İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın növbəti həmləsi - BMT-yə ÇAĞIRIŞ, regionda yeni münaqişənin yaranma ehtimalı

1129 12.08.2023 22:23 Siyasət A A

Ermənistan "Azərbaycanın Laçın dəhlizini blokadaya alması və bunun nəticəsində humanitar vəziyyətin pisləşməsi ilə əlaqədar" BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılması xahişi ilə təşkilata müraciət edib. Bəyanat BMT-nin "X" (keçmiş Tvitter) səhifəsində dərc olunub.

Ekspertlər hesab edirlər ki, BMT TŞ Azərbaycanın əleyhinə hər hansı sənəd qəbul edərsə, bu, sülh prosesində bu günə qədər əldə olunan razılaşmaları sıfırlayacaq. Lakin birmənalı şəkildə Azərbaycan haqlı mövqeyini müdafiə etməyə davam edəcək, dəstək olsa da, olmasa da. Üstəlik, qurumda Azərbaycanla yüksək səviyyədə tərəfdaşlıq edən dövlətlərin mövqeyi də önəmlidir. 

Musavat.com mövzu ilə bağlı ekspertlərin rəyini öyrənib.

 metin.jpg (38 KB)

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Mətin Məmmədli xatırladıb ki, Ermənistan, o cümlədən onu himayə edən bəzi dövlətlər əvvəllər də BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə qərarlar çıxarmağa çalışıb.

O, bu cəhdlərin uğursuzluqla nəticələndiyinə diqqət çəkib:

"Ermənistan növbəti dəfə "blokada" mövzusunu müzakirəyə çıxarıb beynəlxalq ictimai rəy yaratmağa çalışır, hətta müəyyən sanksiyaların, qətnamələrin qəbul edilməsini hədəfləyir. Bu, beynəlxalq hüquq normalarına ziddir. Azərbaycan Qarabağda yaşayan erməniləri heç bir şəkildə blokadaya almayıb. Azərbaycan ərazi bütövlüyünü, suverenliyini qoruyur. Əgər məsələ müzakirəyə çıxarılarsa, qətnamənin qəbul edilmə ehtimalı var. Nəzərə alaq ki, BMT-də qərarlar səs çoxluğu ilə qəbul edilir. TŞ-da Azərbaycanla strateji tərəfdaşlıq münasibətləri olan dövlətlər təmsil olunur. Daimi üzvlərin mövqeyi xüsusi əhəmiyyət daşıyır. Hesab edirəm ki, Ermənistan bu dəfə məqsədinə çatmayacaq. İstənilən halda Azərbaycan diplomatiyası bunun qarşısını almaq üçün ciddi hazırlaşmalıdır".

Mətin Məmmədli beynəlxalq media orqanlarında ölkəmizə qarşı təbliğat kampaniyasının gücləndiyini vurğulayıb: "Ölkəmizə qarşı hücumlar tamamilə əsassızdır. Azərbaycan koordinasiyalı fəaliyyət ortaya qoymalıdır. BMT TŞ-da ölkəmizə qarşı hər hansı qətnamə qəbul olunarsa, bu, sülh prosesinə ciddi mənfi təsir göstərəcək. Bu günə kimi əldə olunan müəyyən irəliləyişlər sual altına düşə bilər. Nəticədə regionda yeni münaqişənin başlama ehtimalı artacaq. Proseslərin bu istiqamətdə inkişaf etməməsi arzuolunandır". 

fazil.jpg (79 KB)

Millət vəkili Fazil Mustafanın fikrincə, BMT-yə anidən çağırış edilməsi səbəbsiz deyil.

Deputat hesab edir ki,  sözügedən təklif Ermənistanın öz iradəsi ilə deyil, beynəlxalq qüvvələrin tələbilə verilib:

"Ermənistan dəstək alacağını bildiyi üçün bu addımı atıb. İstənilən qərar, hətta Azərbaycanın suveren hüquqlarına toxunan qərar qəbul edilə bilər. Belə qərarların qəbul edilməməsi üçün çalışmalıyıq. Azərbaycanın daxilində də bu kimi məsələlərin müzakirəsinə ehtiyac var, çünki sonradan problem yaşaya bilərik. Diplomatik gücümüzü artırmalıyıq. Azərbaycanın əleyhinə qərar qəbul edilərsə, sülh prosesi pozulacaq. Bir sıra dövlətlərin arzuladığı kimi yenidən gərginlik arta, münasibətlər kəskinləşə bilər. Biz çevik davranmalı, gerçəkləri çatdırmalıyıq. Azərbaycan bəhanələrin qarşısını almaq üçün ciddi işlər görür".

Nigar HƏSƏNLİ,
Musavat com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR