İnsanlara hürriyət, millətlərə istiqlal!

Fazil Mustafa Baş prokurorluğun ittihama münasibətindən narazıdır: "İnamım sarsılıb" - SENSASİON MÜSAHİBƏ

1685 05.08.2024 09:00 Ölkə A A

Bilindiyi kimi, ötən il 28 mart tarixində saat 21.50 radələrində millət vəkili, Böyük Quruluş partiyasının başqanı, fəlsəfə doktoru Fazil Mustafa yaşadığı evin qarşısında silahlı terror aktına məruz qalıb.

Musavat.com-un da xəbər verdiyi kimi, deputatın özünün idarə etdiyi avtomobil döyüş silahından atəşə tutulub və nəticədə sağ ayağından və sağ çiynindən iki güllə dəyməklə ağır yaralanıb.

Hadisə yerinə gələn həkimlərin ilkin müdaxiləsindən sonra o, xəstəxanaya apırılıb. Sui-qəsd nəticəsində aldığı güllə yaralarına görə bir neçə dəfə cərrahiyyə əməliyyatı keçirib. Sağlamlığı qismən bərpa olunsa da, bu günədək reabilitasiyasını davam etdirməkdədir.

Hadisə baş verəndən dərhal sonra fakta görə Azərbaycan Respublikası DTX-nın İstintaq baş idarəsi tərəfindən AR CM-nin 228.2.1 və 277-ci maddələri ilə cinayət işi başlanmış və qısa müddət ərzində cinayət əməlini törətmiş şəxslər müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb olunmuş və barələrində həbs qətimkan tədbiri seçilmişdir.

e4bf2245f85f55d1e0cea7d8403266db.jpg (110 KB)

Cinayət işi üzrə Səricanov Azər Kamran oğlu AR CM-nin 28.214.2.2, 28.214.2.3, 28.214.2.6, 214-1, 228.2.1, 228.2.2 və 32.3.277-ci maddələri ilə, Əhmədov Rəşad Qəhrəman oğlu AR CM-nin 214-1, 228.2.1, 234.1-1, 274, 32.5.277-ci maddələri ilə, Şirinov Səbuhi Vəliyyəddin oğlunun AR CM-nin 228.2.1 və 277-ci maddələri ilə, Əsgərov Elşad Tofiq oğlunun AR CM-nin 228.2.1, 32.5.277-ci maddələri ilə və Əliyarov Emin Rafiq oğlunun AR CM-nin 228.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunublar. Təqsirləndirilən şəxslərə həmin maddələrlə ittiham elan olunmaqla cinayət işi baxılması üçün aidiyyatı üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Musavat.com vurğulayır ki, 7 aydır Bakı Ağır Cinayətlər məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə proses gedir və iş yekunlaşmaq üzrədir.

Dövlət ittihamçısı 2 avqust tarixli məhkəmə iclasında Azər Səricanova ömürlük azadlıqdan məhrum etmə, Rəşad Əhmədov və Səbuhi Şirinova 20 il, Elşad Əsgərova 19 il, Emin Əliyarova isə 5 il azadlıqdan məhrum etmə tələbi irəli sürüb. Görünən budur ki, yaxın günlərdə məhkəmə iş üzrə öz qərarını elan edəcək. Dövlət ittihamçısının mövqeyi və ümumilikdə proseslə bağlı zərərçəkmiş şəxs qismində tanınmış və dindirilmiş Fazil Mustafanın fikirlərini Musavat.com olaraq öyrənmək istədik.

-Fazil bəy, yekunlaşmaqda olan məhkəmə baxışı ilə bağlı mülahizələriniz bizim üçün maraqlıdır. Məhkəmə baxışından və dövlət ittihamçısının tələbindən razısınızmı?

- Məhkəmə baxışı ilə bağlı fikirlərimi qərar qəbul olunandan sonra əhatəli şəkildə bildirəcəyəm. Dövlət ittihamını müdafiə edən tərəflə isə qismən razılaşmaq mümkündür. Burada mütəşəkkil dəstənin başında duran Azər Səricanova ömürlük azadlıqdan məhrumetmə cəzasının tələb olunması məntiqli və ədalətlidir. Çünki məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı A. Səricanovun 2019-cu ilin oktyabr ayının 3-dən 30-dək olan müddət ərzində İranın Rey şəhərində Şükürov Əfəlatun Qəzənfər oğlu və digərləri ilə görüşdüyü, həmin görüşdən sonrakı müddət ərzində apardığı danışıqlar zamanı dini fanatizm zəminində Azərbaycan Respublikası Milli Məclisin deputatı Fazil Mustafanın xidməti və siyasi fəaliyyətinə son qoyulması, onun bu fəaliyyətinə görə qisas almaq, ona qarşı sui-qəsd (terror aktı) törədilməsi məqsədi ilə cinayət əməllərinin törədilməsinə cəlb edilən iştirakçılarına pul vəsaitinin verilməsini təmin etməsi müəyyən olunmuşdur. Məhkəmə baxışı zamanı sübuta yetrilmişdir ki, şəxsimə qarşı sui-qəsd (terror aktı) cinayət əməlinin törədilməsini A.Səricanov 2022-ci ilin sentyabr ayında Şirinov Səbuhi Vəlyəddin oğluna təklif etmiş, həyatıma sui-qəsdin törədilməsindən, yəni cinayət əməlinin törədilməsindən sonra ona pul vəsaitini verəcəyini vəd etmişdir. S. Şirinov A. Səricanovun təklifini qəbul etmiş, bu sui-qəsd cinayətini icra edəcəyini öhdəsinə götürmüş, planı icra etmək üçün 2022-ci ilin sentyabr ayında 7.62 mm kalibrli "Kalaşnikov” avtomatı, "STAR BM" modelli odlu yivli silahı və patronları ondan götürmüşdür. Bu mütəşəkkil dəstənin şəxsimə qarşı sui-qəsdi (terror aktı) 28 mart 2023-cü il tarixdə saat 21.50 radələrində icra etmələri tam sübuta yetrilmişdir. A. Səricanov İrandan bu məqsədlə R.Əhmədov tərəfindən gətirilən 30 000 ABŞ dolarının bir hissəsini, yəni 15 000 manatını 30 mart 2023-cü il terror aktını bilavasitə törədən S. Şirinova vermişdir. Cinayət əməlinin törədilməsi ilə bağlı sadalanan bütün hallar təqsirləndirilən şəxslərin ifadələri ilə öz təsdiqini tapmışdır. Məhkəmədə təqsirləndirilən şəxslərin cinayət əməllərini törətməkdə niyyətlərinin Azərbaycanda ictimai təhlükəsizliyin pozulmasına, əhali arasında vahimə yaratmağa, dövlət hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə Fazil Mustafanın həyatdan məhrum edilməsinə yönəldiyi sübuta yetrilmişdir. Yəni əsas məqsədləri ölkədə ictimai xof yaratmaq, din pərdəsi altında dünyəvi dövlət quruluşumuzu sarsıtmaq və dövlətçiliyimizi qorumaq üçün aktiv mövqe sərgiləyən insanları zərərsizləşdirmək olmuşdur.

- Kifayət qədər ağır cəzalar tələb olunduğu halda sizi hansı məqamlar narazı salıb?

- Bu adamlar İran xüsusi xidmət orqanlarının tapşırığını yerinə yetirərək həyatıma sui-qəsd ediblər. Həm də onların planında digər dövlət qurumlarında kütləvi qətliamlar törətmək niyyəti olub. Prosesdə zərərçəkmiş şəxs kimi qanuni nümayəndəm vasitəsilə təmsil olunuram. Məhkəmə baxışında sui-qəsdi planlayanlar və icra edənlər əməllərindən peşmançılıq duymadıqlarını bildiriblər. CM-nin 61-ci maddəsində nəzərdə tutulan bütün ağırlaşdırıcı hallar əməllərində yer almaqdadır. Cinayətin təşkilatçısı A. Səricanova haqlı olaraq dövlət ittihamçısı tərəfindən ömürlük həbs cəzası tələb olunub. Lakin ittiham tərəfinin terror hadisəsini bilavasitə həyata keçirən S. Şirinova maksimum cəza tələb etməkdən çəkinməsi məni xeyli təəccübləndirib və təəssüfləndirib. İndiyədək bu prosesin obyektiv zəmində araşdırlıb əsas təqsirkarlara qarşı obyektiv cəza tələb ediləcəyi ilə ilə bağlı inamım sarsılmış oldu. Xarici ölkənin xüsusi xidmət orqanlarının ölkəmizdə formalaşdırdığı mütəşəkkil terrorçu dəstənin dövlət və ictimai xadimə qarşı törətdiyi əmələ bu cür qiymət verilməsi anlaşılmazdır. Üstəlik zərərçəkmiş tərəf olaraq bizim məhkəmədə təqdim etdiyimiz tutarlı dəlillərə etinasızlıq göstərərək dövlət ittihamçsının terroru bilavasitə törətmiş şəxsə 20 il azadlıqdan məhrum etmə cəzasını tələb etməsi, üstəlik zərərçəkmiş tərəf kimi mənim məhkəməyə təqdim olunmuş müraciətimi əhatəli araşdırmağa belə zərurət duymaması məsələyə ciddi yanaşılmadığını göstərir. Halbuki baş vermiş bu cinayət hadisəsinin yalnız şəxsimlə əlaqəli olmadığını, bilavasitə dövlətimizi təhdid etmək məqdəsilə planlaşdırdığını istintaq orqanı və məhkəmə baxışı tam sübuta yetirmişdir. Bu motivi hətta ölkə Prezidenti də ötən il Şuşada keçirilən Qlobal Media Forumunda xarici ekspertlər və jurnalistlər qarşısında sualları cavablandırarkən də vurğulamışdır.

- O zaman irəlidə konkret hansı addımları atmağı düşünürsünüz?

Diqqət yetirsəniz görərsiniz ki, ciddi maddi və mənəvi ziyana məruz qalsam da məhkəmədə hansısa maddi təzminat tələbi qaldırmamışam. Çünki məni işin maddi tərəfi qətiyyən maraqlandırmır. Şəxsi mənada da cinayəti törədənlərə qarşı hansısa kin duyğuları daşımıram. Özümün, ailə üzvlərimin yaşadığı psixoloji sarsıntılara da mən Yaradanın bir sınağı kimi baxıram və rahatlıqla qəbul edirəm. Ancaq Azərbaycan dövlətinin maraqlarını ömrüm üçün ən ali dəyər hesab etdiyimə görə bu cinayətin fəlsəfəsinə çox ciddi əhəmiyyət verirəm. Yəni adamlar bizə xəbərdarlıq edirlər ki, biz, buradakı Vətən xainləri vasitəsi ilə sizin müstəqil dövlətdə onun maraqlarını qoruyan insanlara qarşı istədiyimiz addımı ata bilərik, istədiyimiz şəkildə qorxu və xof yarada bilərik, dünyəvi dövlətinizin mənəvi mühitini istədiyimiz kimi formalaşdıra bilərik. Siyasi fəaliyyətim boyu mahiyyət etibarilə mənim şəxsi düşmənim və ya şəxsi zəmində kiminləsə ədavətim olmayıb. Ancaq Azərbaycan dövlətinə qarşı təxribatla məşğul olan, ölkəmizdə terror aktı törədən, vətəndaşlarımızın həyatına qəsd edən hər bir erməni separatçısı, eləcə də din, məzhəb pərdəsi altında İran və ya başqa bir ölkənin xüsusi xidmət orqanlarının tapşırıqlarını icra edən şəxslər bütövlükdə bizim milli düşmənlərimizdir. Ona görə də uzun müddətdir bu cinayət hadisəsini əhəmiyyətsiz göstərməyə çalışan, medianı onun mahiyyətini təhrif etməyə yönəldən, məhkəmə baxışında üzə çıxan gerçəklərin qapadılmasına maraqlı olan zehniyyətə çatdırmaq istərdim ki, törədilən bu cinayət əməli sadəcə bir Azərbaycan vətəndaşına qarşı törədilməmiş, həm də Azərbaycan dövlətinə, bu dövlətin maraqlarını qətiyyətlə qoruyan bir parlament üzvünə, siyasi partiya rəhbərinə və onun cəhalətə qarşı dirəniş göstərən elmi düşüncəsinə qarşı törədilmişdir. Kimsənin şübhəsi olmasın ki, bundan sonra da vətənimiz, dövlətimiz və millətimiz naminə bu kimi ünsürlərin təxribat və cinayətlərinə qarşı mübarizəmizi qətiyyətlə davam etdirəcəyik.

Əlbəttə, məhkəmənin yekun qərarını gözləyirəm, nümayəndələrimlə birlikdə verilən qərarı ciddi təhlil etdikdən sonra müfaviq hüquqi addımlar atmağı düşünürəm.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR