İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan və Rusiyanın bitməyən “KTMT missiyası” oyunu - Moskvada zərərli müzakirə...

1121 31.03.2023 09:03 Siyasət A A

Ermənistanın İkinci Qarabağ savaşında, habelə 2022-ci ilin payızında törətdiyi sərhəd təxribatları zamanı KTMT missiyasını bölgəyə cəlb etmək arzusu gözündə qaldı.

Ermənistan bundan qeyzləndi, KTMT-yə qarşı bəyanatlar da səsləndi, hətta İrəvanda bu qurumdan çıxmaq barədə çağırışlar da səsləndi. Ancaq proseslərin gedişi göstərir ki, KTMT qüvvələrinin hər hansı bir formada Ermənistan-Azərbaycan sərhədinə soxulması yönündə həm İrəvanın, həm də Kremlin məkrli, ikibaşlı oyunları bitmir. Xüsusilə Ermənistanla sərhədə Aİ-nin missiyası gəldikdən sonra KTMT-nin də missiyasının bura yerləşdirilməsi məsələsi bir neçə dəfə gündəmə gətirilib. Növbəti dəfə belə bir müzakirə martın 29-da Moskvada açılıb. “Moskva "Kim haradan çıxır?" mövzusunda zərərli müzakirələrin bitəcəyinə ümid edir".

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RTVI-yə müsahibəsində Ermənistanın KTMT ilə münasibətlərinə dair suala cavabında bildirib. Mixail Qaluzin qeyd edib ki, KTMT çərçivəsində İrəvanla qarşılıqlı fəaliyyətin bütün məsələləri, o cümlədən təşkilatın Ermənistan ərazisində müşahidə missiyasının yerləşdirilməsi konstruktiv və qarşılıqlı faydalı əsasda həll olunacaq. “Ermənistan tərəfinin narahatlıqları KTMT-də mövcud olan qarşılıqlı fəaliyyət formatları çərçivəsində - Daimi Şuranın iclaslarından tutmuş Kollektiv Təhlükəsizlik Şurasına qədər müzakirə olunur. Biz öz tərəfimizdən KTMT-nin missiyasını Ermənistan-Azərbaycan sərhədində yerləşdirməyə hazır olduğumuzu bir daha təsdiq edirik”, - rusiyalı diplomat vurğulayıb.

KTMT missiyasının Ermənistan-Azərbaycan sərhədinə yerləşdirilməsi üçün Rusiya niyə belə canfəşanlıq edir? Bu, Avropa və Qərblə nüfuz savaşıdır, yoxsa Kreml missiya adı altında Cənubi Qafqaza daha bir hərbi kontingentini yerləşdirmək istəyir?

Azər Badamov haqqında yayılan xəbəri təkzib etdi: “Mən səsvermədə iştirak  etmişəm”

Azər Badamov: “Azərbaycanın istəyinə uyğun olmayan bir qərarın qəbul olunacağını düşünmürəm”

Deputat Azər Badamov KTMT-də belə bir qərarın qəbul olunacağını düşünmür: “Ermənistan Rusiya ilə Qərbin nüfuz uğrunda savaş meydançasına çevrilib. Azərbaycanla sərhədə Ermənistana Avropa İttifaqının monitorinq missiyasının yerləşdirilməsi Rusiyanı çox narahat edir. Ermənistan KTMT-dən çıxmaqla bağlı bəyanatlar səsləndirdi və Qərbə yaxınlaşmaq istədi. Nəticədə isə Paşinyan gördü ki, Qərbin Ermənistana  verə biləcəyi ancaq söz dəstəyidir. Ona görə də Paşinyan hakimiyyətinin  Qərbdən hər hansı hərbi dəstəyi gözləmək ümidi heçə endiyinə  görə siyasətini yenidən  Rusiyaya istiqamətləndirib və KTMT-nin hərbi  birləşmələrini sərhədimizə gətirməyə çalışır. Qeyd etmək istəyirəm ki, KTMT birləşmələrini Ermənistanla sərhədimizə gətirmək üçün əvvəlcə Azərbaycanla Ermənistan arasında sərhədlər delimitasiya olunaraq dövlət sərhəd xətti müəyyənləşməlidir. Bu məsələ həll olunmadığından KTMT-nin sərhədə yerləşdirilməsi gələcəyin məsələsi olduğunu hesab edirəm. İkincisi isə KTMT qoşunlarının sərhədimizə yerləşdirilməsi üçün bu təşkilat üzvlərinin kollektiv qərarı olmalıdır. Bu təşkilatın üzvlərinin isə ölkəmizlə dostluq və əməkdaşlıq münasibətləri çox yüksək səviyyədə olduğundan KTMT-də Azərbaycanın istəyinə uyğun olmayan bir qərarın qəbul olunacağını düşünmürəm”.

Asif Nərimanlı yazır...

Asif Nərimanlı: “KTMT-ni iki ölkənin sərhədinə gətirə bilsələr...”

Siyasi analitik Asif Nərimanlı hesab edir ki, KTMT missiyasının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi Rusiyanın bölgəyə dair strateji planının bir hissəsidir: “Birincisi, Avropa İttifaqı missiyasının Ermənistan tərəfindən bölgəyə gətirilməsi Rusiyanı buna qarşı adekvat addım atmağa sövq edir. Çünki Qərb qüvvələri faktiki Rusiyanın təsir dairəsinə nüfuz ediblər və Moskva bunun qarşısını ala bilməsə, zamanla bölgədə təsir imkanları daha da zəifləyəcək. İkincisi, Rusiya bölgədə uzunmüddətli missiya yaratmaq istəyir. 44 günlük müharibəyə qədər Qarabağ münaqişəsi Kremlin Bakı və İrəvanı öz orbitində saxlamaq üçün istifadə etdiyi kart idi. Müharibə nəticəsində Azərbaycan ərazilərini azad etdi və Moskva sülhməramlılarını Qarabağa gətirməklə bu kartı müəyyən qədər əlində saxladı. Lakin ruslar anlayır ki, Qarabağda qalmaq uzunmüddətli ola bilməz. Sülhməramlıların qalma müddəti ilə bağlı konkret vaxt qoyulub, missiyanı uzatmaq üçün Bakıya təzyiq etmək getdikcə çətinləşir, hətta daha beş il uzatsalar belə bir gün Azərbaycan ərazisindən çıxmaq reallığı ilə üzləşəcəklər. Digər tərəfdən, Qarabağda olmaq təkcə Bakıya qarşı təsir rıçaqı yaradır. Çünki Paşinyan hakimiyyəti artıq Qarabağ məsələsindən tədricən əl çəkir və sülh müqaviləsinin imzalanması ilə prosesdən kənarlaşacaq. Belə olanda, Qarabağ məsələsi Bakı və Moskva arasındakı məsələyə çevriləcək ki, bu bir tərəfdən Azərbaycanla münasibətlərə mənfi təsir edir, digər tərəfdən, Ermənistanın Moskva qarşısında mərkəzdənqaçma siyasətində yolunu açır. Rusiyaya Azərbaycan və Ermənistana təsir edə biləcəyi uzunmüddətli problem lazımdır. Sərhəd məsələsi bunun üçün platsdarm rolunu oynaya bilər. KTMT-ni iki ölkənin sərhədinə gətirə bilsələr, Azərbaycan və Ermənistan arasında "hakim" rolunda uzunmüddətli qala biləcəklər. Həm hər iki ölkəyə təsir edə biləcəklər, həm də İrəvanın “qaçışının” qarşısını alacaqlar. Fikrimcə, Moskvanın KTMT missiyasına dair strateji planı bundan ibarətdir".

Ermənistan əmrləri Kremldən deyil, Makronun ofisindən alır" - MƏHƏMMƏD  ƏSƏDULLAZADƏ

Məhəmməd Əsədullazadə: “Rusiya Azərbaycanın Qarabağda prosesləri ələ almasından narahatdır”

MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Rusiya gedən proseslərdən çox narahatdır: “Ermənistanın əsas planı KTMT-dən çıxmaqdır. Baş nazir Nikol Paşinyan İkinci Qarabağ müharibəsindən sonra bu istiqamətdə addımlar ataraq məhz KTMT-nin Ermənistanın maraqlarını nəzərə almadığını vurğulayır. Amma o bu kimi məsələlərdən istifadə edərək, birbaşa Qərbə inteqrasiya siyasətini həyata keçirir. Avropa İttifaqının yarım hərbi müşahidə missiyasının Ermənistana gətirilməsi İrəvanın Rusiyaya tərs silləsi idi. Bununla Paşinyan KTMT-ni Avropa İttifaqının yarım hərbi müşahidə missiyası ilə əvəzlədi. O qeyd edir ki, Qərb Ermənistanın təhlükəsizliyinə cavabdehdir. KTMT bunu bacarmadı. Rusiya belə bir açıqlamanı nüfuzuna zərbə kimi qiymətləndirir. Paşinyanın konkret olaraq əsas məqsədi KTMT-ni Azərbaycanla münaqişəyə cəlb etmək və hərbi qüvvələri birbaşa sərhədə yerləşdirməkdir. Görünür, Rusiya sərhəddə yerləşmək üçün KTMT-dən istifadə etməyi planlaşdırır. Bununla Avropa İttifaqının mövqelərini zəiflətmək istəyir. Ermənistanda Qərblə Rusiya arasında çox ciddi siyasi qarşıdurma yaşanır. Rusiya geri çəkilmək istəmir və Moskvada aparılan danışıqlarda, görünür, Kreml Ermənistanın şərtləri ilə razılaşa bilər. Azərbaycanla sərhəddə KTMT qüvvələri yerləşə bilər. Rusiya Azərbaycanın Qarabağda prosesləri ələ almasından narahatdır. Çalışır ki, Ermənistanla sülhün qarşısını almaq üçün sərhədə KTMT-ni yerləşdirərək, onu təxribatlara getməyə sövq etsin. Bununla da sülh müqaviləsinin bağlanması effektsiz olsun. Rusiya görür ki, Qərb sülh müqaviləsində praqmatik addımlar atır və sülhün əldə edilməsi Rusiyanın regiondan çıxması ilə nəticələnər. Ona görə də əl-ayağa düşərək Ermənistanla sərhəddə ordu yerləşdirməsini planlayır. İlk növbədə Qərb Paşinyana bununla bağlı xəbərdarlıq etməlidir. Çünki Rusiyanın mövqeyi güclənir. Amma Qərb də burada xüsusilə Ermənistanla sərhəddə tam məsuliyyəti üzərinə götürmək istəmir. Baş verənlər göstərir ki, Rusiya yeni oyunlar hazırlayır və bu proses yeni təxribatlara yol aça bilər. Rusiya Qərbin Ermənistanda geosiyasi mövqeyinin güclənməsinə sərt təpki verir. Azərbaycana təzyiq etməklə çalışır ki, Ermənistanı yanında tutsun. Bu da müsbət nəticə verməyəcək”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR