İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın “xristian klubu”na üzv olacağı yalanı

517 08.03.2024 11:07 Siyasət A A

Paşinyan qısa müddət ərzində Avropa İttifaqı üzvlüyünə namizəd olmaq üçün ərizə vermək tərəfdarıdır; terrorçu zehniyyət Aİ-yə qoşula bilərmi?

Ermənistan parlamentinin sədri Alen Simonyan iddialı açıqlama ilə çıxış edib və deyib ki, ölkəsi Avropa İttifaqına üzvlüyə namizəd olmağa hazırdır. Spiker söyləyib ki, rəsmi İrəvan bununla təhlükəsizliyini təmin edəcək. Simonyan iddia edib ki,  Ermənistan Avropa İttifaqının üzvü olan bir çox tərəfdaş ölkələrdən daha yaxşı demokratiyaya malikdir: “Bunu biz demirik, Aİ tərəfdaşlarımız bildirir”. 

Fevralda Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Josep Borrel isə Brüssel və İrəvanın ikitərəfli əməkdaşlığın “iddialı” genişləndirilməsi üzərində əməkdaşlığa başlamaq qərarına gəldiklərini deyib. Onun sözlərinə görə, ittifaq yaxın gələcəkdə bu ölkə ilə təhlükəsizlik və müdafiə sahəsində münasibətləri dərinləşdirmək niyyətindədir. Paşinyan hökuməti də belə açıqlamalara inanaraq ölkələrini Aİ üzvlüyünə layiq sayır. Ancaq reallıq və qaydalar Borrel, Simonyan və onlarla eyni mövqedə olanların dediklərini inkar edir. İndi əsas sual odur ki, Ermənistan Aİ-yə üzv olmaq bir tərəfə, quruma qoşulmaq üçün namizəd olmağa layiqdirmi? İrəvan şərtlərə cavab verirmi?

Təşkilata üzv olmaq üçün ilk və əsas şərt Avropa qitəsində yerləşməkdir. Ermənistan isə coğrafi bölgüyə əsasən Asiya qitəsinə aiddir. Prosedurlara görə, Avropa İttifaqı Şurası üzvlüklə bağlı ərizəni yalnız yekdilliklə rədd və ya təsdiqləyə bilər. Yerli təhlilçilər bildirib ki, hakimiyyətin zəif və təsir etmək imkanları məhdud olduğu üçün media və başqa demokratik institutların fəaliyyətinə qadağalar qoya bilmir. Bu da xaricdə Ermənistanda demokratiyanın olduğu təəssüratı və görüntüsü yaradır. İrəvanın Aİ-nin üzvlüyünə namizəd statusu almasını qeyri-mümkün edən başqa amillər də var. Məsələn, Ermənistan dövlət sərhədlərini mühafizə etməyə qadir deyil. Bundan başqa, Aİ-yə üzv, yaxud namizəd ölkələrin ərazisində NATO istisna olmaqla başqa dövlətin qoşunu yoxdur. Ancaq A.Simonyanın ölkəsinin sərhədlərini Rusiya hərbçiləri qoruyur, orada rusların 102 saylı hərbi bazası var. Ermənistanın müstəqil iqtisadiyyatı mövcud deyil. Ölkə bu sahədə tamamilə Moskvadan asılı vəziyyətdədir. Regional şərait də İrəvanın Aİ-nin üzvlüyə namizəd olmasına imkan vermir. Ermənistanın yeni şəraitə uyğun konstitusiyası yoxdur. Mövcud əsas qanun isə qonşu dövlətlərə qarşı ərazi iddiasını özündə ehtiva edir. Ümumiyyətlə, Xocalını törətmiş bir qəddar zehniyyəti Avropa ailəsinə üzv edərlərmi?

Razi Nurullayev: “Mən parlamentdən kömək istəyirəm!”

 Razi Nurullayev

Deputat Razi Nurullayev “Yeni Müsavat”a açıqladı ki, Ermənistanın Aİ-yə üzvlüyü üçün müraciəti olarsa, qəbul edilməsi istisna deyil. R.Nurullayevin sözlərinə görə, bu ölkənin Aİ-yə qoşulması prosedurunda daha çox siyasi məqamlar nəzərə alınacaq: “Gördüyünüz kimi, Ermənistanla Avropa İttifaqının münasibətləri yaxşıdır, qurum İrəvana hərtərəfli dəstəyi davam etdirir. Ona görə də Ermənistana tövsiyə olunub ki, üzvlük üçün müraciət etsinlər, bu səbəbdən Paşinyan kabinetinin üzvləri belə ürəkli danışırlar”. O ki qaldı Ermənistan ərazisində başqa dövlətin hərbi birliklərinin olmasına, R.Nurullayevin sözlərinə görə, sərhədlərin qorunması, Zəngəzur dəhlizi barədə razılaşmalar var: “Amma bu məsələlər bir-iki ilin işi deyil. Avropa Birliyinə üzvlük üçün bəzən onillər lazım gəlir. Burada xüsusilik gözlənilə bilər. Yəni Ermənistanın Avropa Birliyinə qoşulması ilə bağlı proses sürətləndirilə bilər. Belə olan halda, İrəvanın Rusiya qoşunlarını çıxarmaq üçün müqaviləyə birtərəfli qaydada xitam verməsi mümkündür. Buna Moskvanın reaksiyası necə olacaq, onu zaman göstərər...”

Azad MƏSİYEV

Azad Məsiyev 

Siyasi ekspert Azad Məsiyev bildirdi ki, Aİ üzvləri Avropa coğrafiyasına aid olmalıdırlar: “Ermənistan ərazisi isə Avrasiyadır. İkincisi, bu ölkənin işğalı altında olan 8 kənd var. Buna qədər də 30 il bir dövlətin 20 faiz ərazisini işğal altında saxlayıb. Üstəlik, Ermənistan KTMT, MDB, Avrasiya İqtisadi Birliyinin üzvüdür, ərazisində Rusiyaya aid hərbi kontigent var. Belə problemli dövləti niyə Avropa İttifaqına qəbul etsinlər? Sadəcə, Paşinyanı həvəsləndirirlər ki, Rusiya əleyhinə ritorikanı gücləndirsin. Fakt budur ki, Ermənistan üzərindən Cənubi Qafqazda Rusiya əleyhinə siyasət yürüdülür”. A.Məsiyevin fikrincə, ona görə İrəvan sadaladığımız problemləri həll etməlidir ki, quruma qoşulsun: “Bu zaman da İrəvanın qarşısında Moskva kimi bir ciddi problem olacaq. Rusiya Ermənistanı açıq surətdə hədələyir və addımlarını xəyanət kimi qiymətləndirir. Ona görə Ermənistan cəzalandırılacaq”.

Oxu.az - Ramiyə Məmmədova: “Ermənilər Türkiyədə pul qazanır, amma  Ermənistanda türk görmək istəmirlər”

Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədova isə qeyd etdi ki, Ermənistanın müttəfiqi olan və onu silahlandıran, hərbi-siyasi dəstəyini verən Fransa Avropa Birliyində dominant ölkədir. Bu kontekstdə İrəvanın quruma qoşulması perspektivini dəyərləndirən ekspert Parisin dəstək verəcəyini vurğuladı. Onun sözlərinə görə, Ermənistanın üzvlük məsələsi sürətləndirilə bilər, amma Gürcüstan və Moldovadan tez olmayacaq: “Sonuncular da illərdir ki, üzvlük gözləyirlər. Onlara hələ indi namizədlik statusu verilib. Hər iki ölkənin üzvlüyü reallaşdıqdan sonra növbə Ermənistana çata bilər. Lakin Gürcüstan və Moldovanın da üzvlüyə nə zaman qəbul olacağı bilinmir. Ona görə də prosesin uzanacağını, Ermənistanın hələ çox gözləyəcəyini düşünürəm. Bununla belə, Paşinyan administrasiyası öz xarici siyasi kursunun vektorunu müəyyən edib və strateji olaraq Avroatlantik məkana inteqrasiyanı seçib. Eyni zamanda da Avropa İttifaqı Cənubi Qafqaza, postsovet məkanına nüfuz etməyi qarşısına məqsəd qoyub. Ukrayna, Gürcüstan, Moldova, Ermənistan - Rusiya ilə problemi olan bu dövlətlər dərhal Avropa Birliyinin çətiri altına alınırlar. Bu baxımdan regionda strateji rəqabət dərinləşəcək və Ermənistanın Rusiyadan qopması istiqamətində addımlar davam edəcək”. Təhlilçi istisna etmir ki, Rusiya Ukrayna, Gürcüstan, Moldova kimi Ermənistanı da Aİ yolunda irəliləməsini dayandırmaq üçün iri pəncələri ilə yaralaya bilər. 

Bu arada “Hraparak” qəzeti bu mövzuda maraqlı xəbər dərc edib.  Bildirilir ki, Ermənistan parlamentinin hakim partiyadan olan deputatları ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın iştirakı ilə qapalı görüş keçirib.

Deputatlar Aİ üzvlüyünə namizəd olmaq üçün müraciət zamanı gözlənilən həm təhlükələr, həm də imtiyazlar, eləcə də digər təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparıblar.

İclasın əvvəlində maliyyə nazirinin müavinlərindən biri deputatlara Ermənistanın Rusiyadan iqtisadi asılılığı ilə bağlı geniş məruzə təqdim edib və ölkənin Rusiyadan Avropaya keçid nəticəsində hansı iqtisadi risklərlə üzləşəcəyi, yəni xarici siyasət kursunun dəyişməsi nəticəsində yaranacaq iqtisadi risklər dəyərləndirilib.

 Qriqoryan Ermənistanın Rusiyadan asılı olduğunu etiraf edib.  Nəşr yazır ki, Armen Qriqoryan hakim komandanı Avropa İttifaqına üzvlük üçün müraciət edilməsinə inandıra bilməyib, pessimist cavablarla onlarda şübhə yaradıb.

Nəşrin mənbələrinin dediyinə görə, Nikol Paşinyan bu məsələni çox tez bitirmək niyyətindədir, ona görə də Ermənistanın qısa müddət ərzində Avropa İttifaqına üzvlüyə namizəd olmaq üçün ərizə verəcəyi istisna edilmir.

Emil SALAMOĞLU
“Yeni Müsavat”   

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR