İnsanlara hürriyət, millətlərə istiqlal!

Eyni iş üzrə müxtəlif qərarların qəbul edilməsinin qarşısı alınacaq 

743 06.07.2026 12:48 Son xəbər A A

Konstitusiya Məhkəməsi cinayət işləri üzrə məhkəmə təcrübəsinə təsir edəcək mühüm qərar qəbul edib. Qərar Azərbaycan Prokurorluğunun sorğusu əsasında çıxarılıb və bundan sonra apellyasiya və kassasiya instansiyalarında cinayət işlərinə yenidən baxılmasının sərhədlərini daha dəqiq müəyyənləşdirir.

Musavat.com xəbər verir ki, Konstitusiya Məhkəməsinin Plenumunun iclasına məhkəmənin sədri Fərhad Abdullayev rəhbərlik edib.

Plenum Cinayət-Prosessual Məcəlləsinin bir sıra maddələrinin Konstitusiyanın 132-ci maddəsi baxımından necə tətbiq edilməsinə aydınlıq gətirib.

Sadə dillə desək, indiyədək kassasiya instansiyası (Ali Məhkəmə) apellyasiya məhkəməsinin qərarının yalnız bir hissəsini ləğv edib işi yenidən baxılması üçün geri qaytardıqda, bəzi hallarda apellyasiya məhkəmələri işin digər hissələrini də yenidən araşdırırdı. Yeni qərar isə bu məsələyə son qoyur.

Konstitusiya Məhkəməsi bildirib ki, əgər kassasiya məhkəməsi hökmün və ya qərarın yalnız müəyyən hissəsini ləğv edibsə, yeni apellyasiya baxışı da yalnız həmin hissə ilə məhdudlaşmalıdır. İşin qüvvədə qalan digər hissələrinə yenidən toxunmaq olmaz.
Qərarda daha bir mühüm məqam vurğulanır. Əgər iş yenidən apellyasiya instansiyasına qaytarılırsa, həmin məhkəmə yalnız qanunun ümumi tələblərini deyil, həm də kassasiya instansiyasının qərarında göstərilən hüquqi mövqeyi və əsaslandırılmış göstərişləri də nəzərə almalıdır.

Bu yanaşma eyni iş üzrə müxtəlif qərarların qəbul edilməsinin qarşısını almağa və məhkəmə təcrübəsində vahid yanaşmanın formalaşmasına xidmət edir.

Konstitusiya Məhkəməsi həmçinin qeyd edib ki, Cinayət-Prosessual Məcəlləsinin 397.5-ci maddəsi yalnız cinayətin hüquqi tövsifinə aid məsələləri əhatə etmir. Başqa sözlə, həmin norma daha geniş tətbiq olunmalıdır və yalnız əməlin hansı maddə ilə qiymətləndirilməsi ilə məhdudlaşmır.

Plenum qərarında qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı da tövsiyə yer alıb. Belə ki, Konstitusiya Məhkəməsi hesab edir ki, kassasiya şikayəti və kassasiya protestinin verilməsi üçün müəyyən olunmuş müddətlər yenidən nəzərdən keçirilməli və daha səmərəli mexanizm yaradılmalıdır. Bu məqsədlə Milli Məclisə qanunvericiliyin təkmilləşdirilməsi tövsiyə olunub.

Bu qərar cinayət işlərinə baxılarkən məhkəmələrin səlahiyyət hədlərini daha dəqiq müəyyənləşdirəcək, eyni iş üzrə təkrar və ziddiyyətli araşdırmaların qarşısını alacaq. Bununla yanaşı, məhkəmə proseslərinin daha operativ aparılmasına və hüquqi müəyyənlik prinsipinin gücləndirilməsinə xidmət edəcək.

Konstitusiyaya uyğun olaraq, bu qərar qətidir, heç bir dövlət orqanı və ya vəzifəli şəxs tərəfindən dəyişdirilə, ləğv oluna və ya rəsmi şəkildə başqa cür şərh edilə bilməz.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR