İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanı "topal ördək" faciəsi gözləyir: Makronun devrilmə ehtimalı artır

1560 11.07.2024 17:30 Analitika A A

Rəsmi Parisin "səlahiyyətsiz prezident" variantına məhkum olması Fransanın fəlakətinə, hətta sonunun başlanğıcına da çevrilə bilər... Üstəlik, bunun Ermənistanı da yenidən daha böyük hərbi-siyasi təhlükəyə doğru sürükləyə biləcəyi qətiyyən istisna deyil...

Fransa Ermənistana hərbi-siyasi dəstək verməkdə davam edir. Belə ki, rəsmi Paris Cənubi Qafqazda Fransanın əsas geopolitik oyunçulardan birinə çevrilməsi üçün bütün vasitələrdən istifadə etməyə cəhd göstərir. Ona görə də, Fransa regional situasiyanın gərginləşdirilməsində əsas beynəlxalq təhlükə mənbəyi rolunu oynamaqda israrlı davranır. Və bu baxımdan, Fransanın Cənubi Qafqazda yeni savaşın birbaşa sponsoruna çevrilməsi qətiyyən təəccüblü deyil.

Onu da qeyd etmək lazımdır ki, rəsmi Parisin Cənubi Qafqaza yerləşmək şansları hazırda o qədər də cəlbedici xarakter daşımır. Bu məsələdə Fransanın əsas problemi isə məhz beynəlxalq ermənipərəst siyasi mərkəz rolunu öz üzərinə götürməsi ilə birbaşa bağlıdır. Çünki rəsmi Paris ermənipərəst mövqeyi ilə Azərbaycanın maraqlarına zidd davranmaq məcburiyyətindədir. Və bu, rəsmi Bakını Fransa ilə qarşılıqlı münasibətlərini məhz mövcud situasiyaya uyğun müəyyən etməyə yönəldir.

Təbii ki, rəsmi Bakı ermənipərəst Fransanın bu regiona yerləşməsinə imkan vermək niyyətində deyil. Əksinə, Azərbaycanın siyasi rəhbərliyi Fransanın regional sülh prosesində iştirak cəhdlərini bloklamağa üstünlük verir. Və nəticədə Fransa Cənubi Qafqazda cərəyan edən proseslərdə oyundan kənar vəziyyətə düşüb.

5b5a96dd2b20ba074fa414c406a51064.jpg (261 KB)

Bu situasiyanı öz xeyrinə dəyişməyə çalışan rəsmi Paris Ermənistanı silahlandırmağa cəhd göstərir. Böyük ehtimalla Fransa siyasi dairələri Ermənistanı silahlandırmaqla, Azərbaycana təzyiq göstərə biləcəyinə ümid bəsləyir. Eyni zamanda, Cənubi Qafqazda yeni savaşın törədilməsini stimullaşdırmaqla, Ermənistanda hərbi kontingent yerləşdirmək bəhanəsi qazanmağa da can atır. Və bu baxımdan, yaxın gələcəkdə yeni regional savaş baş verərsə, beynəlxalq siyasi məsuliyyət məhz Fransanın üzərinə düşəcək.

Digər tərəfdən, Ermənistan da Fransanın hərbi-siyasi dəstəyinə ümid bəsləyərək, müəyyən mənada, cəsarətlənmiş kimi görünür. Hazırda rəsmi İrəvan daha çox sülh sazişinin imzalanması mövzusu ətrafında siyasi manipulyasiyalar etməklə məşğuldur. Reallıqdasa, Paşinyan hakimiyyəti Ermənistanı sülh prosesindən tədricən uzaqlaşdırmağa cəhd göstərir. Və böyük ehtimalla rəsmi İrəvan Fransanın icazəsi olmadan Azərbaycanla sülh sazişinin imzalanmasına həvəs göstərməyəcək.

Ancaq son vaxtlar Ermənistan üçün daha real təhlükə yaranmağa başlayıb. Belə ki, Fransada baş verən son hadisələr Ermənistanın maraqlarına tamamilə zidd xarakter daşıyır. Xüsusilə də, prezident Emmanuel Makronun hakimiyyətinin ciddi şəkildə zəifləməsi yaxın gələcəkdə Ermənistanı Fransanın intensiv hərbi-siyasi dəstəyindən də məhrum buraxar bilər. Və əslində, indi prezident Emmanuel Makronun özünün ciddi şəkildə siyasi dəstəyə ehtiyacı var.

Məsələ ondadır ki, prezident Emmanuel Makron və onun partiyası ardıcıl iki önəmli seçkini uduzub. Əvvəlcə Avropa Parlamentinə keçirilən seçkilərdə prezident Emmanuel Makronun əsas siyasi rəqibləri olan ultramillətçi qüvvələr qalib qalib gəldilər. Ardınca isə Fransa parlamentinə keçirilmiş seçkilərdə prezident Emmanuel Makronun partiyası çoxluğu əldən vermiş oldu. Və elə bir siyasi nəticə ortaya çıxdı ki, indi Fransada hakimiyyət böhranı artıq qaçılmaz xarakter daşıyır.

makron-topal.JPG (47 KB)

Məsələ ondadır ki, Fransada parlament seçkilərinin demək olar, mütləq qalibi mövcud deyil. Həm prezident Emmanuel Makronun mərkəzçi partiyası, həm ultramillətçilər, həm də solçu düşərgə təxminən eyni sayda parlament yeri qazandı. Və bu baxımdan, Fransada prezident Emmanuel Makronun hakimiyyətini ciddi şəkildə məhdudlaşdıra biləcək koalisiyon hökumət qaçılmazdır.

Belə anlaşılır ki, prezident Emmanuel Makron "Fransanı bundan sonra hansı siyasi qüvvənin idarə edəcəyi məlum deyil" açıqlaması tamamilə reallığı əks etdirir. Hər halda, prezident Emmanuel Makron Fransanın daxili və xarici siyasəti ilə bağlı təkbaşına qərarlar qəbul etmək hüququnu tamamilə itirib. Və bu, rəsmi Parisin beynəlxalq məkanda tutacağı mövqeyə birbaşa təsir göstərəcəyi qətiyyən şübhə doğurmur.

Məsələ ondadır ki, prezident Emmanuel Makron və onun partiyası Avropa Birliyində liderlik iddiasındadır. Halbuki, ultramillətçilər Fransanın Avropa Birliyini tərk etməsinin vacibliyini ön plana çıxartmağa çalışırlar. Eyni zamanda, Makron hakimiyyəti Ukrayna savaşında NATO-nun da iştirakı ilə Rusiyanın məğlub edilməsinə yönəlik mövqe tutur. Fransa solçuları isə Ukrayna savaşının dayandırılması istiqamətində fəaliyyətə üstünlük verirlər. Və bu siyasi düşərgələr bir-birinə güzəştə getməyə də qətiyyən həvəsli görünmürlər.

Bütün bunlar belə təəssürat yaradır ki, Fransa yaxın vaxtlarda əvvəlcə xarici siyasət böhranı ilə üzləşməli olacaq. Eyni zamanda, bu, daha sonra daxili ziddiyyətləri də dərinləşdirə bilər. Fransanın tezliklə daxili siyasi-iqtisadi böhrana düçar olma ehtimalı kifayət qədər yüksəkdir. Yəni, yaxın gələcəkdə Fransanı ölkədaxili kütləvi etiraz dalğası və küçə iğtişaşlarının bürüyəcəyini elə indidən təxmin etmək mümkündür. Və bu, böyük ehtimalla onsuz da davamlı olaraq, zəifləməkdə olan Fransanın beynəlxalq mövqelərinə sarsıdıcı zərbələr vuran bilər.

makron-afrikajpg-1703890778.jpg (328 KB)

Göründüyü kimi, Fransa tədricən dünyada nüfuzunu və geopolitik mövqelərini itirir. Rəsmi Paris ölkədaxili proseslərə də nəzarətini itirərsə, bu, Fransanın ümumiyyətlə, çöküşünü qaçılmaz edə bilər. Xüsusilə də, tezliklə Fransanı öz təsiri altına ala biləcək çoxhakimiyyətlilik faktoru bu ölkəni daxili xaosa sürükləyə bilər. Və bunun ilkin əlamətləri artıq müşahidə olunmağa başlayıb.

Maraqlıdır ki, Qərb siyasi dairələrində indi Fransa üçün iki variantın olduğu iddia edilir. Onlardan biri Fransanı mövcud təhlükə ehtimalından yayındırmaq üçün prezident Emmanuel Makronun istefa verərək, ölkədə hakimiyyət boşluğunu aradan qaldıracaq yeni seçkilərin keçirilməsi ilə bağlıdır. Prezident Emmanuel Makron və onun partiyası hələlik buna cəsarət etmir. Nəticədə Fransanın ikinci variant üzrə daxili xaosa sürüklənməsi qaçılmaz görünür.

Məsələ ondadır ki, Fransa prezidenti Emmanuel Makron bundan sonra "topal ördək" modeli üzrə fəaliyyət göstərməyə məhkumdur. "Topal ördək" variantı isə ümumiyyətlə, Fransanın fəlakətinə, hətta sonunun başlanğıcına çevrilə bilər. Üstəlik, bunun Ermənistanı da yenidən daha böyük hərbi-siyasi təhlükəyə doğru sürükləyə biləcəyi qətiyyən istisna deyil. Hər halda, bütün sahələr üzrə iflasa uğramış, taleyüklü savaşda biabırçı məğlubiyyətə məruz qalmış Ermənistan "topal ördəyin" himayəsi altında öz təhlükəsizliyini təmin edə bilməz. Və rəsmi İrəvan bu reallığı artıq indidən nəzərə alaraq, yaxınlaşmaqda olan təhlükədən daha az itkilərlə yayınmaq barədə düşünməlidir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR