İnsanlara hürriyət, millətlərə istiqlal!

Əzablama Palatası

1908 13.04.2023 09:31 Yazarlar A A

“Sən saydığını say, gör Hesablama Palatası nə sayır”

(təzə ata sözü)

Hesablama Palatası 2022-ci ildə apardığı yoxlamaların nəticəsini öz hesabatında açıqlamışdır. Sitat: “Maliyyə pozuntularının ümumilikdə məbləği 481,2 milyon manat müəyyən edilib”. Yəni keçən il dövlət büdcəsindən maliyyələşən idarələrdə bu qədər çırpışdırmaya yol verilibdir. Bir ildə yarım milyard azdır, çoxdur, bunu müəyyən eləməkdə çətinlik çəkirəm. Ancaq ortada Palata sədri Vüqar müəllimin 2021-ci ildə Milli Məclisə verdiyi hesabatdakı rəqəm var: o zaman maliyyə pozuntuları 80,1 milyon manat olmuşdu. Deməli, dövlət büdcəsindən dövlət məmurlarının əkişdirmə iştahı zəhləmgetmiş ifadə ilə yazsam, “ötən ilin müvafiq dövrünə nisbətdə” 400 milyon manat artıbdır.

Bunu necə başa düşməliyik? Hər il nə qədər şöbə müdiri, nazir müavini-zad tutulur, əmlaklar müsadirə edilir, pullar havada uçuşur, lakin xeyri yox imiş. Məmurların maaşını da artırırlar. İşə qəbul müsabiqə yolu ilədir. Hətta “Yüksəliş” adında müsabiqə var, guya orada kasıb balalarına karyera qazanmaq imkanları açılır. Lakin nəticə hanı? Nəticədə yeyinti artırsa, dövlət idarələrində aparılan struktur islahatları nədən və kimdən ötrüdür?

Deyəsən, deputatlar da bu yeyinti dövriyyəsini tənqid ediblər (ilahi, nə cürət!), çünki xəbərlərdə Hesablama Palatası (HP yazaq birdəfəlik, canımız qurtarsın) sədri Vüqar Gülməmmədovun belə sözləri verilmişdi: “Nöqsanların təkrarlanması ilə bağlı fikirlər səsləndirildi. Onu demək istəyirəm ki, nöqsanların təkrarlandığı hər il deyilir. O dövrdən bu dövrə görülən iş nədən ibarət olub ki, nöqsanlar təkrarlanmasın? Özümüzə də baxaq ki, biz bu dövrdə hansı ciddi bir iş gördük ki, bu işlər də təkrarlanmasın? Vacib olan bu suala cavab tapmaqdır”.

Vallah, mən hökumətin yerində turp əkdiyi, daha doğrusu, həmin o HP-nin gülməşəkər binasını ucaltdığı rəhmətlik “Azadlıq” qəzetində uzun zaman çalışmışam, necə deyərlər, “Tarixi-Nadir”i yarıyacan oxumuşam, lakin hörmətli Vüqar müəllimin sözlərindən nəsə qandımsa dövlət büdcəsindən yeyintiyə məruz qalım. Burada Palata sədri kimi qınayır? Yeyinti edənləri, yoxsa HP auditorlarını? Bəlkə, əlim qurusun yazdığım yerdə, deputatları? Əks halda, “biz ötən dövrdə bu yeyintilərin təkrarlanmaması üçün hansı işlər gördük” tənqidi kimə ünvanlanıbdır?

Təklif edirəm bunu da şəlləyək İran agentlərinin belinə, çıxıb getsin. Ən rahatı və aktualı budur. Niyə dağa-daşa çıxırıq, üstəlik, bu dəqiqə dağa çıxmaq təhlükəlidir.

Ancaq HP-nin ana dilimizə yüksək qayğısı bitib-tükənmək bilmir. Sitat: “Maliyyə pozuntularının ümumilikdə məbləği 481,2 milyon manat müəyyən edilib. Bunun 131,3 milyon manatı tədbir müəyyən edilmiş məbləğ, 349,9 milyon manatı isə tədbir (bərpa) üçün əsasların müəyyən edilməsi mümkün olmayan vəsaitdir. 131,3 milyon manatdan isə 46,1 milyon manatının bərpası müəyyən edilib, 85,2 milyon manatı üçün isə digər tədbir müəyyən edilib” (APA).

Hesablama, tfu... hesab edək mən savadsız bir adamam, Azərbaycan dilində də heç zad qanmıram. Ancaq kimsə mənə izah eləsin görüm “tədbir müəyyən edilmiş məbləğ” nə deməkdir, “tədbir (bərpa) üçün əsasların müəyyən edilməsi mümkün olmayan vəsait” nə deməkdir? Niyə məmurlar bu cür dildə danışır, xalqın onları qanmağını istəmirlər? Bu dili anlamaq böyük əzabdır. Mollaların ərəbcə guya əsrarlı danışıb camaatı tovlamasından bunun fərqi nədir?

Hələ orada “digər tədbir” də vardı, böyük ehtimalla onun sirrini heç Vüqar müəllimə də açmayıblar.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR