlər deyir ki, münaqişənin, müharibənin sona çatması üçün Fələstin dövlətinin yaradılması şərtdir, hansı ki, bu, 1967-ci ildə BMT tərəfindən təsdiqlənmiş qərardır. Son vaxtlar bu istiqamətdə maraqlı gəlişmələrin şahidi olmaqdayıq. Bəzi Avropa dövlətləri artıq Fələstini müstəqil dövlət kimi tanımağa başlayıblar. Mayın 28-də Norveçin Fələstini müstəqil dövlət kimi tanıması barədə qərarı qüvvəyə minib. Bununla bağlı Norveçin xarici işlər naziri Espen Bart Eydenin hökumətin saytında dərc olunmuş bəyanatında qeyd olunur: “30 ildən artıqdır ki, Norveç Fələstin dövlətini ən çox dəstəkləyənlərdən biridir. Bu gün Norveçin Fələstini rəsmi olaraq dövlət kimi tanıması Norveç və Fələstin arasındakı münasibətlərdə mühüm mərhələdir”.

Bundan əvvəl  İrlandiya və İspaniya Fələstinin beynəlxalq hüququn subyekti kimi tanınması barədə qərar elan edib. “Belçika, Lüksemburq, Portuqaliya və Sloveniya tezliklə Fələstini müstəqil dövlət kimi tanıya bilər”. Bu sözləri Rusiya mətbuatına Fələstinin Rusiyadakı səfiri Abdel Hafiz Nofəl deyib.

Norveçin xarici işlər naziri Espen Bart Eyde beynəlxalq ictimaiyyəti iki dövlətli həll yolu istiqamətində işləməyə çağırıb. O həmçinin Fələstin Administrasiyasını islahatlar üzərində işlədiyinə görə tərifləyib və İsrail hökumətini konstruktiv qarşılıqlı fəaliyyət əlaməti göstərmədiyinə görə günahlandırıb. İspaniyanın baş naziri Pedro Sançes isə deyib ki, Fələstin dövlətinin tanınmasının məqsədi israillilərlə fələstinlilər arasında sülhün əldə olunmasına töhfə verməkdir. İsrail bu addımı HƏMAS-a hədiyyə adlandırıb və etiraz əlaməti olaraq hər üç ölkədən səfirlərini geri çağırıb. İsrailin xarici işlər naziri İsrael Katz çərşənbə axşamı bildirib ki, İspaniya hökuməti yəhudilərə qarşı soyqırımı və müharibə cinayətlərinə təhrik etməkdə şəriklik edir. 

Ancaq Fələstini tanımamaq kursunu davam etdirən dövlətlər də var. Danimarka parlamenti isə mayın 28-də Fələstinin dövlət kimi tanınmasının əleyhinə səs verib. Qərar layihəsi 28 mayda keçirilən iclasda səsverməyə çıxarılsa da, deputatların dəstəyini qazana bilməyib. Faktiki olaraq Fələstin məsələsində dünya ikiyə bölünüb. Bəs qızıl ortanı necə tapmalı? Bütün hallarda bu savaş, konflikt nə Fələstinə, nə də İsrailə xoşbəxt gələcək vəd edir. Bəs indiki durumda optimal yol nədir? Belə vaxtda isə İsrail tankları Rəfahın mərkəzinə daxil olub. İsrailin beynəlxalq təzyiqə baxmayaraq, Qəzza və Rəfahda əməliyyatlara davam etdiyi bildirilir. BMT-nin Baş katibi Antonio Quterreş İsrail ordusunun Rəfah şəhərində çadır düşərgəsinə zərbə endirməsini kəskin pisləyib və zorakılığın dayandırılmasını istəyib. Quterreş əlavə edib ki, Qəzzada bir dənə də olsun təhlükəsiz yer qalmayıb. Almaniya hökuməti Qəzza əhalisinə əlavə humanitar yardım olaraq daha 39 milyon avro vəsait ayırıb. Qəzzanın səhiyyə xidmətinin məlumatına görə, İsrailin əks-hücumunda 36 mindən çox fələstinli həlak olub, ölənlərin sayına həm mülki şəxslər, həm də döyüşçülər arasında olanlar daxildir.

Ramiyə Məmmədova: “Ankara Yaxın Şərqdə müharibəni səmimi şəkildə istəməyən  yeganə oyunçudur” - MÜSAHİBƏ - Oxu.az

Ramiyə Məmmədova

Siyasi ekspert Ramiyə Məmmədova Türkiyə lideri Ərdoğanın bu mövzuda fikirlərini yada salaraq qeyd edir ki, Fələstinin 1967-ci il sərhədləri daxilində müstəqil dövlət olaraq tanınması regiondakı bütün qarşıdurmaların öhdəsindən gələ bilər. Onun fikrincə, Fələstinin müstəqilliyinin tanınması ilə axan qanlar durdurula bilər: “Bu tarixi münaqişədə qalib tərəf yoxdur. Bu gün HƏMAS məğlub olsa belə fələstinlilər başqa bir hərəkat yaradacaqlar. İsrail ordusunun son hücumları çadır düşərgələrini bombardman etməkdir və bu da onun müttəfiqləri tərəfindən belə pislənilir. Məncə, Netanyahu hökuməti ciddi zərbə aldı və hakimiyyət dəyişikliyi labüddür. Çünki İsrail 7 oktyabrda haqlı ikən indi prosesi özünə qarşı çevirdi və dünya onun dinc əhalini öldürməsini tənqid edir, ABŞ silah yardımını dayandırır, Avropa İttifaqı bəyanatlar verir, Beynəlxalq Cinayət Məhkəməsi isə Netanyahu barəsində həbs orderi çıxarır. Yəni HƏMAS İsraildə dinc insanları girov götürməklə, 1200 vətəndaşını öldürməklə, festivala hücum etməklə hamı tərəfindən qınandı, amma İsrail ordusunun da etdikləri əndazəyə sığmır, 35 mindən çox günahsız insan, çoxu da uşaq və qadın olmaqla, öldürülüb”.

Siyasi təhlilçi Avropa dövlətlərinin Fələstinin müstəqilliyini tanımağa başlamasını müsbət addım hesab edir, lakin həlledici qərarlar saymır: “Bütün dünya bunu etməlidir. Fələstin xalqı öz dövlət müstəqilliyini qazanmalı, beynəlxalq ictimaiyyət də tanımalıdır. Bundan sonra masaya oturmalı və tərəflər Qəzza, əl-Əqsa məscidi və digər məsələlər haqda danışmalıdırlar. İsrail də bu şəraitdə sabit ölkə ola bilməz. Hazırda HƏMAS-la yanaşı Hizbullah, Yəmən husiləri və Suriyada olan qüvvələr də İsrailə zərbələr endirir. Ona görə davamlı gərginlik və münaqişə bölgəni hər zaman təhdid altında saxlayacaq. Bu baxımdan cənab Ərdoğanın təklifi etdiyi yol ən optimal variantdır...”

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR