İnsanlara hürriyət, millətlərə istiqlal!

Əsirlikdən qayıdan Aqşin Ermənistanı Avropa Məhkəməsinə verəcəkmi? – açıqlama

1340 25.12.2023 20:42 Gündəm A A

“Aqşinin sağlamlığı yerində deyil. Tez-tez özündən gedir. Saatlarla ayılmır. Həkimə apardıq. Orda da bayıldı. İynə vurdular. Deyirlər ki, qanı laxtalanır. Qanı təcili şəkildə yuyulmalıdır. Çünki qanına narkotik maddələr yeridilib. Aparırıq xəstəxanaya, saatlarla özünə gələ bilmir”

Bunu erməni əsirliyindən təzəcə azad olunan əsgər Aqşin Bəbirovun anası Dürdanə Bəbirova deyib.

Onun sözlərinə görə, oğlu əsir düşdükdən sonra sağlamlığında ciddi problemlər yaranıb: “Gördüyü işgəncələr səbəbindən bu vəziyyətə düşüb. Vurulan iynələr, bədəninə verilən cərəyan onun sağlamlığına zərər yetirib. Yolda getdiyi yerdə də ürəyi partlaya bilər. Beyninə qan çatmır, qanı laxtalanır. Yanında danışa bilmirik, səs götürmür, sığallaya-sığallaya danışırıq onunla. Psixoloji durumu çox pisdir, canına qıya bilər. Deyir, gedim dəniz kənarına, özümə nəsə edim. Rəngini də görmüsünüz necədir. Psixoloji, nervoloji müalicə keçməlidir. Yanında söhbət edə bilmirik. Ancaq qıcıq yaratmayan söhbətlər edirik ki, ona pis təsir etməsin. Dövlət Təhlükəsizliyi Xidməti dedi ki, bizim hospitalda hər şey yoluna qoyulacaq. Yaxın müddətdə xəbər edəcəklər”.

Aqşin bayılma hallarının Ermənistanda da olduğunu bildirib. Vətənə qayıtdıqdan sonra vəziyyətinin daha ciddi olduğu anlaşılıb: “Bacardığım qədər ayaq üstə qalmağa çalışıram. Yaşadığım yadıma düşəndə ürəyim gedir. Bakıya gələndən sonra vəziyyətim daha da pisləşib. Ermənistanda da olurdu. Bu vəziyyətlə bütün günü yaşayırdım, düşünürdüm ki, səbir edim, tezliklə Vətənimə gedəcəm. Orada bu vəziyyətə düşəndə yardım olunmurdu. Gələndən sonra isə bu hala tez-tez düşürəm, ürəyim gedir”.

Bəs əsirlikdə hərbçimizə uzaq təsirli hansısa toksik iynə vurula bilərdimi?

Adil Qeybulla istefa verdi - ANS - Xəbərlər

Tanınmış həkim Adil Qeybulla “Yeni Müsavat”a deyib ki, Aqşin Bəbirovla bağlı anasının təsvirləri belə qənaətə əsas verir ki, ən az o, daimi stress durumu yaşayıb: “Ola bilsin ki, hansısa inyeksiyaların, ekspremental maddələrin bədənə yetirmə halı baş veribsə, bu, beynəlxalq cinayət predmetidir. Hesab edirəm ki, əsirlikdən qayıdan şəxslərin reabilitasiya keçsinlər, ətraflı müayinə olunsunlar. Onların toxumalarından, qanından götürülən nümunələrdə müxtəlif qadağan olunmuş maddələrin, toksiki zəhərli maddələrin olması faktı aşkar edilərsə, bu insanlar üzərində eksprementlər seriyasına aid cinayətdir. Bu cinayət Helsinki deklorasiyasına daban-dabana ziddir. Hərbi əsirlərlə davranış qaydalarının pozulmasıdır və bu Ermənistan üzərində məsuliyyət yaradıb”.

Adil Qeybulla deyib ki, Azərbaycan dövlətinin erməni əsilli hərbi əsirlərlə davranışı fərqli olub: “1 erməni hərbi əsir yoxdur ki, desin ki, Azərbaycanda əsirlikdə olduğu zaman ona işgəncə verilib və ya qeyri-insani davranış göstərilib. Ermənistan tərəfi isə Azərbaycanlı hərbi əsirlərə qarşı ağlasığmaz cinayətlər törtməkdən çəkinmir. Aqişinin bədəninə cərəyan verilməsi, bayılmalarına qarşı hər hansı bir tədbir görülməməsi də bu qəbildən olan cinayətlərdəndir. Bu faktlar bu gün dünyadan bizim üstümüzə gələn erməni lobbisi və onların havadarlarının qeyri-qanuni, ikili standartlara əsaslanan subyektiv hucumları əlbəttə ki, onlara bir tutarlı cavab ola bilər”.
Adil Qeybulla bildirib ki, əsirlikdən qayıtmış xəstəxanaya yerləşdirilməklə üzərinlərində ciddi tibbi təhqiqat aparılması zəruridir: “Yalnız bu şəkildə müəyyən etmək olar ki, əsirlikdə onların bədənlərinə yeridilən inyeksiyalar hansı məqsəd daşıyıb. Eyni zamanda onların rebilitasiya keçmələri də vacibdir”.

Bəs Aqşin Bəbirovun ailəsi Avropa İnsan Haqları Məhkəməsinə müraciət edərsə, nəticəsi necə olar? Ermənistandan təzminat ala bilərmi?

Başqa yandan “Qırmızı Xaç” niyə Aqşinə verilən işgəncə ilə maraqlanmayıb və nədən daha çox o, işgəncəyə məruz qalıb, “qətl”də suçlanan Hüseyn Axundov yox?

Çingiz Qənizadə: Beynəlxalq təşkilatlar Ermənistanın əsir götürdüyü  Azərbaycan hərbçisinə qarşı işgəncələrə qəti mövqeyini bildirməlidirlər -  AZƏRTAC

Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a deyib ki, əsirlər geri alınandan sonra Azərbaycan dövləti onları taleyin ümidinə buraxmayıb: “Əgər şəxsin Dövlət Təhlükəsizliyi Xidmətinin hospitalına yerləşdirilməsi qərarı verilibsə, yubandırmadan, təcili şəkildə ora yerləşdirilməlidir. Orada müəyyən olunmalıdır ki, onun qanına hansısa toksiki və ya insan sağlamlığı üçün zərərli digər maddələr yeridilib ya yox. Hüquqşünasam, fakta inanıram. Belə hallar varsa, heç şübhəsiz ki, dövlət orqanları Aqşini dərhal müayinəyə götürəcəklər və nəticəsi barədə ictimiyyətə məlumat verəcəklər. Eyni zamanda onun müalicəsi də təşkil olunacaq. Nə qədər ki, tibbi sənədlər əldə deyil, məsələ Beynəlxalq Qırmızı Xaç tərəfindən təsdiq olunmayıb, Avropa Məhkəməsinə şikayət və müvafiq olaraq təzminatdan da söhbət gedə bilməz. O baxımdan ki, tələsik müraciətin nəticəsi xeyrimizə olmaya bilər”.

Çingiz Qənizadə bildirib ki, Aqşin Bəbirov həbs olunarkən ermənilər tərəfindən ağır işgəncələrə məruz qalmasının videoları belə vardı. O zaman Azərbaycan əsgərlərinə ermənilər tərəfindən işgəncə verilməsi ilə bağlı Avropa Məhkəməsinə şikayət ünvanlamışdı. Həmin müraciətdə Avropa Məhkəməsinin reqlamentinin 39-cu maddəsinə əsasən, Ermənistan tərəfinin əsir götürdüyü Azərbaycan əsgərlərinə qarşı zorakılığının dayandırılması tələb olundu. Lakin Avropa Məhkəməsi Azərbaycan tərəfinin bu vəsatətini qəbuledilməz hesab etdi. Azərbaycanın əsir əsgərlərinə işgəncə verilməsi barədə aşkar sübutlarına baxmayaraq tədbir görülmədi. Bu baxımdan tibbi müayinələr və müvafiq sənədləşmə işinə diqqətlə yanaşılmalı, əsaslar olacağı təqdirdə Avropa Məhkəməsinə müraciət ünvanlanmalıdır.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR