İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın Avropa İttifaqı həvəsi: Putin hələ o vaxt Sərkisyanın qulağını burmuşdu

436 10.01.2025 18:12 Siyasət A A

Xəbər verdiyimiz kimi, Ermənistan hökuməti “Ermənistan Respublikasının Avropa İttifaqına daxil olması prosesinə başlamaq haqqında” qanun layihəsini təsdiqləyib.

Bu barədə xarici işlər naziri Ararat Mirzoyan hökumətin dünənki iclasında məlumat verib. Onun sözlərinə görə, baş nazir Nikol Paşinyan Avropa Parlamentində bəyan edib ki, Ermənistan Avropa İttifaqının mümkün hesab etdiyi qədər Avropa İttifaqına yaxınlaşmağa hazırdır.

“Biz bunun mümkün olduğuna dair əlamətləri də gördük. Mən vizanın liberallaşdırılması prosesinin və Avropa İttifaqı ilə istifadə olunan və ya müzakirə olunan bir sıra digər alətlərin başlanğıcını nəzərdə tuturam”, - deyə Mirzoyan bildirib.

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk isə deyib ki, Ermənistanın Avropa İttifaqına (Aİ) daxil olması ölkənin Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyü ilə bir araya sığmır.

"Aİİ və Aİ bir araya sığmır. Hər iki ittifaq gömrük sərhədlərinin olmamasını və malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini nəzərdə tutur".

Overçukun sözlərinə görə, bu iki birliyin nə vaxtsa yaxınlaşacağını təsəvvür etmək mümkün deyil: “Ona görə də Ermənistanda hazırda müzakirəsi gedən “Avropa İttifaqına qoşulma prosesinin başlanması haqqında” qanun layihəsi bu ölkəni seçim qarşısında qoyur”.

Baş nazirin müavini qeyd edib ki, Ermənistanda Aİİ ilə münasibətlər məhdudlaşdırılarsa, bir tərəfdən enerji və ərzaq qiymətləri qalxacaq, digər tərəfdən isə yerli malların ixracı 70-80% azalacaq.

"Beləliklə, sadə insanlar öz gəlirlərini, iş yerlərini itirəcək, tələbat mallarına daha çox pul ödəyəcəklər. Bunun müqabilində Ermənistan əhalinin azalması ilə üzləşəcək. İndi getdikcə aydınlaşır ki, Aİİ-yə üzvlük imtiyazdır”, - Aİ-yə üzvlüyü "Titanik" gəmisinə bilet almaqla müqayisə edən Overçuk vurğulayıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib ki, Aİ-yə daxil olmaq qərarı ümumxalq səsverməsi yolu ilə qəbul edilməlidir.

Tofiq Abbasov: Azərbaycan hər zaman işlək mexanizmləri ortaya qoyur - "İki  sahil"

Politoloq Tofiq Abbasov Musavat.com-a açıqlamasında deyib ki, Ermənistanın Aİ-yə daxil olması müşkül məsələdir və reallıqda bunun baş tutması gözlənilən deyil. 

“Ai-yə Ermənistan kimi ağır yük lazım deyil. Bu ölkə o potensiala malik deyil ki, ittifaqa nəsə töhfə versin. 2013-cü ildə Serj Sərkisyanın dövründə Ermənistanın Aİ-yə daxil olması və assosiativ sazişə imza atılması üçün cəhdlər edildi. Sərkisyan çox dirəniş göstərdi. Rusiya prezidenti Vladimir Putin onu Moskvaya çağırdı və başa saldı ki, təhlükəsizlik və hərbi sənaye ilə bağlı hansısa qərar verə bilməz, bu ixtiyar yalnız Rusiyanın əlindədir. Sərkisyan buna görə də Aİ ilə bağlı yarımçıq və müvəqqəti sənədə qol çəkməli oldu.

Ermənistan tam hüquqlu mənsubiyyət deyil. İndi daha çox beynəlxalq hüququn obyektini xatırladır. Tutaq ki, Ermənistan Aİ-yə daxil oldu, o bundan nə qazanacaq? Düşünür ki, Qərbin hesabına maliyyələşəcək və çiçəklənəcək?

Aİ-nin nizamnaməsində də yazılıb ki, Ermənistan münaqişəli ölkədir. Belə bir problemli ölkə ittifaqa lazım deyil. Eyni zamanda bu ölkənin yerləşdiyi region çox qaynardır. Belə məmləkət onların nəyinə lazımdır. İtaliya, Slovakiya, Macarıstan əlbəttə ki, Ermənistanın Aİ-yə daxil olmasına veto qoyacaq.

Azərbaycan buna can atmır. Ölkəmizin Aİ-nin 10 ölkəsi ilə strateji tərəfdaşlığı var. Bu, artıq inteqrasiya və gözə görünən əməkdaşlıqdır. Hər il Avropadan Azərbaycana enerji ilə bağlı müraciətlər də artır. Hazırda yaşıl enerjinin Avropaya ixracına başlayırıq. Ermənistan isə əli yalındır, heç nəyi yoxdur. Digər tərəfdən bacarıqsızdır və hamıdan imdad diləyir. Ona görə də deyə bilərəm ki, Ermənistanın Aİ-yə daxil olma cəhdi siyasi lətifə üçün bir süjetdir”. 

Politoloq mövcud duruma İran və Rusiyanın münasibətini də şərh edib:

 “Həm İran, həm də Rusiya Qərblə gərgin münasibətdədir, onların sanksiyaları ilə üzləşiblər. İrana Ermənistanın belə addımları heç sərf etmir. Çünki o, Ermənistan üzərindən bir sıra işlərini həyata keçirir, ticarət əlaqələrini qurur. Rusiya isə hələ də Ermənistanın strateji müttəfiqidir. Lakin Ermənistanın Avropa ilə yaxınlaşması bu ölkənin Rusiya ilə əlaqələrinin tamamı ilə soymasına gətirib çıxaracaq. Nə İran, nə də Rusiya istəməz ki, Qərb gəlib qulaqlarının dibində iş çevirsin.  Ermənistandakı müşahidə missiyası Azərbaycanla yanaşı Rusiya və İranla bağlı da casusluq əməlləri həyata keçirir”.     

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR