İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan xilaskar İrana da arxadan bıçaq sapladı – Tehran ayılacaqmı?

2187 19.09.2022 15:40 Analitika A A

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvan səfərindən ermənilər az qala siyasi ekstaza, eyforik duruma düşdülər. O dərəcədə ki, bircə günün içində xilaskar Rusiya ilə yanaşı, hələ də “nəfəslik” hesab etdikləri xilaskar İranın “bostanı”na da daş atdılar, xəyanətkar hərəkətə yol verdilər. Söhbət Pelosinin İrəvandakı Qəfəsçiyan muzeyinə gedərək “Avarayr döyüşü”nün şəkli qarşısında dayanıb “ermənilərin farslara qarşı necə cəsarətlə savaşması” haqda söylədiklərindən gedir.

Bu, əlbəttə ki, Ermənistanı İrana, erməniləri farslara qarşı qoymaq və neqativ ovqata kökləmək cəhdi idi. Ancaq o da var ki, rəsmi İrəvan Nensi Pelosinin belə bir gedişindən öncədən xəbərdar olmaya bilməzdi. Belə çıxır, Paşinyan hökuməti buna bilə-bilə gedib. ABŞ-ın on illərdir gərgin münasibətlərdə olduğu Tehran rejimi əleyhinə hansısa yeni panlarında Ermənistanın alət, yaxud plasdarm olmağa hazır olduğu mesajını verib. Nəyin qarşılığında? Əsas sual budur.

cc055d22-ff77-3b60-9d02-e735e221fb90_850.jpg (64 KB)

Bu xüsusda erməni analitik Agrişti Kiviryan yazıb ki, Nensi Pelosinin Ermənistana səfərinin əsl məqsədi İranı tam blokadaya almaq və erməniləri İran əleyhinə cəbhəyə cəlb etməkdir. “Nensi Pelosi “Qəfəsçiyan İncəsənət Mərkəzi”nə getdi, Avarayr döyüşünü (451-ci ildə Sasani imperiyası ilə ermənilər arasında baş verdiyi iddia edilən döyüş – red.) əks etdirən rəsmin qarşısında dayandı və ermənilərin farslara qarşı müharibəsindən danışmağa başladı. O zaman beyinsizlərdən soruşmaq lazımdır ki, Pelosi əslində Ermənistana niyə gəlib və səfərinin məqsədləri nədir: hədəf İran, İranın tam blokadaya alınması və ermənilərin anti-İran cəbhəsinə cəlb olunmasıdır”, - deyə o, feysbuk səhifəsində qeyd edib.

İran tərəfindən də Pelosinin Ermənistan ziyarətinə reaksiya verilib. İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani səfərlə bağlı bildirib ki, Güney Qafqaz regionunda gərginliyin və qeyri-sabitliyin artması bölgənin heç bir dövlətinin maraqlarına xidmət etmir.

nasir-kanani.jpg (121 KB)

“Biz gərginliyi qızışdırmağın region ölkələrinin maraqlarına uyğun olduğunu düşünmürük. Çünki regionda sülh və sabitlik iqtisadi inkişaf, ticarət əlaqələrinin və əməkdaşlığın genişləndirilməsi üçün zəruridir. Bu, İslam Respublikasının prinsipial siyasətidir. Bu yanaşmadan kənar hər hansı yanaşmanı təxribat hesab edirik və regionda qeyri-sabitliyi qızışdırmağı qəbul etmirik”, - Kənani deyib.

Ancaq fakt budur ki, Ermənistan artıq İrandan ötrü də etibarsız, təhlükəli tərəfdaş olduğunu əyani ortaya qoyub. Daha dəqiqi, Ermənistan indi də ABŞ-a satılmağa qərar verib. Bu mənada İran XİN-i yayğın və ünvansız bəyanat verməkdənsə, yaxşı olar yeni gəlişməyə diqqət etsin, konkret ölkə adı çəksin.

Təzə gəlişmə isə bundan ibarətdir ki, prezident İbrahim Rəisinin təriflədiyi və qoruduğu Ermənistan faktiki İran milli maraqlarını satmağa və regionda ABŞ-ın proksisi kimi fəaliyyətə başlayıb – özünün bütün mümkün nəticələri ilə birgə. O sırada Ermənistanın ABŞ-la hərbi əməkdaşlığı inkişaf etdirməyə başlaması da diqqət çəkməyə bilməz. Təsadüfi deyil ki, Pelosi İrəvanda müdafiə naziri Suren Papikyanla da görüşdü.

169595.jpg (35 KB)

Bir müddət öncə isə Papikyan özü ABŞ-da çoxgünlük səfərdə olmuşdu. Aydındır ki, o, Amerikaya gəzməyə getməmişdi.

Ermənistana ABŞ silahlarının verilməsi həmçinin Pelosinin İrəvan səfəri zamanı diqqətdə saxlanıldı. Halbuki Nensi Pelosi ABŞ-da qanunverici qurumu təmsil edir, hərbi sferanı, Pentaqonu yox. İkinci yandan, bəllidir ki, bahalı ABŞ silah-sursatını almağa yoxsul Ermənistanın yetərli maliyyə resursu yoxdur. Deməli, həmin silahlar Ermənistana veriləcəksə belə, nəyinsə qarşılığında, o cümlədən həm də İrəvanın İran əleyhinə planlarında yer almasının əvəzində veriləcək.

O İran ki, 30 ildə işğala məruz qalmış müsəlman, dindaş (şiə) Azərbaycanın yox, müsəlmanları öz yurd-yerlərindən didərgin salan, Xocalı soyqırımı törədən, ərazimizdə etnik təmizləmə aparan, şəhər-kəndlərimizi viran qoyan təcavüzkar Ermənistanın yanında yer alıb, işğalçının ayaqda durması üçün nələr etməyib. Bu da reallıqdır ki, əgər qardaş Türkiyə kimi İran da işğalçı Ermənistanla öz sərhədlərini bağlasaydı, Qarabağ məsələsi çoxdan, dinc yolla həllini tapar, 44 günlük müharibəyə də ehtiyac qalmazdı.

Amma qonşu İran Ermənistan rəhbərlərinin etiraf etdiyi kimi, 30 il işğalçı ölkə üçün yeganə “nəfəslik” rolunu oynadı. Bununla da erməni vandallarının ərazimizi daha rahat talamasına şərait yaratdı. Bu da “mükafatı”. Odur ki, daha bir sual yaranır: görəsən Tehran üçün erməni xəyanətkarlığından nəticə çıxarmaq zamanı çatmadımı?..

Siyasət şöbəsi,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR