İnsanlara hürriyət, millətlərə istiqlal!

“Əsl müharibə” necə olur?

1426 22.07.2023 09:55 Yazarlar A A

Əslinə qalsa, müharibə müharibədir, onun “gerçəy”i, “qeyri-gerçəy”i olmur. Amma İkinci Qarabağ savaşı zamanı bir rusiyalı “politoloq”un dediyi sözlər hələ də yadımızdan çıxmayıb. O, təxminən belə demişdi: “Azərbaycanlılar və ermənilər hələ əsl müharibənin nə olduğunu bilmirlər. Raketlər Bakıdan İrəvana və İrəvandan Bakıya uçanda onlar əsl müharibənin nə demək olduğunu biləcəklər”.

Bununla rusiyalı “politoloq” nə demək istəyirdi? O, haqlı idimi? Əlbəttə ki, yox! Bu otuz il ərzində bizim əsgər və zabitlərimiz, xalqımız müharibənin, özü də qaydasız müharibənin (hətta müharibənin də qaydaları olur!) hər üzünü görüb. Bu otuz il ərzində ermənilər işğal olunmuş ərazilərmizdə daşı daş üstündə qoymamışdılar, biz onları tamamilə yenidən, necə deyərlər, sıfırdan tikməyə məcburuq. O ki qaldı bizim insanlarımıza, onların gördüyü təzyiqlər, yaşadıqları təhqirlər, işgəncələr hətta faşistlərin hərbi düşərgələrində belə olmurdu.

Üstəlik, biz rusiyalı “politoloq”un sözlərini misal gətirməklə qətiyyən əsgər və zabitlərimizin şücaətini və qəhrəmanlığını kiçiltmək istəmirik. Bəs onda nə demək istəyirdi rusiyalı “politoloq”?

Bütün rusiyalı siyasət əhli kimi o da bizə işarə etmək istəyirdi idi ki, bundan da pis ola bilər. Bəli, o, bir məsələdə haqlı idi: bu illər ərzində müharibə Azərbaycanın və Ermənistanın yalnız bir hissəsində gedib, amma müharibənin coğrafiyası genişlənə də bilər, elə ola bilər ki, o, bütün Azərbaycanı və Ermənistanı əhatə edər! Bəli, hazırda biz belə bir ssenarini Ukraynada görürük – rus əsgərinin hələ çatmadığı əraziləri Rusiya raketləri dağıdır! Ruslar, demək olar ki, bütün vasitələrdən istifadə edir– Kaxovkada su-elektrik stansiyasında bəndi partlatdılar, Zaporojye AES-i partladacaqlarına da işarə edir, hətta nüvə silahından belə istifadə edəcəklərini istisna etmirlər.

Hazırda rus əsgərləri əsasən Ukraynanın şərq hissələrində cəmləşib, amma rus raketlərinin sorağı Lvovdan gəlir! Üstəgəl, Kremlin bəxti onda gətirib ki, NATO müharibənin Rusiyanın ərazilərinə doğru yol açmasına imkan vermirlər və təbii ki, bu vəziyyət Kremlin əl-qolunu bir az da açır...

Qayıdaq rusiyalı “politoloq”un Azərbaycan-Ermənistan müharibəsi ilə bağlı sözlərinə. Onlara tamam etinasız da yanaşmaq olmaz. Biz Rusiya ilə mümkün qədər ehtiyatlı olmalıyıq. Moskva Qarabağda hətta bizim ağlımıza gəlməyən ssenariləri işə sala bilər.

Məsələn, bu günlərdə belə deyildi ki, Dağlıq Qarabağdakı ermənilər radio-elektron müharibəni sınaqdan keçirir, Azərbaycan səmasında uçan təyyarələrin radio-elektron sistemini sıradan çıxarmağa cəhd edirlər. Əlbəttə ki, ermənilərin, xüsusən də Dağlıq Qarabağ ermənilərinin belə bilikləri, ən başlıcası isə texnikası yoxdur, onlara bütün bunları ruslar öyrədir və zəruri texnikanı verirlər. Məqsədləri də aydındır: ermənilər və ruslar Azərbaycanın uçan pilotsuz aparatarını (PUA-lar!) sıradan çıxarmağın yollarını araşdırırlar. Odur ki, biz Rusiya ilə maksimum dərəcədə ehtiyatlı olmalıyıq.

Hazırda Azərbaycan tərəfindən proseslər zərgər dəqiqliyilə aparılır. Belə də olmalıdır. Rusiyanın təxribat ehiyatlarında hələ sınaqdan keçirilməyən çox ssenarilər var. Üstəgəl, İrəvan da ikibaşlı oyun oynayır və hərbi-dioplomatik topu Xankəndiyə tərəf ötürür.

Ona görə də Dağlıq Qarabağ separatçıları ötən əsrin səksəninci və doxsanıncı illərində etdiklərini bir daha təkrar etmək istəyir: “mitinqlər” keçirir, bölgənin və dünyannın liderlərinə “məktub”lar göndərir, Azərbaycanın onları blokadada saxladığını iddia edir, heç bir vaxt Azərbaycan cəmiyyətinə re-inteqrasiya olunmayacaqlarını bildirirlər!

Üstəlik, bütün bunların bir rejissoru var, o da Rusiyadır. Moskva açıq-aşkar Paşinyana təzyiq edir ki, o, Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanımağa tələsməsin, guya ki, Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyi Moskvanı çox narahat edir. Əslində isə Dağlıq Qarabağ ermənilərinin “təhlükəsizliyi” Rusiyanın əlində bir qarmaqdır və Kreml onunla bu bölgədə qalmağa cəhd edir...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR