İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın növbəti aqressiyası hara yönəlib?..

624 12.09.2023 11:12 Yazarlar A A

Adətən Ermənistan harasa silah-sursat toplayanda, canlı qüvvə cəmləşdirəndə ilk ağla gələn bu olur ki, ermənilər Azərbaycana qarşı hərbi kampaniyaya, ən azı hərbi təxribatlara hazırlaşırlar.

Hazırda belə proseslər müşahidə olunmaqdadır. Amma burada bir məqam var: indi ermənilər nədənsə ehtiyat etdiklərindən, hətta qorxduqlarından haralarasa hərbi-texnika və canlıq qüvvə cəmləşdirə bilərlər. Əlbəttə, indi dediklərimiz bir ehtimaldır, amma bu qəbildən olan mülahizələri də istisna etmək olmaz.

Birincisi, ona görə ki, ermənilər 44 günlük müharibədə elə bir zərbə alıblar ki, çətin, Azərbaycana qarşı hərbi kampaniyaya başlamağa cəsarət etsinlər. İkincisi, Azərbaycanda Qərbi Azərbaycanla, Zəngəzur dəhlizi ilə bağlı gedən söz-söhbətlər, xüsusən də Zəngəzur dəhlizinin nəyin bahasına olursa-olsun açılacağı haqda səslənən bəyanatlar Ermənistana da gedib çıxır. Üçüncüsü, Rusiya ilə Ermənistan arasında siyasi “çat”lar getdikcə dərinləşməkdədir. Rusiyanın Nikol Paşinyanı devirəcəyi haqda, hətta bunun üçün “Vaqner”çilərdən istifadə edəcəyi haqda söhbətlər dolaşır. Ermənilər bundan da ehtiyatlanıb silahlana bilərlər. Ən əsası isə, haylar ehtiyat edirlər ki, Azərbaycan Ermənistan-Rusiya münasibətlərinin soyuqlaşmasından istifadə etmək fikrinə düşə bilər, bu isə bu dəfə artıq Ermənistanın sonu ola bilər...

Bir daha deyirik ki, bütün bunlar bir ehtimaldır. Amma biz güman etmirik ki, ermənilər o qədər cəsarətlənsinlər ki, Azərbaycana hücum etmək fikrinə düşsünlər. Son günlər ermənilərin kiçik hərbi təxribatlar törətməsinin, Azərbaycanla sərhəddə qoşun toplamasının bir səbəbi də vardı: Bakının keçmiş Dağlıq Qarabağda növbəti qondarma “seçkilərə” imkan verməyəcəyi deyilirdi. Həm də İrəvanın Azərbaycana hücum etmək fikri ciddi olsaydı elə bugünlərdə erməni baş naziri N.Paşinyan Prezident İlham Əliyevlə təcili görüşlərə və danışıqlara hazır olduğunu bəyan etməzdi. Amma bu bəyanat üç kanalla yayıldı, onun hətta Fransa prezidenti ilə görüşdə səsləndirildiyi bildirildi...

Əlbəttə, vəziyyət mürəkkəbdir. Bunu heç kim inkar etmir. Amma çətinliklə olsa da, Bakının tələblərini hamı qəbul edir. Bugünlərdə hətta Rusiyanın Ağdam yolundan istifadə edəcəyi haqqında da xəbərlər yayıldı. Bu, separatçılara ciddi bir siqnal olacaq.

Biz dəfələrlə yazmışıq ki, separatçılar o vaxt Azərbaycanla reinteqrasiya haqqında ciddi fikirləşəcəklər ki, Rusiya və xüsusən də Rusiya sülhməramlılarının rəhbərliyi bunu etmiş olsun. Amma son otuz ildə Moskva Dağlıq Qarabağın Azərbaycanın ərazisi olğunu desə də özünü reallıqda elə aparır ki, sanki bu ərazi Ermənistanın anklavıdır: təsadüfi deyil ki, “sülhməramlı”ların hər yeni rəhbəri ilk olaraq İrəvana yollanır və oradan təlimat alır, ən əsası isə onlar bütün əlaqələrini İrəvanla qururlar, Bakı ilə isə uzaqdan- uzağa, formal əlaqə saxlayırlar.

Ona görə də bir daha deyirik ki, Moskvanın Ağdam yolundan yük daşımasının mühüm əhəmiyyəti ola bilər. Bunun bir önəmini qeyd etdik. Digəri isə bu olacaq ki, bir daha təsdiqlənəcək ki, keçmiş Dağlıq Qarabağa qarşı heç bir blokada-filan yoxdur, bu, sadəcə, ermənilərin və keçmiş Dağlıq Qarabağ separatçılarının uydurmasıdır...

Yaxın vaxt üçün nə gözlənir? Payızda bir neçə görüş olamalıdır. Avropa İttifaqının vasitəçilyilə daha bir görüş olmalıdır. Bunu ötən görüş zamanı Şarl Mişel bəyan etmişdi. Daha bir görüş İspaniya şəhəri Qranadada gözlənir. Əlbəttə ki, Avropa ölkələrinin bu otuz ildə apardıqları siyasət onlara elə də böyük ümid bəsləməməyə əsas verir. Amma biz fərqli, başqa bir planetdə yaşamırıq - hamımız Yer kürəsinin sakinləriyik, odur ki, çətin olsa da, Avropa ilə, Amerika ilə də işləməliyik. O ki qaldı Rusiyaya, düşünürük, onun tərəfindən narahat olmağa dəyməz. Moskva hazırda Ermənistanı, xüsusən də onun baş naziri Nikol Paşinyanı cəzalandırmaq üçün yollar axtarır. Biz bundan faydalana bilərik, amma əlbəttə ki, yüz ölçüb, bir biçəndən sonra. Paşinyanın hərbi ritorikasına, son sayıqlamalarına gəldikdə isə mümkündür, bu, İrəvanda keçiriləcək mer seçkilərilə bağlıdır - axı Paşinyan həm də İrəvanın ağsaqqallar şurasının sədri olmaq istəyir...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR