İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda seçki günü: rüşvət, həbslər, qalmaqallar və Avropanın müəmmalı sükutu

552 07.06.2026 20:33 Ölkə A A

Ermənistanda bu gün baş tutan parlament seçkiləri gözlənildiyi kimi qalmaqalsız ötüşmədi. Hakimiyyət və müxalifət arasında sərt qarşıdurma fonunda keçirilən səsvermə prosesi çoxsaylı qanun pozuntuları, rüşvət ittihamları, həbslər və qarşılıqlı ittihamlarla yadda qaldı. Özünü regionun “demokratik vitrini” kimi təqdim etməyə çalışan Ermənistanın seçki günü ortaya çıxan mənzərəsi isə tamamilə fərqli reallığı nümayiş etdirdi.

Seçki günü səhər saatlarından etibarən ölkənin müxtəlif bölgələrindən qanun pozuntuları barədə xəbərlər gəlməyə başladı. Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, gün ərzində polisə onlarla siqnal daxil olub. Son məlumata əsasən, 19 təkrar səsvermə cəhdi, 15 səsvermənin məxfiliyinin pozulması, seçki hüquqlarının həyata keçirilməsinə mane olma halları, seçki rüşvəti və hətta seçki məntəqəsində soyuq silah gəzdirmə faktı qeydə alınıb.

Ən diqqətçəkən hadisələrdən biri Kotayk vilayətində aşkar edilən seçki rüşvəti sxemi olub. Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin məlumatına görə, təxminən 45 seçiciyə ümumilikdə 7,5 milyon dram məbləğində pul paylanıb. Hüquq-mühafizə orqanları əməliyyat keçirərək sxemdə iştirak etməkdə şübhəli bilinən şəxsləri saxlayıblar.

Müxalifət isə hakimiyyəti siyasi repressiyalarda ittiham edir. “Güclü Ermənistan” blokunun deputatlığa namizədi Qoar Meloyanın sözlərinə görə, seçkilər ərəfəsində və səsvermə günü blokun 200-dən artıq tərəfdarı saxlanılıb. Saxlanmaların Gümrü, Masis və digər şəhərlərdə həyata keçirildiyi bildirilir. Daha əvvəl “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyan da onlarla tərəfdarının polisə aparıldığını açıqlamışdı.

Ermənistanda parlament seçkiləri: Saat 14:00-a olan seçici fəallığı, qanun  pozuntuları və həbslər

Bu arada seçki prosesində iştirak edən müxalifət nümayəndələrinin özləri də qalmaqallı hadisələrin mərkəzində yer alıblar. Ermənistan İstintaq Komitəsinin məlumatına görə, “Güclü Ermənistan” blokunun müşahidəçisi seçki məntəqəsində səsvermənin gizliliyini pozaraq bülletenləri videoya çəkdiyi üçün saxlanılıb və barəsində cinayət işi başlanıb.

Seçki kampaniyasının özü də qalmaqallarla müşayiət olunub. Ermənistan mediasında yayılan məlumatlar göstərir ki, seçkiqabağı dövrdə namizədlər arasında qarşılıqlı təhqirlər, kompromat müharibəsi və populist çıxışlar adi hala çevrilib. Bəzi ekspertlər kampaniyanı hətta “siyasi şou” və “təlxəklik yarışması” adlandırıblar.

Diqqət çəkən digər məqam isə müxtəlif siyasi düşərgələrin seçicilərə təsir imkanları ilə bağlı səslənən ittihamlardır. Müxalifət dairələrinin rusiyapərəst qüvvələrin maliyyə resurslarından istifadə etdiyi iddia edilir. Hakimiyyət əleyhdarları isə əksinə, Paşinyan komandasının Qərbdən aldığı siyasi dəstəyin seçki prosesinə təsir göstərdiyini bildirirlər.

Bütün bunların fonunda diqqət çəkən əsas məsələ Avropa institutlarının və beynəlxalq təşkilatların nümayiş etdirdiyi səssizlikdir. Adətən region ölkələrində keçirilən seçkilərlə bağlı ən xırda hadisəyə belə sərt bəyanatlar verən bəzi dairələr Ermənistanda baş verən çoxsaylı pozuntular barədə hələlik susmağa üstünlük verirlər.

Ermənistanda seçki: Paşinyan gedərsə, onun yerinə kim gələ bilər? - BBC  News Azərbaycanca

Bu, ilk belə hal deyil. Son illərdə Ermənistan Qərbin geosiyasi maraqları baxımından mühüm tərəfdaşa çevrildikcə, ölkədə baş verən daxili problemlərə münasibətdə daha yumşaq yanaşmanın formalaşdığı barədə fikirlər güclənib. Məhz buna görə də seçki günü qeydə alınan rüşvət faktları, yüzlərlə saxlanılma, təkrar səsvermə cəhdləri və digər qanun pozuntuları fonunda beynəlxalq reaksiyanın zəifliyi İrəvanda demokratiyanın deyil, geosiyasi maraqların müdafiə olunduğunu göstərir.

Ermənistan müxalifəti isə beynəlxalq müşahidəçilərdən obyektiv mövqe gözlədiyini bəyan edib. Onlar bildirirlər ki, ATƏT, Avropa Parlamenti və digər beynəlxalq qurumların müşahidə missiyalarına seçki prosesində qeydə alınan pozuntular barədə materiallar təqdim ediləcək. Bununla belə, artıq indidən bir çox ekspertlər hesab edirlər ki, beynəlxalq qiymətləndirmələrdə siyasi amillər hüquqi və demokratik meyarlardan daha üstün tutulacaq.

Əgər demokratik standartlar universal dəyər hesab olunursa, onda bu standartlar bütün ölkələrə münasibətdə eyni şəkildə tətbiq edilməlidir. Əks halda, demokratiya anlayışı geosiyasi maraqların alətinə çevrilməkdə davam edəcək.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR