İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan və havadarlarının BMT TŞ həmləsi: bizi nələr gözləyir?

3331 15.08.2023 13:02 Siyasət A A

“Qarabağdakı vəziyyətlə bağlı” təcili iclasın çağırılması məqsədilə BMT Təhlükəsizlik Şurasına müraciət Ermənistanın və bu ölkədən Cənubi Qafqazdakı maraqlarını təmin etmək, mövcud reallıqları dəyişmək üçün istifadə edən geosiyasi qütblərin növbəti həmləsidir.

44 günlük müharibə və postmüharibə dövründə biz bir neçə dəfə bu qəbildən olan həmlələrin şahidi olmuşuq. Bu həmlələrdən birincisi müharibənin dayandırılmasına və artıq tarixin arxivinə göndərilmiş Minsk Qrupu formatını mümkün qədər qoruyub saxlamaqla Ermənistanın daha əlverişli şərtlərlə masa arxasında otuzdurulmasına, Azərbaycana qarşı hüquqi nəticələr doğura biləcək qərarların qəbuluna nail olmaqla işğal amilinin arxa plana keçirilməsi niyyəti güdürdü.

Növbəti həmlə sərhədlərin delimitasiyası prosesində Ermənistanın hərbi-siyasi baxımdan əvvəlki mövqelərinin qorunub saxlanılması, sərhəd bölgəsində müəyyən qədər əlverişli imkanlara malik olması, həmçinin ölkəmizdə yaşayan erməni azlığı ilə bağlı məsələnin beynəlxalq müzakirə predmetinə çevrilməsi üçün əsasların yaradılmasına xidmət edirdi. Məlum olduğu kimi, bütün bu səylər Azərbaycanın diplomatik manevrləri, Qoşulmama Hərakatına üzv ölkələrin dəstəyi nəticəsində iflasa uğradı.

Hazırkı cəhd isə Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni azlığının guya “blokada” vəziyyətində yaşaması, rəsmi Bakının onları ətraf mühitdən təcrid edərək, “humanitar böhran”la üz-üzə qoyması ilə bağlı uzun müddətdir ki, təxribat mexanizmlərinin işə salınması ilə paralel olaraq, aparılan təbliğatın beynəlxalq hüquqi müstəviyə daşınmasına xidmət edir. Məqsəd isə Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin cəmiyyətimizə reinteqrasiya prosesinə mane olmaq, ziddiyyətləri separatçıları dəstəkləməklə dərinləşdirmək, Ermənistanın və separatçıların bu prosesdən üstün tərəf kimi çıxmasını təmin etməklə onların Qarabağda girov saxladıqları erməni azlığının nümayəndələrinə təsir və təzyiq göstərmək inkanlarını artırmaq, prosesə davamlı müdaxilə etmək, istiqamətləndirmək şansı qazanmaqdır. Ermənistanın atəşkəsi pozması da bu prosesin tərkib hissəsidir. Rəsmi İrəvanın həyata keçirdiyi təxribatlar da beynəlxalq ictimai rəyə hərbi qarşıdurmanın başa çatmadığı, münaqişənin davam etdiyi mesajının verilməsinə xidmət edir.

Qənaətimə görə, iclasda nə Ermənistan, nə Fransa, nə də son günlər açıq təxribat yolunu tutan ABŞ-ın əsl niyyətlərinə çatması mümkün olacaq. Ola bilsin ki, hansısa çağırış xarakterli açıqlamalar verilsin. Lakin mövcud geosiyasi reallıqlar fonunda Azərbaycanın ərazi bütövlüyünü şübhə altına ala biləcək hər hansı qərarın verilməsi gözlənilmir.

Hazırda BMT Təhlükəsizlik Şurasının daimi olmayan üzvlərini Albaniya, Braziliya, Qabon, Qana, Malta, Mozambik, Birləşmiş Ərəb Əmirlikləri, İsveçrə, Ekvador və Yaponiya təşkil edir. Qabon, Qana, Mozambik, Birləşmiş Ərəb Əmirlikləri, Ekvador Qoşulmama Hərəkatının üzvləridir. Albaniya dost, qardaş ölkədir və hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Yaponiya Azərbaycanın BMT TŞ-yə qeyri-daimi üzvlüyünü dəstəkləyən ölkələrdən biridir və Bakı ilə Tokio arasında yüksək səviyyəli tərəfdaşlıq münasibətləri var. Mənzərə göz qabağındadır. BMT Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzvlərinin siyahısı burada ölkəmizin haqlı mövqeyinə qarşı hər hansı bir qərarın qəbul edilməyəcəyini söyləməyə əsas verir.

elcin.jpg (272 KB)

Elçin Mirzəbəyli, Əməkdar jurnalist

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR